Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

11.07.18, 7:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu yaxınlarda Türkiyənin Malatya şəhərində Onur Albayraq adlı fotoqrafın toy fotosessiyası zamanı gəlinin 15 yaşında olduğunu öyrənəndən sonra çəkilişdən imtina etməsi geniş rezonans doğurdu. Bəy fotoqrafdan razılaşmaya əsasən foto çəkməsini tələb edib. Gəlinin azyaşlı olduğunu əsas gətirərək buna etiraz edən fotoqrafla bəy arasında mübahisə düşüb, əlbəyaxa dava zamanı bəyin burnu sınıb. Onur Albayraq sosial şəbəkələrdə “Təəssüf ki, belə bir hadisə baş verib. Kaş ki, olmasaydı. Bir daha baş versə, eyni cür hərəkət edəcəyəm. Mənim gözümdə “uşaq gəlin” uşaqların istismarı deməkdir. Heç bir qüvvə mənə o uşağın gəlinlikdə fotosunu çəkdirə bilməz. Uşaqların saçına duvaq taxılmaz, güllərlə bəzədilmiş tac taxılar”, - deyə fikirlərinə aydınlıq gətirib.

“Uşaqların saçına duvaq yox, güllərlə bəzədilmiş tac taxılar”

Bu hadisə uşaq və gənclərin fiziki və mənəvi inkişafında problem yaradan azyaşlı qızların erkən evliliyinə sıravi vətəndaşın etirazıdır. Azərbaycanda belə faktlar yetərincədir. Xüsusilə regionların bir qismində 9-cu sinfi bitirən qız uşaqlarını valideynləri daha məktəbə göndərməyə tələsmir və qapıya gələn ilk elçiyə “hə” deməklə övladlarını sanki oda atırlar. Bir çox ailələrin qız uşaqlarına yük kimi baxmasının nəticəsində erkən evliliklər və boşanma hallarının çoxalması müşahidə edilir.

Uşaqlığını yaşaya bilməyən qızlar

Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Təəssüflər olsun ki, erkən nikah Azərbaycanda da aktual problemlərdən biri olaraq qalmaqdadır. UNİCEF-in açıqlamasına əsasən Azərbaycanda bir il ərzində təxminən 15 yaşına çatmayan beş minə qədər qız ailə qurur. Mütəxəssislərin fikrincə, hər bir yaş dövrünün özünə məxsus fəaliyyət növü vardır: uşaqlıqda oyun, yeniyetməlikdə peşə seçimi, gənclikdə karyera planlama, yetkinlik yaşında peşə fəaliyyəti və ailə qurmaq xarakterikdir. Bütün bu mərhələlərdən keçərək xanımlar cəmiyyətdə inkişaf edib, yerini tapa bilirlər. Uşaq ikən nikaha daxil olmağın həm psixoloji, həm də fizioloji təsirləri, fəsadları var. Təhsil alma yaşında olan bir qız ailə qurma]a məcbur edilirsə, bu onun psixoloji travma almasına və gələcəkdə zəif, mövqesiz insana çevrilməsinə səbəb olur. Digər tərəfdən təhsil və maarifləndirilmə baxımından xanımların erkən nikaha daxil olması onların bütün gələcək, təhsil və sair planlarına bəzən son qoya bilir. Məktəbdə təhsil almaq əvəzinə ər evində oturan qızlar həyat yoldaşı, gəlin, bir müddətdən sonra ana obrazına bürünürlər. Özü hələ yeniyetmə olduğundan tərbiyələndirilməyə, istiqamətləndirilməyə ehtiyac duyan biri körpəsinə necə tərbiyə verəcək?
“Təmiz Dünya” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova hesab edir ki, orta məktəbdən başlayaraq uşaqlar hüquqları barədə məlumatlandırılmalıdır: “Məktəblərdə maarifləndirmə işləri sürətləndirilməli, erkən nikahların qarşısını almaq üçün təhsil müəssisələrində monitorinqlərin aparılması üçün imkan yaradılmalı, regional işçi qrupları olmalıdır. Bu prosesdə bələdiyyələr, QHT-lər, icra nümayəndələri, eləcə də polis də iştirak etməlidir. Uşaqlara hüquqları pozularkən hara zəng edə biləcəkləri deyilməli, “Qaynar xətlər”dən istifadə qaydaları öyrədilməlidir. Ötən illərdə müşahidə elədiyim məsələlərdən biri də bu idi ki, insan alverinin qurbanlarının əksəriyyəti erkən nikah qurbanları idi”.
Hər bir uşaq və ya gəncin sağlam mühitdə yaşamaq haqqı var. Bu haqq onlara dövlət tərəfindən tanınıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur. Hələ 1992-ci ildə Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında” qanunu qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları təsdiqlənib və icra edilib. Gənclərin mənəvi-fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul olunub. Gənclərlə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə irəliləyişə gətirib çıxarıb.

İlham Zəkiyev: “Mənəvi dəstək, ilk növbədə, ailədən gəlməlidir”

İdman ölkəsi kimi tanınan Azərbaycanda demək olar ki, hər bir bölgəsində olimpiya kompleksi, idman mərkəzi fəaliyyət göstərir. Ölkədə hətta fiziki məhdudiyyətli uşaqların idmanla məşğul olması üçün mərkəzlər istifadədədir. İkiqat dünya çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyevin fikrincə, idmanla məşğuliyyət hər bir fiziki məhdudiyyətli şəxsin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır: “Amma təkcə idmanla iş bitmir. Evdə və ətrafda da insanlar dəstəklərini əsirgəməməlidirlər. Mənəvi dəstək, ilk növbədə, ailədən gəlməlidir. Biz də üzərimizə düşən məsələlərdə gücümüz çatan dəstəyi göstərməliyik”.
Lakin bəzi yeniyetmələr bir çox səbəblərdən öz potensiallarını ya həyata keçirə bilmir, ya da başqa sahələrə yönəldirlər. Bu gün cəmiyyətimizin əsas problemlərindən biri gənclərlə yanaşı uşaqların da internetdən asılı olmasıdır. Normadan artıq internetdə vaxt keçirən uşaqda həm fiziki, həm psixoloji problemlərin fəsadları özünü sonradan göstərir. Dünyanın müxtəlif ölkələrindən olan uşaq sağlamlığı üzrə 100-dən çox ekspert Facebook şirkətinə məktub yazaraq 13 yaşına çatmamış uşaqlar üçün nəzərdə tutulan smartfon tətbiqinin geri çağırılmasını xahiş edib. Facebook sosial şəbəkəsinin qurucusu Mark Zükerberqə ünvanlanmış açıq məktubda müraciət müəllifləri “Messenger Kids” adlı tətbiqi azyaşlı uşaqları Facebook-dan istifadə etməyə şirnikləşdirən “məsuliyyətsiz” cəhd kimi qiymətləndiriblər.
Uşaq ekspertləri keçirilmiş tədqiqatların nəticəsində elektron cihazlardan aşırı istifadənin uşaq və yeniyetmələr üçün zərərli olduğunu, həmçinin sosial mediada vaxt keçirən uşaqların depressiyaya məruz qalmaq riskinin daha yüksək olduğunu qeyd ediblər.

Bu oyun ailələrin qorxulu yuxusuna çevrilib

Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən “Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Rusiyada 2015-cil ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 yeniyetmənin bu oyunun təsirindən intihar etdiyi məlum olub. “Mavi balina” artıq 2 ildən çoxdur ki, ölkəmizdə də virus kimi yayılmağa başlayıb. Bir müddət öncə Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə 6-cı sinif şagirdinin qolunda anlaşılmaz sıyrıqlar aşkar edildi. İddialara görə, həmin şagirdlər “Mavi balina” adlı uşaqlar və yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Şamaxının Xilmilli kəndində 16 yaşlı yeniyetmə ilə yanaşı, Ağdaş rayonu Ləki qəsəbəsində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.

SOS: “Şagirdlər kütləvi şəkildə internet klublara üz tutur”

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə şagirdlərin asudə vaxtlarının səmərəli istifadə olunması ilə bağlı ciddi problemlər var. Məhz buna görə də, məktəblilər arasında psixoloji cəhətdən problemləri olan, intihara cəhd edən şagirdlərin sayı artır: “Təkcə bu oyun təhlükə mənbəyi deyil. Xoşagəlməz məsələ odur ki, bu gün məktəblərin yaxınlığında kompüter oyunları olan obyektlər fəaliyyət göstərir. Kiçik bir araşdırmamızdan sonra ortaya xoşagəlməz mənzərə çıxdı. Belə ki, şagirdlər 5-6-cı dərsdən sonra kütləvi şəkildə həmin internet klublara, kompüter oyunları olan məntəqələrə üz tuturlar. Onların bu məntəqələrdə oynadığı oyunlar kifayət qədər təhlükəli oyunlardır. Uşaqlar “silahlı”, vəhşi görünüşlü, qorxunc səslənən oyunlar oynayırlar. Biz uzun müddətdir çalışırıq ki, dərslik və tədris materiallarında şiddətli, düşmənçilik ruhunu aşılayan informasiyalar yer almasın, lakin şagirdlər dərsdən sonra bu tipli yerlərə getməklə özlərinin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmayan informasiya ilə yüklənmiş olurlar. Bu da onların gələcəyi üçün çox təhlükəlidir”.
Ekspert hesab edir ki, şagirdlərin məktəbdən kənar fəaliyyəti də məktəb direktorunun nəzarətində olmalıdır.


Komitədən həyəcan təbili
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva qeyd edib ki, uşaqların internet və gecə klublarına, erkən yaşda nikaha, müxtəlif zərərli dini cərəyanlara cəlb edilməsi ciddi problemdir. Onun sözlərinə görə, bu sahədə hazırda daha çox diqqət yetirilən məsələlər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasıdır.
Aynur Sofiyevanın sözlərinə görə, informasiya kommunikasiyalarının inkişafının müsbət təsirləri ilə yanaşı, zərərləri də var: “Dünyada internetdən istifadə edən istifadəçilərin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir. İnternet asılılığı uşaqlarda vətənpərvərlik və digər mənəvi hissləri arxa plana keçirir. Bu isə sonralar həmin uşaqların ailə məsələlərinə çox ciddi təsir göstərir. Buna görə də bu istiqamətdə ən vacib işlərdən biri maarifləndirmənin aparılmasıdır. Bununla bağlı müəyyən video çarxlar, çap məhsulları hazırlanmalıdır”.
Tarixən Azərbaycan xalq oyunları xalqın yaşam tərzini, təfəkkürünü, adət-ənənəsinin özündə yaşatmaqla yanaşı, eyni zamanda uşaqlarda fiziki, zehni gücün artırılmasında, vaxtlarının səmərəli keçməsində böyük əhəmiyyətə malikdir. Uşaqlarda xalq oyunlarına maraq oyatmaq, onları mobil telefonlarda zərərli animasiyalardan uzaqlaşdırmaq məqsədilə zaman-zaman milli oyunlarımız səhnələşdirilir və bu, getdikcə effekt verməyə başlayıb.


Nərgiz Cavadzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.

Bu xəbər oxundu
- - -