Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Köçəryanın cinayətləri həddindən artıq çoxdur”

11.07.18, 8:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta bilər”.
Bunu açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Ermənistanda Köçəryanla bağlı irəli sürülən iddiaların kifayət qədər əsaslı olduğunu vurğulayıb:“Bunlardan birincisi 2008-ci il 1 martda Serj Səkisyanın prezident seçilməsinə etiraz edən İrəvan əhalisinin nəinki Ermənistanın xüsusi təyinatlıları, hətta Rusiyadan çağırılmış “Alfa” qrupunun köməyi ilə gülləbaran edilməsidir. Rəsmi qaynaqlarda 11 nəfər göstərilsə də, mitinqlərdə 31 nəfərin həlak olduğu, 300-ə qədər adamın ağır xəsarətlər aldığı iddia edilir. Ermənistan Xüsusi İstintaq Komitəsi bununla yanaşı, həmin dövrdə mitinqçilərə qarşı güc tətbiq edilməsinə ehtiyacın olub-olmamasını, hər iki halda bu əmrin kim tərəfindən verilməsini, ikinci bir ölkənin prosesə qoşulması məsələlərini də ortaya çıxaracaq. Təbii ki, burada söhbət ilk növbədə Rusiyadan gedir. Ümumiyyətlə, mitinqlərdə xəsarət alanlara qarşı dövlət tərəfindən yardımın edilib-edilməməsi də müəyyən ediləcək. Fikrimcə, həmin dövrdə insanlara qarşı münasibət kifayət qədər qəddar olub”.
Politoloq qeyd edib ki, 1 mart 2008 və 27 oktyabr 1999-cu il parlament teraktını törədənlərin Köçəryan tərəfindən təlimatlandırılması faktı təsdiq olunarsa, bu, onun sonu olacaq:“Köçəryanın cinayətləri həddindən artıq çoxdur. Onun rüşvət və korrupsiya ilə bağlı əməlləri həm Ermənistan xalqına, həm də dövlət orqanlarına məlumdur. Köçəryan haqqında kifayət qədər qalmaqallı istintaq və məhkəmə prosesi baş tuta, onun toxunulmazlıq hüququ parlament tərəfindən qaldırıla və nəticədə o, həbs edilə bilər. Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxsin həbsinin gerçəkləşməsi böyük bir hadisə olsa da, onun xalqımıza qarşı törətdiyi cinayətlərin istintaqa cəlb edilməməsi erməni şovinizminin əyani sübutudur”.
Qeyd edək ki, bir müddət öncə erməni mətbuatı Ermənistanın eks-prezidenti Robert Köçəryanın 25 iyulda Xüsusi İstintaq Komitəsinə çağırılacağı və burada “1 mart qırğını” cinayət işi üzrə şahid kimi dindiriləcəyi haqqında məlumat yayıb.
Köçəryan isə Ermənistanda 1 mart hadisələri zamanı tətbiq edilən zorakılıq haqqında əmrin prezident yox, müdafiə naziri tərəfindən verildiyini bildirib.

Bu xəbər oxundu
- - -