Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təbriz aşıq məktəbi

12.07.18, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Xalq Cəbhəsi" qəzeti mərhum professor Azad Nəbiyevin Güney Azərbaycanda aşıq sənəti ilə bağlı araşdırma yazısını təqdim edir

3-cü yazı

XVII əsrin aşıq poeziyası üçün ənənəvi yaradıcılıq şifahi poeziyadakı bir sıra təriqət görüşlərini süzgəcdən keçirib cilaladı. Aşıq yaradıcılığının ozançılıq zəminində formalaşan ənənələrini qəti şəkildə yekunlaşdırdı. Bütün bu kimi dəyərləri özündə əks etdirən sənətkarlardan biri də Aşıq Abdulla - Sarı Aşıq (1603-1635) oldu.Sarı Aşıq ilk gənclik illərinə qədər Təbriz aşıq məktəbinin sazlı-sözlü Qaradağ mühitində yaşayıb, uğursuz butasının arxasınca Qarabağa gəlib və əbədi bu torpaqda uyumalı olub. Amma buna baxmayaraq, Sarı Aşığı heç cür Təbriz aşıq məktəbindən qoparıb Göyçə məktəbinin Qaradağ mühitinə bağlamaq mümkün deyil. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi, aşıq Qaradağ mühitində boya- başa çatmış, butalanmış, qırx gün «Yaxşı» deyib çalıb-çağırdıqdan sonra butasının arxasınca Qarabağa yola düşür... Sarı Aşıq dövrünün ustad sənətkarı kimi Əzizi, Əmani bayatısını həm forma, həm də məzmun cəhətdən zənginləşdirib. Ondan sonra da bayatı yaradıcılığı davam etdirilib, onun yaratdığı nümunələrin böyük qismi zəngin bayatı nəhrində üslubunu, məzmununu, deyim tərzini dəyişib başqalaşıb, el variantları ilə qaynayıb qarışıb. Ona görə də bu gün yaradıcılıqda Sarı Aşığın bayatılarını seçib ayırmaq, dürüstləşdirmək mümkün deyil. Onların bir çoxu şifahi nitqdə yeddi-səkkizinci repertuar həyatını yaşayır. Bütün bu nümunələr, xüsusilə sonuncu yüzillikdə ilkinlik deyim formasından qopub Sarı Aşıq faciəsinin baş verdiyi coğrafi ərazinin adı ilə bağlanmışdır. Aşığın «Yaxşı-Yaman» (Məhəbbət dastanları, Bakı,1977, s.125-147) dastanı da elə bu mərhələdə meydana gəlib, XVII əsrin aşıq repertuarına daxil olub. Sarı Aşığın yaradıcılığı sonrakı mərhələdə də sürətlə xalq qaynaqları ilə qaynayıb qarışmışdır. Ona görə də bu gün aşığa məxsus nümunələri seçib qorumaq və xalqın bayatı yaradıcılığından fərqləndirmək çox vacibdir. Sarı Aşığın bayatı yaradıcılığı üç mərhələdə yaranmış və aşığın həyatının müxtəlif dövrlərininin mərhələlərini əks etdirir. Birinci mərhələ - Aşiğa Yaxsının buta verilməsi, onun butasının arxasınca gəlmə və onu tapması dövrünü əhatə edir. İkinci mərhələ Yaxsını tapıb onunla sevişdiyi, üçüncü mərhələ isə Yaxsının vəfatından sonrakı dövrdür. Şəxsi həyatındakı uğursuz sevgidən doğan kədər Abdulla Qaradağlını Sarı Aşığa, söz qoşub saz çalan sənətkardan haqq aşığına, böyük bayatı ustasına çevirmişdir. Aşıq Abdulla XVII əsr Təbriz məktəbinin müxtəlif xalq şeiri şəkillərində söz qoşan sənətkarı kimi tanınıb. Onun bir sıra qoşma, gəraylı və təcnisləri də xalq arasında yayılıb. Onların bir çox seçmə nümunələrini vaxtilə Salman Mumtaz çap edib (S.Mümtaz. El şairləri, Bakı,1935, s.137-147). Bu şeirlərin demək olar ki, əksəriyyəti Aşığın yaradıcılığının ikinci dövrünə aiddir. Həmin nümunələrdə də Yaxsı sevdası özünü başlıca motiv kimi göstərir. Bu baxımdan aşığın «Yetişdi», «A Yaxşı», «Var», «Gözlərin», «Gəlmədin» və başqa şeirləri maraq doğurur. Onların bir qismində aşığın həyatı ilə bağlı avtobioqrafik məlumatlarla yanaşı, Yaxsı ilə sevgisinin müəyyən cəhətləri də özünü əks etdirir.
Aşığın bu şeirləri göstərir ki, Sarı Aşıq hələ xalq şeirinin XVI əsrin anadilli ənənələrini davam etdirmişdir. İstər istifadə etdiyi şeir şəkillərində yazdığı qoşma və gözəlləmələr, istərsə də təcnis və gəraylılar sənətkarın orta əsrin Təbriz ədəbi mühiti üçün ənənəvi olan ölçü və qəliblərinin, təşbeh və bənzətmələrin, eləcə də ədəbi dil normalarının təsiri altında olduğunu göstərir. Bu nümunələr eyni zamanda aşığın yaşadığı dövrün, ədəbi ənənələrini araşdırmağa imkanlar açır. Bizcə bu, Aşığın yaradıcılığının birinci dövrünə məxsus idi. Yaxşını tapıb butasına qovuşması onu yeddi hecalı şeirin klassik ənənələrini qaytardı və bu şeir şəklini xalq arasında geniş yayılan bir forma kimi şöhrətləndirdi. İlk öncə Aşıq bayatını qəti şəkildə dörd misra qəlibindlə qəliblədi. Öz sələfləri Əzizi, Əmani ənənələrini yeni mərhələyə yüksəltməklə yeddi hecalı bu şeir şəklinin həm formasına, məzmununa, həm də ifadə çalarlarına silsilə yeniliklər gətirdi. O, bayatıya təzə deyim tərzi, psixoloji məqamın əksi, insan gözü qarşısında həyat faktının bədii təcəssümünün heyrətamiz gözəlliklərinin ifadəsini gətirdi. Sarı Aşıq bayatıda ritmik səslər və poetik səs komplekslərinin çoxmənalı cinas qafiyələrinin, dolğun ictimai məz¬munun əsasını qoydu. O, bayatılara elə bir poetiklik gətirdi ki, burada forma ilə məzmün gözəlliyi çarpazlaşdı.
Sarı Aşığın bayatılarının bir qismi avtobioqrafik səciyyə daşıyır. Həmin nümunələrdə bu və ya digər şəkildə aşığın həyatının, sevgi macarasının bir cəhəti, detalı, yaxud məlum bir obrazı xatırlanır. Belə bayatılardan birində isə aşıq klassik poeziya ənənələrinə uyğun olaraq üzünü sevdiyi gözəlin ayağı altında payəndaz olmasını, üzünün həmişə onun ayağı altında qalması üçün tərsinə dəfn olunmasını vəsiyyət edib. Sonrakı illərdə müasirləri aşığın xatirəsini onun bayatıları əsasında qoşub düzdükləri «Yaxşı və Yaman» dastanında əbədiləş¬diriblər (Məhəbbət dastanları, Bakı, 1977, s.172-195).
«... Aşıqlar onun üslubunda bayatı deməyə və yazmağa çalış¬mışlar. Mədədi, Məzlum, Məhbub, Hüseyni, Salih, Bikəs, Məhzun, Müştaq, hətta XIX əsrdə Zakir kimi sənətkarlar da aşıq tərzində bayatı yazıblar» (H.Araslı. Azərbaycan ədəbiyyatı tarixi və problemləri, Bakı, 1998, s.58).
XVII əsrdə Sarı Aşıqdan sonra Təbriz məktəbi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə Azərbaycanın siyasi və mədəni həyatında böyük dəyişikliklər baş vermişdi. Xüsusilə XVII əsrin sonuna yaxın Şah Abbasın hakimiyyətə gəlməsi (1587-1629) ölkədə iqtisadi və siyasi vəziyyəti daha da ağırlaşdırdı. Şah Abbas hakimiyyətə gəlməklə Səfəvi dövlətindən miras qalan azərbaycançılıq ənənələrini sürətlə pozmağa, ölkəni müharibələr girdabına çevirməyə, fars dilinin sarayda olduğu kimi, butun ölkədə hakim mövqeyə keçirməyə başladı. Azərbaycan xalqının qədimdən məlum zəngin mədəniyyətinə, dilinə qarşı fars təsiri güclənməyə, saray idarəçiliyi farsların əlinə keçməyə başladı. Ölkənin paytaxtı Təbrizdən İsfahana köçürüldü, burada şahın adı ilə bağlı salınmış Abbasabadın qısa müddətdə şöhrətlənməsi üçün geniş miqyaslı tədbirlər həyata keçirilməyə başladı. Xalq ölkədə uzun illərdən bəri davam edən müharibələrə, aclıq, qıtlıq və yoxsulluğa etiraz etməyə başladı. Getdikcə özbaşınalıq, dərəbəylik hökm sürməyə, xalqın bütün bu kimi dözülməz həyat şəraitinə etirazı güclənməyə başladı. Təbriz aşıq şeirində də ağır həyat şəraitinə etiraz özünü göstərməyə başladı. Din xadimlərinin, mollaların, qazilərin xalqın başına gətirdikləri ədalətsizliklər aşıq şeirində özünü güclü şəkildə əks etdirdi. Dini təriqətlərdən, islami görüşlərdən, eləcə də sufi dəyərlərindən aşıq şeiri sürətlə uzaqlaşmağa başladı. Azad məhəbbətin, təmiz duyğuların aşıq şeirinə gəlişi özünü daha fəal nəzərə çarpdırdı. Cəmiyyətin özbaşınalıqlarına, din xadimlərinin riyakarlıqlarına, şah idarə üsuluna, qadın hüquqsuzluğuna, insan kölələyinə qarşı yüksələn və genişlənən etiraz ilk növbədə aşıq yaradıcılığında özünü göstərdi.
Təbriz aşıq məktəbi həmən dövrdə Aşıq Abbas Tufarqan- lının (1585-1650) şəxsində özünün qüdrətli sənətkarını yetirdi. Aşıq Abbas XVII əsr Azərbaycan aşıq şeirində sənətkarlıq baxımından mühüm yaradıcılıq ənənələrinin əsasını qoyub. O, Qurbanı ilə yüksələn aşıq şeirinə qabaqcıl dünyagörüş, ictimai məzmun gətirdi. Dövrün ədalətsizliklərinə etirazı yeni bir mərhələyə yüksəltdi. Onu həm məzmun, həm də sənətkarlıq baxımından təkmilləşdirdi. Aşıq yaradıcılığında hələ XVI əsrdən özünü göstərən oyanışı hərəkətə gətirdi və Azərbaycan aşıq poeziyasını intibah yoluna çıxardı. Təbriz aşıq məktəbi bu dövrdə ifaçılıq və dastançılıq istiqamətində mühüm uğurlar əldə etdi, bir çox dastanlar aşıq repertuarına gəldi. Aşıq yaradıcılığı Abbas Tufarqanlının yaradıcılığı ilə cəmiyyət daxilindəki aparıcı nüfuzunu bərpa elədi, ozanın tarixən həyata keçirdiyi funksiyaları üzərinə götürdü. Cəmiyyət həyatında baş verən bütün ziddiyyət və təzadların geniş spektirini özündə əks etdirə bildi. Bu dövr aşıq yaradıcılığının mühüm və başlıca cəhəti milli həyatı bütün təzadları ilə, realistcəsinə əks etdirməsində, milləti qəflət yuxusundan oyadıb, zülmə və zülmkarlara qarşı mübarizəyə səsləməsində idi. Bu mərhələdə aşıq yaradıcılığı sürətlə islami dəyərlərdən, təriqət görüşlərindən, eləcə də hürufi və sufi baxışlardan uzaqlaşmağa başladı. Aşıq poeziyasında riyakar və harın din xadimlərinin tənqidi özünü əks etdirdi. Aşıq yaradıcılığı bütün bu kimi keyfiyətləri ilə ictimai fikirdə yaranan intbahrn əsasını qoydu. Bu ənənələri sonrakı mərhələdə Təbriz aşıq məktəbi ləyaqətlə davam və inkişaf etdirdi.
Aşıq Abbas Tufarqanlı milli düşüncədə bir cerviliş yaratdığı kimi, Azərbaycan danışıq dilinin inkişafında, bu dilin geniş poetik imkanlarının üzə çıxarılmasında mühüm rol oynadı. Həmin ənənələr üzərində inkişaf edən XVIII əsr aşıq poeziyası sonralar aşıq yaradıcılığındakı ənənəvi ölçü və qəlibləri davam etdirməklə onu yeni şəkli gözəlliklərlə zənginləşdirdi. XVIII əsrdə Təbriz aşıq məktəbinin başqa görkəmli davamçılarından biri isə Xəstə Qasım (1720-1779) oldu. O, Təbriz aşıq şeirini sənətkarlıq baxımından yeni mərhələyə yüksəltdi. Azərbaycan dilinin yeni poetik imkanlarını üzə çıxardı, aşıq şeirinə təcnisin yeni tiplərini gətirdi. Poetik ifanı qüdrətli aforistik ifadələr, bənzətmələr, məcazlarla zənginləşdirdi, Qıfılbənd və bağlama şəkillərini işlək formalara çevirdi, onlara dərin fəlsəfi-didaktik məzmun bəxş elədi. Xəstə Qasım qoşma şəklinin yeni formalarını yaratdı.
Xəstə Qasımdan sonra Təbriz aşıq məktəbi yaradıcılıq ənənələrinin aşıq mühitlərində yayılma sürəti səngimədi. Onun yaradıcılıq ənənələri aşıq mühitlərində surətlə yayıldı, bütövlükdə sənətin genişlənməsinə səbəb oldu. Ayrı-ayrı aşıq mühitlərində Aşıq Nemət (XVIII əsrin sonu), Aşıq Məhəmməd (XIX), Aşıq Cəfər (XIX), Aşıq Nəcəf Binisli (XIX-XX), Aşıq Qəşəm (XX) kimi görkəmli sənətkarlar yetişdi. Araşdırmalar göstərir ki, təkcə «Təbriz-Qaradağ aşıq məktəblərində» beş yüz əllidən çox aşıq saz çalıb söz qoşur. Həmin ənənələri davam etdirən qırxa yaxın aşıq Tehranda fəaliyyət göstərir (M.Qasımlı. Göstərilən əsəri, s.228). Yaxud Urmiya aşıq mühitinin Xoy, Maku, Səlmas, Sulduz ocaqları həmin ənənələri davam etdirməkdədir.

Bu xəbər oxundu
- - -