Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dövlət Dəniz Agentliyi ilə ETSN-in birgə işçi qrupu yaradılıb

13.07.18, 14:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində agentliyin direktoru Qüdrət Qurbanovla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü keçirilib.
Görüşdə Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün qarşılıqlı tədbirlərin vacibliyi qeyd olunub, gəmilərdə formalaşan tullantıların idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər gəmilərdə formalaşan döşəməaltı neftli suların, məişət çirkab sularının və müxtəlif tərkibli bərk tullantıların “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun idarə olunması və utilizasiya edilməsi məsələlərini müzakirə ediblər.
Müzakirələr zamanı Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin CleanSeaNet layihəsi çərçivəsində və Dövlət Dəniz Agentliyinin tabeliyində fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin texniki imkanları vasitəsilə peyk görüntüləri əsasında dənizdə neft ləkələrinin aşkar edilməsi, ləkələrin mənbəyinin müəyyən olunması ilə bağlı məlumatların operativ ETSN-ə ötürülməsinin təmin ediləcəyi bildirilib.
Yekun olaraq Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması məqsədilə Dövlət Dəniz Agentliyi ilə ETSN-in mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.
Daha sonra nazir Dövlət Dəniz Agentliyi tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.

Bu xəbər oxundu
- - -