Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın Avropa İttifaqından vizasız rejim alması nonsensdir”

18.07.18, 10:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Çünki Ermənistan Avropa İttifaqı məkanında sərbəst yerdəyişmə azadlığını məhdudlaşdırır”


Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda müharibə qorxusu haqda danışması və orduya hazırlıq əmri verdiyini, hər şeyin nəzarət altında olduğunu bəyan etməsi erməni mediasında birmənalı qarşılanmayıb. Erməni şərhçi Qarnik Qevorqyan Paşinyanın artıq ikinci dəfədir Qarabağla bağlı danışdığına diqqət çəkib: “Paşinyan bu mesajlarla cəmiyyəti sakitləşdirməyə çalışır. Lakin reallıqda Qarabağ cəbhəsində vəziyyət gərgindir. Xüsusilə beynəlxalq platformada da münaqişə ilə bağlı yanaşmalarda təhlükələr hiss olunur. Təhlükə ilk növbədə Rusiyadan gəlir. Ötən ay Rusiya siyasətçiləri və ekspertlərindən ibarət qrup Azərbaycana baş çəkdi və Lələtəpə hündürlüyündə antiermənistan bəyanatlar səsləndirdi. Onlar tezliklə ərazilərin Azərbaycana qaytarılmasını tələb etdilər. Ruslar “Lavrov planı”nı nəzərdə tutur. İyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü. Görüşlə bağlı ATƏT-in Minsk qrupunun bəyanatında ilk dəfə “substantiv danışıqlar” fikri daxil edilib. Bu, Azərbaycanın tələbidir və görünür, beynəlxalq platformada Azərbaycanın tələbləri qəbul edilir”.
Erməni ekspert qeyd edib ki, buna paralel olaraq rusiyalı ekspertlər yaxınlaşan müharibədən bəhs edirlər. “Bu mesajlar Ermənistanın ictimai rəyinə hesablanıb: əgər yeni müharibə istəmirsinizsə, “mərhələli həll variantına” razılaşın, əraziləri qaytarın. Bu, Rusiyanın istədiyi ssenaridir, lakin həmsədrlərin son bəyanatı Qərbin də bu ssenariyə razı olduğunu göstərir. Burada əsas sual Ermənistanın belə vəziyyətdə hansı resurslara malik olmasıdır. Misal üçün, Müdafiə naziri David Tonoyanın silahlı qüvvələrin inkişafı ilə bağlı ötən həftə təqdim etdiyi konsepsiya xəyaldan başqa bir şey deyil. Ümumilikdə dövlət idarəçiliyinin digər sistemlərinin də adekvatlılığı nəzərə çarpan deyil. İndiki halda diplomatiya mühüm əhəmiyyət kəsb edir, hərçənd, diplomatik korpusun beynəlxalq platformada Ermənistanın əleyhinə olan həll planına qarşı hər hansı fəaliyyət göstərdiyi görünmür. 2016-cı ilin “aprel müharibəsi”ndə Ermənistanın dövlət siyasətinin adekvat olmaması məğlubiyyətlə başa çatdı. Ehtimal ki, bu tarixdən dərin nəticələr çıxarılmayıb. Və məlumdur ki, tarixin təkrarlanmaq vərdişi var”, - deyə erməni ekspert vurğulayıb.
Təbii ki, Paşinyanın danışıqlar prosesində konstruktiv mövqe tutacağını hüç kim gözləmirdi. Ermənistanın baş naziri ümumiyyətlə danışıqlar prosesinə zərbə vuran açıqlamalarla yadda qalır, təxribat xarakterli addımlar atır. Bu isə müharibə ehtimalının ön plana çıxması deməkdir. Nikol Paşinyan həmçinin Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak məsələsini də gündəm gətirmişdi. Bu və digər məsələlərlə bağlı Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu danışıb.
Mübariz Əhmədoğlu isə bildirib ki, dinc yolla Dağlıq Qarabağ tənzimlənməsi ətrafında Ermənistan rəhbərliyi şüurlu şəkildə baryerlər yaradıb. Onun sözlərinə görə, bu maneələri aşmaq ilk baxışda problemli görünür: “Əslində heç bir problem yoxdur. Əgər Ermənistan rəhbərliyi danışıqlarda iştirakdan yayınırsa ATƏT-in Minsk Qrupunun əlində onu normal yola gətirmək üçün vasitə yoxdur. Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda birbaşa iştirakı tələbi də tənzimlənmə prosesini yubatmaq üçün hesablanıb. Nikol Paşinyan savadsız olsa da, bu təklifi savadsızlığından irəli sürməyib. O bilir ki, ATƏT-in Minsk Qrupunda qərarlar konsensusla qəbul olunur. Onun təklifinin reallaşması üçün Azərbaycanın razılığı lazımdır. Amma Nikol Paşinyanın Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak təklifi tənzimlənməyə fayda verə bilər. Bu halda Dağlıq Qarabağ azərbaycanlıları da bərabər tərəf kimi danışıqlara qatılmalıdırlar". Politoloq deyib ki, Nikol Paşinyan dinc tənzimlənmədə və demokratik dəyərlərdə səmimidirsə, o halda Paşinyan Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlıı icmalarının arasında dialoqun başlanmasına Ermənistanın əvvəlki rəhbərliyinin qoyduğu qadağanı aradan qaldıracaq: “Beləliklə Nikol Paşinyan Ermənistanın köklü problemləri ilə məşğul olacaq, eyni zamanda Dağlıq Qarabağ tənzimlənməsi prosesi də davam edəcək. Ermənistan və Azərbaycan yalnız Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının əldə etdiyi razılıqları müzakirə edib, qərar qəbul edə bilər". Mərkəz rəhbəri bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlılarının dialoqu günün tələbidir: "ATƏT-in Minsk Qrupu etimadın yaradılması üçün mümkün tədbirlər axtarışındadır. Ən yaxşı mümkün tədbir icmalar arası dialoqdur. Avropa İttifaqı etimad tədbirləri sırasında dəfələrlə Dağlıq Qarabağ erməni və azərbaycanlılarının görüşü istiqamətində cəhdlər edib. Ermənistan buna imkan verməyib. Avropa İttifaqının Ermənistana qarşı mövqeyini yaxşılaşdırmaq istəyən Nikol Paşinyan ilk növbədə Dağlıq Qarabağ məsələsində Avropa İttifaqının təkliflərinə riayət etməlidir. Ermənistan Avropa İttifaqından vizasız rejim tələb edir. Dağlıq Qarabağdan azərbaycanlıları deportasiya edən, Dağlıq Qarabağ azərbaycanlılarının hətta məzarlarının ziyarəti üçün Dağlıq Qarabağa buraxmayan Ermənistan hökumətinin Avropa İttifaqından vizasız rejim alması nonsensdir. Çünki Ermənistan Avropa məkanında sərbəst yerdəyişmə azadlığını məhdudlaşdırır". Mübariz Əhmədoğlu deyir ki, Avropa İttifaqı ilə Ermənistan arasında vizasız rejim barədə mövzu aktuallaşdıqca Azərbaycanın da bu məsələdə mövqeyi irəliləyəcək: "Ona görə Ermənistan indidən Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində sərbəst yerdəyişmə azadlığına qoyduğu məhdudiyyətləri mümkün qədər tez aradan qaldırmalıdır. ATƏTin Minsk Qrupu və Avropa İttifaqı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun qurulması məsələsində pessimistliklərini unutmalıdırlar. Çünki Dağlıq Qarabağ erməniləri Paşinyan hökumətinin razılığı olmadan da Dağlıq Qarabağ azərbaycanlıları ilə dialoqa gedə bilərlər. Dağlıq Qarabağda buna hazır olan ermənilərin sayı hədsiz çoxdur. Sadəcə ATƏT-in Minsk Qrupu və Avropa İttifaqı konkretlik nümayiş etdirməlidir. Bu da sonda Dağlıq Qarabağda sabitliyin yaranmasına gətirib çıxaracaqdır. Beləliklə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində keyfiyyət dəyişikliyi baş verər". Mərkəz rəhbəri hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistanla daha konkret gündəliklə işləməlidir: "Minsk Qrupunun həmsədrləri Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə 4 saatlıq görüşünün təşkilatçısı və iştirakçısı oldular. Bu vaxtadək həmsədrlər ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə də görüşmüşdülər. Beləliklə həmsədrlərin görüşü üçün ayırdığı vaxtının optimal miqdarının 5,5 saat olduğunu demək olar. Həmsədrlərlə xarici işlər nazirləri və XİN rəhbərlərinin bir-biri ilə ünsiyyətdə dil problemi yoxdur. Beləliklə, həmsədrlərin ağır, tər tökən işi göz qabağındadır. Amma hələlik nəticə yoxdur. Ən azı Ermənistan tərəfinin açıqlamalarından bu aydın görünür. Ermənistan xarici işlər naziri Mnasakanyanın fikrincə, 4 saat ona Elmar Məmmmədyarovla tanış olmaq üçün sərf olunub. Nikol Paşinyan ümumiyyətlə "demokratik fontan" vurdu. Guya həmsədrlər görüş zamanı Ermənistanda keçiriləcək Frankofoniya sammitində iştirak etməyi müzakirə və xahiş ediblər. Niyə Azərbaycanı deyil, Ermənistanı deyirik. Çünki Azərbaycanın ATƏT-in Minsk Qrupuna və tənzimlənməyə konseptual və cari yanaşmasında heç bir dəyişiklik baş verməyib. Ermənistan tərəfdə isə dəyişikliklər boldur. Konstitusiya dəyişilib. Yeni konstitusiyaya görə dövlətin başçısı prezident, icra hakimiyyətinin başçısı baş nazirdir. Xarici siyasət məsələlərini də baş nazir müəyyən etməlidir. Azərbaycan konstitusiyasına görə Prezident həm dövlətin, həm icra hakimiyyətinin başçısıdır və xarici siyasəti də o müəyyənləşdirir. Ermənistanda inqilab baş verdi. Zorakı yolla Nikol Paşinyan hakimiyyəti ələ keçirdi. Nikol Paşinyan Ermənistanın lideri olaraq Dağlıq Qarabağ tənzimlənməsində fərqli mövqe, şərt ortalığa qoyur. Onun şərtinin qəbul edilmədiyi bəllidir. Amma Nikol Paşinyan geri çəkilmir. Ermənistanda konstitusiya və dövlət idarəçiliyinin dəyişdirilməsi məqsədyönlü idi. Hədəf Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyində qeyri-müəyyənlik yaratmaq idi. Bu planın müəllifi Serj Sərkisyan hakimiyyətdə qalsaydı haçansa o da süni baş nazir dəyişikliyinə gedəcəkdi. Məqsəd real tənzimlənmədən yayınmaq idi. Ehtimal ki, hadisələrin belə gedişi həmsədrlərə də bəlli idi. Ona görə həmsədrlər Nikol Paşinyanın növbəti addımlarına köklənməməlidir. Bunu dejavyu kimi qəbul etməlidir. Həmsədrlərin Brüssel görüşündən sonra yaydığı bəyanatda "məzmunlu danışıqlarda təkrar iştirak üçün növbəti addımlar və parametrlər barəsində fikir mübadiləsinin aparıldığı, etimadın möhkəmləndirilməsi üçün bir sıra mümkün tədbirlərə baxdıqlarını" bildirdilər". Mərkəz rəhbəri deyib ki, həmsədrlərin bəyanatından Azərbaycan və Ermənistan liderlərinin görüşünün hazırlanmasının aktiv müzakirə mövzusu olduğu aydın görünür: "Əsas məsələ Ermənistanı kimin təmsil edəcəyidir. Nikol Paşinyan statusuna görə Azərbaycan Prezidenti İlham Əliyev səviyyəsində deyil. Parametrlər dedikdə bu problemi həll etmək nəzərdə tutulur. "Bəzi mümkün etimad tədbirləri" adı altında Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoqunun başlanmasının nəzərdə tutulduğunu ehtimal etmək olar. Amma Ermənistanın indiki rəhbərliyinin davranışı həmsədrlərin diplomatik ifadələrinin anlamaq gücündə olmadığını ortalığa qoydu. ATƏT-in Minsk Qrupu Ermənistanda dördüncü liderlə işləyir. Əvvəlki 3 prezidentlə indiki baş nazirin Dağlıq Qarabağ tənzimınməsinə yanaşmaları arasında fərqin olub-olmadığını yaxşı bilirlər. Bu, artıq Minsk Qrupu həmsədrlərinin daha konkret gündəliklə işləməsini imperativə çevirir. Əks-təqdirdə həmsədrlər təkcə özlərini deyil, mənsub olduqları dövlətlərin imicinə xələl gətirəcəklər. Azərbaycan ordusunun fəaliyyətinin qarşısını almaq isə onların gücü daxilində olan məsələ deyil".

Əli

Bu xəbər oxundu
- - -