Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hərraca 151 dövlət əmlakı çıxarılıb

23.07.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən avqustun 21-də keçiriləcək hərraca 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyət, 86-sı kiçik dövlət müəssisəsi, 33-ü qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsidir. Bütün investorlar vaxt itirmədən, təyin olunmuş yerə getmədən də dövlət əmlaklarının özəlləşdirilməsində iştirak edə bilər. Bunu mümkün edən elektron hərrac sistemi seçim, sifariş, iştirak, qeydiyyatdan keçmədən prosesi izləmək prosedurlarını onlayn formada vətəndaşlara təqdim edir.
Komitədən bildirilib ki, pambıqçılıq, quşçuluq, təmir-tikinti, nəqliyyat və digər iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri paytaxtla bərabər, Saatlı, Beyləqan, Goranboy kimi rayonlarda yerləşir. Belə dövlət əmlaklarına “İsmayıllı Təmir Tikinti”, “Salyan broyler”, “Sabirabad Təmir Tikinti”, “Biləsuvar Broyler” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kvadratmetr olan əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kvadratmetr olan 7 saylı mağazadır.
Hərraca çıxarılan ictimai iaşə və məişət xidmətləri göstərə biləcək qeyri-yaşayış sahələri yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və təyin olunan ilkin qiymətinə görə müxtəlifdir. Belə ki, onlardan 24-ü Bakıda, 8-i Sumqayıtda, 1-i isə Xızıda yerləşir. Bu qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 1612 kvadratmetr, təyin olunan ilkin qiymət isə 2 min 500 manat və 1 milyon 500 min manat aralığındadır.
Özəlləşdirilməyə çıxarılan müxtəlif ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin buraxılış tarixi 1994-2008-ci illəri əhatə edir. Bu avtomobillər “Hyundai”, “Mercedes”, “Fiat”, “BMW” və digər məşhur markalara aiddir. Hərraclarda təqdim olunan imkanlardan istənilən şəxs yararlana bilər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat öyrənmək və hərrac iştirakçısına çevrilmək üçün komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Bu xəbər oxundu
- - -