Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Putin Paşinyanı siyasi səhnədən silə bilər”

23.07.18, 13:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya – Ermənistan münasibətlərinin gərginləşməsi Nikol Paşinyan hökumətinin verdiyi radikal qərarlar nəticəsində baş verir. Paşinyan Ermənistanın müstəqil dövlət olduğunu və Rusiyanın diktəsi ilə hərəkət etmədiyini göstərməyə çalışır.
Politoloq Natiq Miri belə düşünür.
Politoloq qeyd edib ki, Rusiyanın Ermənistandakı hərbi bazaları və qoşunlarının bütün xərcləri də Ermənistan tərəfindən ödənilir: “Hesab edirəm ki, Nikol Paşinyan bu xərcləri Rusiyaya yönəltmək üçün qoşunların Ermənistandan çıxarılması məsələsini gündəmə gətirib. Lakin Paşinyanın bu siyasətinin uğursuz olduğunu düşünürəm. Çünki Putin Rusiyası indiyədək özünün əyaləti olan Ermənistana müstəqil siyasət yürütməyə icazə verməyəcək.
Digər yandan, Rusiya keçmiş Sovet respublikalarına bərabərhüquqlu münasibət qurmaq imkanı yaratmaq istəmir. Rusiya yalnız öz “orbiti” ətrafında fırlanan dövlətləri qəbul edir. Buna görə də, Paşinyanın bu siyasəti də effekt verməyəcək. Getdikcə, Rusiya Ermənistanın bütün manevr imkanlarından məhrum edəcək. Moskva artıq İrəvandan tələb edir ki, özünün strateji seçimini ortaya qoysun. Çünki inanmıram ki, Putin Paşinyanın bu şıltaqlıqlarına uzun müddət dözəcək. Əgər Ermənistan indiyədək NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) arasında manevr edə bilirdisə, Moskva İrəvanı bundan da məhrum edəcək”.
Natiq Mirinin sözlərinə görə, əgər Nikol Paşinyan Rusiyaya əks qütbü seçəcəksə, Ermənistanda hərbi və siyasi istiqamətdə kataklizmlər baş verəcək: “Bu da yaxın müddətdə Paşinyan hökumətinin məhv olacağı deməkdir. Buna görə də Paşinyan parlament seçkilərini tezləşdirmək istəyir. Çünki müstəqil xəttə meyillənmiş hakimiyyəti uzun müddət Rusiya qarşısında dayanıqlı saxlamaq mümkün deyil. Paşinyanın seçkilərdə qalib gəlməsinə və güclü hökumət qurmağa ehtiyacı var ki, dayanıqlılığını artıra bilsin. Əks halda, Putin Rusiyası Paşinyanı birdəfəlik siyasi səhnədən silə bilər”.

Bu xəbər oxundu
- - -