Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Əhməd Yəsəvinin Türküstanda əsasını qoyduğu sufi-təsəvvüf görüşləri

24.07.18, 9:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

150 il sonra Y.İmrə onu Ön Asiyada davam etdirib

2-ci yazı

“Divani-hikmət”in II-VII hikmətlərində Ə.Yəsəvinin 63 illik ömür tarixinin sadalanması ilk baxışdan tərcümeyi-hal faktı təsiri bağışlasa da, əslində “şəriət”, “təriqət”, “mərifət”, “həqiqət” silsiləsinin irfani səciyyəsinə xidmət göstərir. Burada “eşq yolunun” mərhələ-mərhələ mənəvi kamilləşməyə təsiri və Allaha qovuşmaqda oynadığı əvəzsiz rol nəzərə çatdırılır, bunların hər bir bəndə üçün vacibliyi təsdiqini tapır:

Bir yaşında ruhlar mənə nəsib verdi,
İki yaşda Peyğəmbərlər gəlib gördü,
Üç yaşımda Qırxlar gəlib halımı sordu,
O səbəbdən altmış üçdə girdim yerə.
... Otuz iki yaşda gəldi Haqqdan fərman, Qulluğuma qəbul qıldım, qılma arman,
Can verdigimdə sana verəyim nuri-iman,
Qərib canım mutlu olup güldü, dostlar
... Altmış iki yaşda Allah işıq saldı,
Başdan ayağa qəflətlərdən qurtarı verdi,
Can və könlüm, ağıl və idrakım “Allah” dedi,
Bir və Varım, dildarını görürmüyüm?

Ə.Yəsəvinin Türküstanda əsasını qoyduğu “Yəsəvilik” təriqəti Türküstan sərhədlərini aşaraq, Şərq-islam dünyasının əksər mərkəzlərində yaranan Babai, Bəktaşi, Nəqşbəndi, Heydərilik və s. təriqətlərin yaranmasına təsir göstərib. Bu mənada, Ə.Yəsəvi təsiri həmin təriqətlərin nümayəndələri olan ayrı-ayrı şəxslərin dünyagörüşlərinin formalaşmasından və yaradıcılıqlarından yan keçməyib.
Ə.Yəsəvi ilə Şərq sufi ədəbiyyatının sonrakı dövrlərinin görkəmli nümayəndələri C.Rumi, Y.İmrə, S.Vələd, S.Təbrizi və s. arasında olan əlaqə və bağlılığın əsas səbəbini də məhz bunda axtarmaq lazımdır. Bu təsir və əlaqə əsasən onların yaradıcılıqlarının ideya-məzmununda özünü nümayiş etdirib. Belə ki, C.Ruminin “Məsnəvi”, Y.İmrənin “Risalətün-nüshiyyə”, S.Vələdin “Maarif’ və s. əsərlərində Ə.Yəsəvi ilə başlanan sufi dəyərlər bu və ya digər formada əksini tapıb, orta əsrlər türk-islam fəlsəfi fıkrinin inkişafında örnək rolunu oynayıb. Diqqət etdikdə görürük ki, klassik Şərq ədəbiyyatında dünya sirlərinin “Allah sirri və möcüzəsi” şəklində dəyərləndirilməsinin mükəmməl ifadə və deyim tərzi Əhməd Yəsəvi ilə başlayır. Bu baxımdan Allahın yaratdıqlarının ən şərəflisi, haqq yolçusu olan insana münasibətdə Yunis İmrə də Ə.Yəsəvi kimi onu bir canlı varlıq şəklində təqdim etmir, insanı ruh, nur daşıyıcısı hesab edir. Belə demək mümkünsə, Əhməd Yəsəvinin Türküstanda əsasını qoyduğu sufi-təsəvvüf görüşlərini təxminən 150 il sonra Y.İmrə Ön Asiyada davam etdirib.
Ə.Yəsəvidə olduğu kimi Y.İmrədə də tanrı sevgisi, ilahi eşq aparıcıdır. “Yəsəvilik”də “vəhdəti-vücud” fəlsəfəsinə uyğun zərrənin (insanın) bütövə (Allaha) qovuşmaq arzusu Yunis İmrə poeziyasında da özünü göstərir və ilahi eşq dərinliyində özünəməxsus ifadəsini tapa bilir. Hər iki irfan sahibi Allahı dərk etməyi “könül” və duyğu “bilimində” mümkün sayır. Ona görə də Allaha, peyğəmbərə, müqəddəs əshabələrə, ibadətə, mövcudiyyata sevgi bildirmək, şükürlər etmək, maddiyyatdan, nəfs qulu olmaqdan, “kənar sevgilərdən” və s. uzaq-laşmaq kimi irfani görüşlər Ə.Yəsəvi ilə Y.İmrəni eyni bir “nur körpüsündən” keçirib Tanrı dərgahına aparır. Biz hər iki sufinin timsalında “Allahdan aşiqlik diləyən”, “eşq odunda yanan”, “dünyanı haram sayan”, “eşq dərdlərinə dava olmayan” Rəbbin sadiq bəndələrini görür, onların Allah dərgahına “çağırışlarını” eşidirik. Məsələn, Yunis İmrənin -

Eşq məqamı alidir, eşq qədim, əzəlidir.
Eşq sözünü söyləyən qüdrət dilidir.
Deyən ol, eşidən ol, görən ol, göstərən ol
Hər sözü söyləyən ol, surət can mənzilidir.

- misralarında ifadə olunan məna Ə.Yəsəvinin

Eşq məqamı türlü məkan,
ağlın yetməz Başdan-başa zorluk,
cəfa, möhnəti getməz Məlamətlər,
ihanətlər kilsa, geçməz
La-məkanda haqdan dərslər aldım iştə.

- fikirləri ilə üst-üstə düşür. Hər iki təsəvvüf şairinə görə içində ruh daşıyan, qəlbi Allah nuru ilə dolu olan insan yaxşı əməl sahibi olmalıdır ki, Allah mərhəminə tuş gəlsin, əbədi aləmin layiqli sakininə çevrilsin:

Eşq bağını möhnət ilə göyərtməsən,
Hor görülür şom nəfsini öldürməsən,
“Allah” deyib içinə nur doldurmasan,
Vallah, billah səndə eşqin nişanı yox (Ə.Yəsəvi).

Nəfs arzusundan keçib, eşq qədəhindən içib Dost yoluna ər kimi durmayan aşiqmidir (Y.İmrə).
Ə.Yəsəvi bu fikrin davamı kimi mərhəmət və rəhmliyi “Allah deyib içinə nur doldurmağın” əsas şərtlərindən hesab edir. Çünki insan mərhəmətli və rəhmli olan Allahın daşıyıcısı olduğu təqdirdə özündə mərhəmət hissini yaşada bilir və bu halda insan Allah dərgahının “məhrəm” bəndəsinə çevirilir. Davud peyğəmbərin “Allahım, insanları niyə yaratdın?” sualına “Mən gizli dəfinə idim, bilinməyi sevdim, bilinmək üçün insanları yaratdım” cavabı ilə əslində Allahın insana verdiyi missiyanın mahiyyəti açılır. Hədislərin birində deyildiyi kimi “Allahın insanı öz rəhman surətində yaratması” onun pisliklərdən uzaqlaşması və xeyirxahlığı üçün zəmin yaradır. Bu mənada həm Ə.Yəsəvi, həm də Y.İmrənin eyni mövqedə dayandığının şahidi oluruq. Əhməd Yəsəvi də Y.İmrə kimi Allaha qovuşma yolunda insan idrakının əhəmiyyətini yüksək qiymətləndirir, məhz insanın idrak vasitəsilə hər şeyi anlayıb, onu tətbiq yolu ilə insanlığını təmin etməsini xüsusi vurğulayırlar;

Harda görsən könlü qırıq, mərhəm ol sən,
Öylə məzlum yolda qalsa, həmdəm ol sən
Məhşər günü dərgahına məhrəm ol sən
Mən-sən deyən kimsələrdən keçdim iştə. (Ə.Yəsəvi)

Əhməd Yəsəvinin “Divani-hikmət” əsəri kimi Y.İmrənin “Ri- salətün-nüshiyyə”si də bir əxlaq kitabı olmaqla yanaşı, həm də din ilə təsəvvüfün vəhdətidir. Ona görə də əsərlərdəki şeir parçalarında Quran hikmətlərinin sadəcə sadalanması yox, həm də bir növ bunlara sufi yanaşma vardır. Məsələn, bu cəhətin Ə.Yəsəvi sənətində əksi belədir: “Bismillahla başlayaraq hikmət söyləyip Taliblərə inci, cövhər saçdım iştə Riyazəti qatı çəkip, kanlar yutub Mən dəftəri-sani sözün açdım iştə. (Ə.Yəsəvi)”
“Divani-hikmət” başdan-ayağa insanın Allaha olan məhəbbətini ön plana çıxarır. Ona görə də Ə.Yəsəvi öz hikmət xəzinəsində insanın yeri, rolu, vəzifələrindən bəhs açmaqla onu daimi ibadətə səsləyir. Maraqlıdır ki, Ə.Yəsəvi ibadəti yalnız namaz qılmaq və dua etməkdən ibarət hesab etmir. O, riyakarlığı insanlığa xas olmayan hal kimi dəyərləndirir. Oruc tutmağı, namaz qılmağı öz pis əməllərinə pərdə edənləri imandan uzaq sayır. “Yəsəvilik” təriqəti İslam dininin qanunları əsasında formalaşdığından Ə.Yəsəvi bu baxışlarında öz qənaətlərini dini hökmlərə uyğunlaşdırır və hamı üçün vacib məqamları diqqətə çatdırır:

Oruc tutup halka riya kılanları,
Namaz kılıp tesbih ele alanları,
Şeyhim diyip başka bina kuranları
Son deminde imanından cüda kıldım.

Şairə görə, insan həm də əməli, düşüncəsi ilə ibadət edir. Ə.Yəsəvi belə hesab edir ki, yalnız bu yolu seçənlərin ibadəti tamdır. İnsan ona verilən ömür vaxtını düzgün xərcləməlidir. Əgər o, könlünü Allaha təslim edirsə, onun yolunda “can verməyə” hazırsa, əsl aşiqə çevrilir, axirətini qazanır:
Aşiq deyil sevdiginə can verməsə
Köylü degil çapa yapıp nan verməsi
Burada ağlayıp axirətdə can verməsə
Yolda qalır, Xuda lütfünü alanı yox.
və yaxud
Ey xəbərsiz, eşq əhlindən bəyan sorma,
Dərd isə sən, eşq dərdinə dərman sorma,
Aşiq olsan, zahidlərdən nişan sorma
Bu yollarda aşiq ölsə, günahı yox.
Bu halı biz eyni ilə Y.İmrənin yaradıcılığında da görə bilirik. Maraqlı haldır ki, Ə.Yəsəvi aşiqlik məqamının müəyyən ölçülərini yaradır və bunu “atəşdə yanmaq”, “pərvanə kimi candan keçmək”, “dəli olmaq”, “dərdə düşmək”, “qəmlə dolmaq” və s. şəklində xarakterizə edərək fikrin poetik ifadəsini təmin edir:

Eşqə düşdün, atəşə düşdün, yanıb öldün,
Pərvanə kimi candan keçib kor atəş oldu
Dərdlə doldun, qəmlə doldun, dəli oldun
Eşq dərdini sorsan, əsla dərmanı yox (Ə.Yəsəvi).

Y.İmrədə də problemə bu cür yanaşma bir daha onu təsdiqləyir ki, Ə.Yəsəvi yaradıcılığında özünü göstərən sufi ideyalar özündən sonrakı ədəbiyyata, ədəbi düşüncəyə təsirsiz ötüşməyib və bu, ədəbiyyatda ənənə rolunu oynaya bilib.
Canını eşq yoluna verməyən aşiqmidir?!
Cəhd eyləyib ol dosta irməyən aşiqmidir?! (Y.İmrə)

Ə.Yəsəvinin hikmətlərdən ibarət olan məşhur əsərində bütün məsələlərə islami təfəkkür yanaşmasında münasibət var.

Mənim hikmətlərim fərmani-Sübhan
Oxuyub anlasan, mənayi-Quran.

Ona görə də əsərdə eşq, ağıl, ruh, nur, can, bədən, nəfs və s. problemlər sırf dini dəyərlərə uyğun mənalandırılır. XII əsr Şərq ədəbiyyatını türk-islam düşüncə və dəyərləri ilə zənginləşdirən Əhməd Yəsəvi “Divani-hikmət” əsərində vəhdəti-vücud fəlsəfəsinin tələbləri daxilində varlığın təkliyindən, Allaha doğru gedən yolu şərtləndirən cəhətlərdən xüsusi bəhs açır. Ə.Yəsəvidə təriqət Allaha doğru gedən yolun başlanğıcı hesab olunur. Təriqət mənəvi qüdrət və mənəvi hal üstünlüyünün təminatıdır. Təriqətin əsasında şeytanı qəlbdən qovma, pir olma, Haqq Taaladan nəsib alıb ona yaxınlaşmaq və s. dayanır:

Təriqətə şəriətsiz girənlərin
Şeytan gəlib imanını alır imiş.
İşbu yolu pirsiz dəva kılanların
Şaşkın olup ara yolda kalır imiş.
Təriqətə siyasətli mürşid gərək
O mürşidə ikiqatlı mürid gərək
Hizmət qılıb pir rizasını bulmaq gərək
Böylə aşıq Haqdan nəsib alır imiş.
Pir rizası Haqq rizası olur dostlar
Haqq Taala rəhmətindən alır dostlar
Riyazətə sır sözündən bilir dostlar
Öylə qullar Haqqa yaxın olur imiş. (Ə.Yəsəvi)

Diqqət etdikdə bu ideya və fıkirlərin Y.İmrə yaradıcılığında olduqca sadə və təsirli formada davamına rast gəlmək mümkündür.

Şəriət, təriqət yoldur varana
Həqiqət meyvəsi ondan içəri...
Mumsuz baldır şəriət, tortusuz yağdır təriqət
Dost üçün balı yağa nəyiçün qatmayalar...
Həqiqət bir dənizdir, şəriət onun gəmisi
Çoqlar gəmidən cıqub dənizə talmadılar. (Y.İmrə)

Xoca Əhməd Yəsəvi türk təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi kimi təkcə türk dünyasında deyil, bütün müsəlman şərqində zəngin ənənələr yaratmış, özündən sonrakı ədəbiyyatın inkişaf və formalaşmasında mühüm rol oynayıb.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor

Bu xəbər oxundu
- - -