Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı

24.07.18, 12:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan xanlığının tarixi ilə bağlı bir çox məsələlər Qarabağ xanlığı tarixindən bəhs edən müəlliflərin əsərlərində də öz əksini tapmışdır. Səlnamə xarakterli bu əsərlər toplanaraq, 2 kitabda «Qarabağnamələr» adı ilə 1989-cu və 1991-ci illərdə nəşr edilib. Bu nəşrlərdə toplanmış Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin, Əhməd bəy Cavanşirin, Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin əsərlərində Ağa Məhəmməd şah Qacarın yürüşləri ərəfəsində Cənubi Qafqazdakı siyasi vəziyyət, İrəvan xanı da daxil olmaqla bəzi xanların ona qarşı ittifaq yaratmasından, İrəvan xanlığının şah qoşunlarına müqaviməti, birinci və ikinci Rusiya-İran müharibələri dövründə İrəvan xanlığının hərbi-siyasi vəziyyətindən bəhs edən xeyli faktlar toplanıb. Bu mənbələrdə diqqəti cəlb edən əsas məsələlərdən biri, Pənahəli xanın dövründə vaxtilə İrəvan xanlığının Göycə mahalına daxil olan Tərtər çayına qədər şərq torpaqlarının Qarabağ xanlığı tərəfindən işğal edilməsidir. Bu faktın İrəvan xanlığının siyasi sərhədlərinin dəqiqləşdirilməsində böyük əhəmiyyəti var.
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin sistemli şəkildə tədqiq edilməsinə ilk dəfə cəhd göstərən A.Bakıxanov (1794-1846) olub. O, XIX əsrin əvvəllərində baş vermiş siyasi hadisələrin və hər iki Rusiya-İran müharibələrinin canlı şahidi və iştirakçısı olduğu üçün onun əsəri Azərbaycan tarixşünaslığında ilkin qaynaq kimi dəyərləndirilir. «Gülüstani-İrəm» əsəri Azərbaycan və Dağıstan tarixinin qədim dövrlərindən 1813-cü ilədək, yəni Gülüstan sülhünün bağlandığı zamanadək olan bir dövrü əhatə edir. Araşdırmada bu əsərin beşinci fəslindən istifadə edilib. Bu bölmədə birinci və ikinci İrəvan döyüşləri, bu döyüşlərdə irəvanlıların rus qoşunlarını məğlub etməsi, əhali ilə bağlı hadisələr haqqında verdiyi məlumatlar xususilə əhəmiyyətlidir. Onun İrəvan əmrlərinin və əhalisinin əksəriyyətinin Azərbaycan türklərindən olan Qacarlara məxsusluğunu göstərməsi önəmli faktdır. A.Bakıxanovun 1983-cü ildə nəşr olunmuş, müxtəlif illərdə yazdığı əsər, qeyd və məktublarından da istifadə olunmuşdu. Bu əsərdə xanlıqların idarəçilik sistemi, əhalinin sosial təbəqələri haqqında verdiyi məlumatları mövzumuz üçün böyük əhəmiyyəti var.
İrəvan xanlığının tarixinə aid zəngin faktlar rus qafqazşünaslarının əsərlərində də mövcuddur. Bu qafqazşünasların bəzisi rus qoşunlarının bölgəyə hərbi yürüşlərində iştirak etmiş və hadisələrin canlı şahidi olmuşdular. Ona görə də onların yazdıqları əsərləri mənbə xarakterli hesab etmək olar. Əsərlərdə ayrı-ayrı hadisələrin təsvir edilməsində zəngin mənbələrdən istifadə edildiyinə görə əhəmiyyətlidir. Belə müəlliflərdən S.B.Bronevski (1763-1830) 1796-cı ildə V.Zubovun başçılığı il rus qoşunlarının Azərbaycana yürüşünün iştirakçısı olmuş və 1802-1808-ci illərdə Qafqazda hərbi xidmətini davam etdirmişdi. O, Cənubi Qafqazda olduğu müddətdə bu bölgənin tarixi, etnoqrafiyası və coğrafiyası ilə bağlı məlumatlar əldə etmiş, 1823-cü ildə özünün iki cildlik əsərini nəşr etdirmişdi. Araşdırmada İrəvan xanlığı daxil olmaqla Azərbaycan xanlıqlarının tarixi, dövlət quruluşu, əhalisi, əhalinin sosial tərkibi haqqında məlumat verilib.
Rus qafqazşünasları arasında Azərbaycan xanlıqları və xüsusilə, İrəvan xanlığı haqqında məlumat verən müəlliflərdən biri də P.Q.Butkovdur (1775-1857). O, 1796-cı ildə rus qoşunlarının Azərbaycana yürüşünün iştirakçısı olmuşdu. Uzun müddət Qafqazda hərbiçi işləmiş P.Q.Butkov burada müxtəlif diplomatik və hərbi sənədlərlə tanış olmuş və sonralar bu sənədlər əsasında özünün üç cildlik əsərini yazmışdı. Əsər I Pyotrun başçılığı ilə rus qoşunlarının Xəzərsahili ərazilərə yürüşündən başlayaraq 1803-cü ilədək olan bir dövrü əhatə edir. Burada Azərbaycan tarixinə dair zəngin məlumat toplanıb. Əsərdə İrəvan xanlığının siyasi tarixi, ayrı-ayrı xanlıqlar, dövlətlər arasında olan münasibətləri, əhalisi, əhalinin emiqrasiyası məsələləri də öz əksini tapıb. Tarixşünaslıq məsələlərinə gəlincə, E.Qarayev bildirir ki, İrəvan xanlığının tarixini öyrənmək üçün istifadə olunan tarixi əsərləri bir neçə qrupa bölmək olar. Birinci qrupa Oktyabr çevrilişinə qədərki ayrı-ayrı toplu və jurnallarda nəşr edilmiş əsərlər daxildir. Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda geniş işğallara başlaması ilə rus hakim dairələrinin bu diyarı siyasi və iqtisadi baxımdan öyrənilməsinə maraq artmışdı: “Bununla əlaqədar olaraq rus qafqazşünaslığı deyilən bir məktəb yarandı. Lakin rus qafqazşünasları heç də qarşılarına Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının tarixini tədqiq etməyi məqsəd qoymamışdılar. Onların əsərləri əsasən rus qoşunlarının hərbi yürüşlərinə həsr edilmiş, Rusiyanın Qafqazda işğallarına haqq qazandırmaqla müstəmləkəçilik siyasətini öz ölkəsinin mənafeyi baxımından şərh etməyə çalışmışdılar. Lakin bu əsərlərdə Qafqaz xalqlarının siyasi, iqtisadi tarixi, ticarəti, dövlət quruluşu, coğrafiyası, etnoqrafiyası, əhalisi, əhalinin sosial, etnik tərkibi və s. haqqında məlumatlar toplanmışdı. İrəvan xanlığına aid zəngin məlumat işğaldan sonra, 1836-ci ildə nəşr edilmiş «Obozreniye Rossiyskix vladeniy za Qavqazom» adlı topluda öz əksini tapıb. Bu topluda Azərbaycanın ayrı-ayrı bölgələri, o cümlədən İrəvan xanlığının təbii-coğrafi şəraiti, iqlimi, çayları, meşələri, dağları, bitki örtüyü, yolları, iqtisadi vəziyyəti, kənd təsərrüfatı, ticarəti, sərhədləri, inzibati-ərazi bölgüsü, əhalisi, əhalinin etnik və dini tərkibi, şəhər və kəndi haqqında statistik, etnoqrafik məlumatlar toplanıb.
Tədqiq olunan mövzu ilə bağlı bəzi məlumatlar 1850-ci illərdə Tiflisdə nəşr olunmuş «Kavqazskiy kalendar»larda öz əksini tapıb. Bu topluda İrəvan şəhərinin tarixi, təbii coğrafi vəziyyəti, ərazisi, şəhərin quruluşu, iqtisadi vəziyyəti, süni suvarma sistemi, əhalisinin sayı, birinci və ikinci İrəvan döyüşləri haqqında məlumatlar var. İrəvan xanlığına aid bəzi məlumatlar «Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza» jurnalında tapmaq olur. Çox cildli jurnalın I və IV cildlərindən istifadə edilib. Jurnalda İrəvan xanlığının siyasi tarixi, iqtisadi vəziyyəti, xanların şəcərəsi, əhalinin sayı, köçürülməsi haqqında xeyli material əldə etmişik”. 1887-ci ildə Tiflisdə çap olunmuş «Svod materialov...» toplusunda da İrəvan xanlığına aid xeyli məlumat toplanıb. Bu topluda İrəvan xanlığının dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhalisi, əhalinin sosial tərkibi, dini haqqında faktlar var.
Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq siyasətini ətraflı təsvir edən müəlliflərdən biri, rus hərb tarixçisi N.F.Dubrovin olmuşdu. O, bir neçə əsərin müəllifidir. Bu əsərlərdən 1803-1806-cı illər Cənubi Qafqazın tarixinə həsr edimiş kitabı mühüm yer tutur. Əsər zəngin sənədlər əsasında yazılıb. Burada S.P.Sisiyanovun müxtəlif vaxtlarda mərkəzə göndərdiyi raportları, ayrı-ayrı xanlara, o cümlədən İrəvan xanı Məhəmməd xana yazdığı məktubları göstərilib. Müəllif əsərində hadisələri daha irəli apararaq II İraklinin ölümündən sonra onun varisləri arasında Kartli-Kaxetiya taxt-tacı uğrunda gedən mübarizələri, çarlığın Rusiyaya birləşdirilməsi, bununla bərabər Azərbaycana, eyni zamanda İrəvan xanlığına məxsus bəzi ərazilərin bu ölkənin hakimiyyəti altına keçməsi, İrəvan xanlığının Qacar İran dövləti ilə siyasi münasibətləri, İrəvana hücum etmək üçün bəhanə kimi rus komandanlığının Eçmiədzin katolikos taxt-tacı üstündə Danil-Davud mübarizəsinə müdaxiləsi, S.P.Sisyanovun başçılığı ilə rus qoşunlarının İrəvan xanlığına yürüşü, ermənilərin xəyanəti, yürüş ərəfəsində və dövründə Məhəmməd xanla S.P.Sisanov arasında gedən danışıqlar ətraflı təsfir edilib. N.F.Dubrovinin «Gürcüstan 1802-ci ildə» əsəri də mövzunun yazılmasında əhəmiyyəti olub. Əsərdə XIX əsrin əvvəllərində İrəvanın siyasi vəziyyəti, Qacar təhlükəsi və Pəmbək hadisələri təsvir edilib. Mövzunun tədqiqində N.F.Dubrovinin zəngin arxiv materialları, müxtəlif sənədlər əsasında yazdığı digər altı cildlik əsərindən də istifadə olunub. Xronoloji baxımdan 1782-1826-cı illəri əhatə edən bu əsərdə Rusiyanın Qafqazda apardığı işğalçılıq siyasətini təsvir etməklə bərabər, İrəvan xanlığının siyasi tarixi, iqtisadiyyatı, təbii-coğrafi vəziyyəti, təbii sərvətləri, əhalinin sayı, etnik və dini tərkibi, məişəti, adət-ənənəsi haqqında zəngin məlumat toplanıb. N.F.Dubrovin əsərində İrəvan xanlığının əhalisinin etnik cəhətdən Azəri türklərinin çoxluq təşkil etməsi faktını göstərməsi mövzunun tədqiqində xüsusi əhəmiyyət kəsb edir.
Rusiyanın Azərbaycanda işğalçılıq siyasətini təsvir edən müəlliflərdən biri də V.A.Pottodur. Onun «Kavkazskaya voyna v otdelnıx oçerkax...» adlı beş cilddən ibarət əsəri İrəvan xanlığını öyrənmək baxımından əhəmiyyətlidir. Əsərdə 1801-1829-cu illərdə Rusiyanın Qafqazda, o cümlədən Azərbaycanda apardığı işğalçılıq siyasətindən bəhs edilir, İrəvan xanlığında baş verən siyasi hadisələr, Gülüstan sülh müqaviləsindən sonra Rusiya ilə Qacar İran dövləti arasında sərhəd məsələsinin təyin edilməsində İrəvan xanlığının rolu və yeri və s. məsələlər təsvir edilib. İrəvan xanlığına aid bəzi məsələlər zəngin arxiv materialları və mənbələr əsasında 1867-ci ildə Sankt Peterburqda nəşr olunan «Qeorqiy XIII posledniy çar Qruzii i prisoyedineniye yeya k Rossii» əsərində toplanıb. Qısa bir dövrü - II İraklinin ölümündən Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməsinə qədər dövrü əhətə etməsinə baxmayaraq, əsərdə İrəvan xanlığı haqqında zəngin məlumatlar var. Burada Ağa Məhəmməd şah Qacarın İrəvana yürüşü, irəvanlı Məhəmməd xanın tutduğu mövqe, İrəvan-Kartli-Kaxetiya, İrəvan-Rusiya münasibətləri, Pəmbək hadisələri təsvir edilib.
E.Qarayev bildirir ki, araşdırmanın yazılmasında İrəvan xanlığının işğalını başa çatdıran İ.F.Paskeviçin bioqrafiyasına həsr olunmuş əsərlərdən də istifadə edilib. Bu əsərlərdə İ.F.Paskeviçin hərbi fəaliyyəti ilə bərabər, rus qoşunlarının İrəvan xanlığına hücumu, Hüseynqulu xanın və onun qardaşı Həsən xanın başçılığı ilə irəvanlıların qəhrəmanlıtq mübarizəsindən, İrəvanın işğal olunması hadisəsi, müharibənin gedişində Azərbaycan türklərinin qonşu ölkələrə köçməsi təsvir edilib.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -