Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı

25.07.18, 11:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İrəvan xanlığının ərazisində dövlət yaradan ermənilər onun tarixini saxtalaşdırmağa başladılar

4-cü yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, rus qafqazşünaslarından V.L.Veliçkonun, N.N.Şavrovun əsərlərində ermənilərin Azərbaycanın ayrı-ayrı yerlərinə, o cümlədən İrəvan xanlığı ərazisinə köçürülməsi məsələsindən bəhs edilib. İrəvan xanlığında erməni əhalisinin cüzi sayda olması, işğaldan sonra onların rus hakim dairələri tərəfindən İran və Osmanlı ərazilrindən köçürülməsi, köçürülmə nəticəsində əhalinin etnik tərkibində dəyişikliklərin ətraflı təsvir edilməsi bu əsərləri mövzu sarıdan daha da gərəkli edir. İrəvan xanlığının hərbi-siyasi vəziyyəti ilə bağlı bəzi məsələlər «Kavkazskiy vestnik» «Oteçestvennıye zapiski», «Russkaya starina» jurnallarında əksini tapıb. A.L.Qizettinin 1901-ci ildə Tiflisdə nəşr etdirdiyi əsərində 1801-1855-ci illərdə rus qoşunlarının apardığı Qafqaz müharibələrində məruz qaldığı itkilərin siyahısı verilib. Burada həmçinin İrəvan xanlığında baş verən döyüşlərdə itki verən rus qoşunlarının sayı da göstərilib. Rus qafqazşünaslarından M.Vladıkinin, S.A.Yegiazarovun, V.L.Veliçkonun əsərlərində İrəvan xanlığının inzibati idarə sistemi, şəhər həyatı, əhalisi, əhalinin etnik tərkibi, sosial-silki tərkibi, məşğuliyyəti və s. haqqında məlumatlara rast gəlmək olar.
S.Esadzenin 1907 və 1908-ci illərdə nəşr etdiyi əsərlərində Rusiyanın Qafqazda həyata keçirdiyi işğalçılıq siyasəti ön plana çəkilsə də, burada Azərbaycan xanlarının, həmçinin İrəvan xanlığının hərbi-siyasi vəziyyətinə, aqrar məsələlərinə də yer verilib. Slujevinin, P.İ.Kovalevskinin əsərlərində də İrəvan xanlığı ilə bağlı məlumatlar var. Tədqiqata cəlb edilmiş tarixi əsərlərin ikinci qrupuna Azərbaycan Xalq Cümhuriyyətində məsül vəzifədə işləyən ziyalıların əsərləri daxildir. Bu əsərlər Azərbaycan tarixinə aid ümümiləşmiş əsərlərdir: "Qeyd etmək lazımdır ki, bu əsərlər sovet dövründə nəşr edilməsinə baxmayaraq, sovet ideologiyasından kənar, milli ruhda yazılıb. Vətən tarixini öyrənmək baxımından cəsarətlə yazılmış bu əsərlər mövzumuz üçün bir neçə səbəbdən əhəmiyyətlidir. Əvvəla, xanlıqlar dövrü tarixindən bəhs edən müəlliflər İrəvan xanlığını Azərbaycan ərazisi kimi öyrənirlər. İkincisi, bu əsərlərdə əhalinin sayı haqqında konkret rəqəm, əhalinin etnik tərkibində Azərbaycan türklərinin çoxluq təşkil etməsi və ermənilərin buraya köçürülməsi faktı ətraflı təsvir edilmişdi. Üçüncüsü isə İrəvan xanlığında yaşayan ayrı-ayrı Azəri türk tayfalarının adları göstərilmişdi. Bu qrupa daxil olan əsərlərdən 1921-ci ildə Bakıda nəşr olunmuş M.Vəlilinin (Baharlı) «Azərbaycan (coğrafi-təbii etnoqrafik və iqtisadi mülahizat)» əsərini qeyd etmək olar. Əsərdə Azərbaycanın coğrafi vəziyyəti, etnoqrafiyası, iqtisadiyyatı ətraflı işıqlandırılıb. Müəllifin əsərdə xanlıqlar dövründə torpaqdan istifadə, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyət, əhalinin sayı, etnik və dini tərkibi haqqında verdiyi məlumatın mövzunun tədqiqində xüsusi əhəmiyyəti var. Onun İrəvan xanlığının əhalisinin sayı haqqında göstərdiyi konkret rəqəm bu əsərin qiymətini daha da artırır. R.İsmayılovun 1923-cü ildə Bakıda nəşr olunmuş «Azərbaycan tarixi» əsərində qədim dövrlərdən AXC yaranana qədər Azərbaycanın coğrafi vəziyyəti, siyasi və iqtisadi tarixindən bəhs edilir. R.İsmayılovun Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının siyasi tarixi, əhalisi, vergi və mükəlləfiyyəti haqqında verdiyi məlumat bizim üçün daha əhəmiyyətlidir.
1924-cü ildə İstanbulda nəşr olunan C.Zeynaloğlunun «Müxtəsər Azərbaycan tarixi» əsərlərini qeyd etmək olar. Burada Azərbaycan xanlıqlarının, eyni zamanda İrəvan xanlığının siyasi tarixi, ticarəti, pul, ölçü və uzunluq vahidləri, əhalisi, vergi və mükəlləfiyyətləri haqqında məlumatlar toplanmışdı. Azərbaycanın məşhur şərqşünas alimi Ə.Ubaydulinin 1928-ci ildə nəşr olunmuş əsəri də sovet ideologiyasından fərqli bir ruhda yazılmışdı. Əsərdə xanlıqlar dövrünün sosial-iqtisadi vəziyyəti, əhalinin silki tərkibi, torpaq mülkiyyəti formaları məsələlərinə toxunulub.
Üçüncü qrupa aid edilən əsərlər sovet tarixşünaslığına daxil edilən əsərlərdir. Qeyd etmək lazımdır ki, çar Rusiyası dövründə köçürmələr nəticəsində keçmiş İrəvan xanlığı ərazisində etnik baxımdan çoxluğa nail olan ermənilər, onun varisi Sovet İttifaqı dövründə Moskvanın köməyi ilə müstəqil respublika yaratmağa nail oldular. İrəvan xanlığı ərazisində dövlət yaradan ermənilər onun keçmişini unutdurmaq və bu xanlığı Şərqi Ermənistan ərazisi kimi tədqiq edərək, tarixini saxtalaşdırmağa başladılar. Onlar uzun illər heç bir tarixi mənbəyə əsaslanmadan İrəvan xanlığının ərazisini, yer adlarını, əhalinin etnik və say tərkibini, qəhrəmanlıq mübarizəsini açıq-açığına təhrif edib, bütün hadisələri adlarına çıxıblar.
Buna «xalqlar dostluğu», «beynəlmiləlçilik» mövqeyindən çıxış edən sovet tarixçilərinin əsərlərində də rast gəlmək mümkündür. Sovet tarixşünaslığında Azərbaycanın xanlıqlar dövrü tarixinin bir sıra problemləri şərqşünas alim İ.P.Petruşevskinin tədqiqatlarında işıqlandırılıb. Onun ayrı-ayrı əsərləri Azərbaycan, o, cümlədən xanlıqlar dövrü tarixinin müxtəlif məsələlərinə - siyasi, iqtisadi, torpaq mülkiyyəti formaları, əhalinin sosial-silki tərkibinə, vergi və mükəlləfiyyət formalarına həsr edilib. Ancaq müəllif erməni konsepsiyasından kənara çıxmayaraq bəzi əsərlərdə İrəvan xanlığının tarixini Ermənistan tarixi kimi qələmə alıb, bu xanlığın ərazisində baş verən hadisələri erməni xalqının adına çıxıb. Əslində müəllifin qeyd etdiyi ərazi Azərbaycanın qədim ərazisi olan İrəvan xanlığının ərazisidən başqa bir şey deyil. Belə ki, tədqiqatçı İrəvan xanlığını erməni dövləti kimi qələmə verməsinə baxmayaraq, əsərlərin məzmununa baxdıqda görmək olar ki, ermənilərlə bağlı bütün hadisələr Eçmiədzin kilsəsindən kənara çıxmır və qarşıya qoyulan bütün məsələlər bu kilsə və ona məxsus mülkiyyətlə bağlıdır. Lakin buna baxmayaraq, İ.P.Petruşevskinin əsərlərinin İrəvan xanlığının tarixinin öyrənilməsində misilsiz yeri var. Azərbaycanın XVIII əsr tarixinə aid ən mükəmməl əsər yazan müəlliflərdən biri V.N.Leviatovdur. Onun «XVIII əsrdə Azərbaycan tarixindən xülasələr» adlı əsəri mövzunun tədqiqində mühüm yeri tutur. Əsərdə konkret İrəvan xanlığından bəhs edilməyib. Lakin müəllifin xanlıqların hakimiyyət quruluşu, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti, əhalinin silki tərkibi, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətləri haqqında verdiyi ümumi məlumatları İrəvan xanlığına da şamil etmək olar.
H.İbrahimbəylinin 1969-cu ildə Moskvada nəşr olunmuş əsərində XIX yüzilliyin birinci otuzilliyində Azərbaycan xanlıqlarının Rusiya dövləti tərəfindən işğalı tədqiq edilib. Əsərdə həm birinci, həm də ikinci Rusiya-İran, Rusiya-Osmanlı müharibələri dövründə Azərbaycan ərazisinin işğalı öz əksini tapmışdı. Burada qısa da olsa İrəvan xanlığı ərazisində gedən döyüşlərə də toxunulmuşdur. Lakin müəllif bir çox sovet tədqiqatçıları kimi İrəvan xanlığını Azərbaycan xanlıqlarından ayırır və bu xanlığı Ermənistan dövləti kimi təqdim edir. Mövzunun tədqiqində erməni müəlliflərinin əsərlərindən də istifadə olunub. İlk dəfə İrəvan xanlığının tarixini tədqiq etməyə cəhd edən erməni müəlliflərindən V.R.Qriqoryanı xüsusi qeyd etmək lazımdır. Onun 1958-ci ildə erməni dilində nəşr etdirdiyi əsəri xüsusi əhəmiyyətə malikdir. Ermənistanın mərkəzi arxivi olan Matenandaranda saxlanılan sənədlər əsasında yazılan bu əsər İrəvan xanlığının 1780-1800-cü illər tarixini əhatə edir. Araşdımada İrəvan xanlığının siyasi, sosial-iqtisadi vəziyyəti, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, təbii sərvətləri, vergi və mükəlləfiyyətləri, əhalinin etnik tərkibi haqqında müəyyən məlumatlar verilir. Lakin o, əsərində İrəvan xanlığının tarixini kifayət qədər saxtalaşdırmışdı. Monoqrafiyada İrəvan xanlığının Şərqi Ermənistan və yaxud Ararat ölkəsi kimi təqdim edilməsi, yer adlarının erməniləşdirilməsi, etnik cəhətdən ermənilərin üstünlük təşkil etməsi və s. məsələlər haqqında verdiyi məlumatlar müəllifin erməni ənənəsinə sadiqliyini göstərir. Erməni müəlliflərindən olan A.R.İoannesyanın əsərlərində XVIII əsrin 60-80-ci illərində Rusiyanın Cənubi Qafqaz siyasətinə özlərinin cəsusluq fəaliyyəti ilə kömək edən ayrı-ayrı erməni xadimlərinin - İ.Lazarevin, arxiyepiskop İ.Arqutinskinin, İ.Eminin və başqalarının xidmətlərini erməni azadlıq hərəkatı kimi təqdim edərək, onların İrəvan xanlığı ərazisində Erməni dövləti yaratmaq planlarından bəhs edib. Lakin bu əsərlərdə İrəvan xanlığının siyasi, iqtisadi tarixi, əhalisi haqqında məlumata da rast gəlmək olar. A.R.İoannesyanın əsərdə İ.Arqutinskinin məktubuna əsasən, İrəvan xanlığında erməni əhalisinin çox az olması fikrini təsdiq etməsi bizim xeyrimizə olan faktlardandır. Digər tərəfdən müəllifin əsərlərdə təqdim etdiyi arxiv sənədləri mövzumuz üçün çox əhəmiyyətlidir.
V.A.Parsamyanın 1972-ci ildə nəşr olunan monoqrafiyası da diqqəti cəlb edən əsərlərdəndir. Burada təsvir edilən hadisələr 1801-1900 illəri əhatə edir. Əsərin birinci və ikinci fəsilləri İrəvan xanlığının tarixinə həsr olunub. Lakin monoqrafiyanın adından göründüyü kimi müəllif bu xanlığın tarixini erməni xalqının tarixi kimi qələmə verərək, oxucunu buna inandırmaq və həqiqətdən yayındırmaq istəyir. Belə ki, əsərdə İrəvan xanlığının siyasi tarixi, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, şəhər və kənd həyatı, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, əhalinin sayı, etnik, dini və silki tərkibi haqqında məsələləri Ermənistan dövlətində baş verən hadisə kimi göstərir. İrəvan xanlığını erməni dövləti kimi təqdim etməyə çalışsa da, müəllif əsərində bütün yer adlarının Azərbaycan türkçəsində, hakimiyyətdə olan xanların Azərbaycan türkü, əhalinin əksəriyyəti isə Azərbaycan türklərinin olmasını açıq göstərib.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -