Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri“

25.07.18, 13:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri müsabiqənin nəticələri açıqlanıb

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Fondun icraçı direktoru Vüqar Səfərli, nazirliyin məsul vəzifəli əməkdaşları, ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələrini Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə təbrik edib, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb. Milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini deyən Əbülfəs Qarayev şərti olaraq "dördüncü hakimiyyət" adlandırılan medianın hazırda ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını, milli maraq və mənafelərin qorunmasında, azərbaycançılıq məfkurəsinin inkişafında mühüm xidmətlərinin olduğunu vurğulayıb. Nazir respublikamızın hazırkı sürətli inkişaf mərhələsində ölkə jurnalistlərinin üzərlərinə düşən şərəfli missiyanın öhdəsindən layiqincə gəldiklərini, müxtəlif sahələrdə əldə olunmuş uğurların və mövcud problemlərin ictimaiyyətə çatdırılmasında vətəndaş mövqeyi nümayiş etdirdiklərini vurğulayıb.
Son illər respublikamızda mədəni sahədə müasirləşməyə xidmət edən kompleks islahatların həyata keçirildiyini deyən Əbülfəs Qarayev Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə kino sənayesinin də inkişaf yolunda olduğunu vurğulayıb. Mədəniyyət naziri Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamı xatırladaraq deyib: "Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrdə kino sahəsi üzrə təhsil alırlar. Eyni zamanda Azərbaycan müxtəlif ölkələrdə keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb".
Nazir Azərbaycan kinosunun 120-ci ildönümü ərəfəsində kino sənətinin dünəni, bu günü və gələcək inkişaf perspektivlərinin obyektiv araşdırılması və ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Fondla birgə keçirilən əhəmiyyətindən söz açaraq yekun nəticələr barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mədəni həyatının bütün sahələrində müasirləşmə və inkişafın qabarıq duyulduğunu vurğulayıb. Azərbaycan kino sənətinin ötən 120 ildə zəngin tarixi inkişaf yolu keçdiyini deyən icraçı direktor bu sahəyə göstərilən dövlət qayğısının uğurlu nəticələr verdiyini vurğulayıb.
Vüqar Səfərli bununla üçüncü dəfədir ki, Fondun Mədəniyyət Nazirliyi ilə birgə yazı müsabiqəsi təşkil etdiyini, bu müsabiqələrin jurnalistlərin peşəkarlığının yüksəldilməsi, sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkib. İcraçı direktor Azərbaycan kinosunun 120 illiyi ərəfəsinə təsadüf edən "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf perspektivləri" mövzusunda birgə müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 44 yazının təqdim edildiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, müsabiqənin ekspertlər tərəfindən qiymətləndirilmiş yekun nəticələrinə əsasən 6 nəfər əsas, 6 nəfər həvəsləndirici mükafatlara layiq görülüb: "Müsabiqənin şərtlərinə əsasən, I yer üçün 1 nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800, III yer üçün 3 nəfər olmaqla 600 manat mükafatın verilməsi nəzərdə tutulur. Bundan əlavə, 6 nəfər yazı müəllifinə 300 manat məbləğində pul mükafatı veriləcək".
Tədbirdə çıxış edən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz birgə müsabiqənin Azərbaycanın kinosunun tarixinin və hazırkı inkişaf meyillərinin təbliği baxımından əhəmiyyətini vurğulayıb, habelə mövcud əməkdaşlığın genişləndirilməsi zəruriliyini qeyd ediblər.
Vüqar Səfərli fərdi jurnalist yazıları müsabiqəsinin təşkilinə verdiyi dəstəyə, habelə media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbiri yekunlaşdıran mədəniyyət naziri Əbülfəs Qarayev birgə müsabiqənin təşkilinə və KİV-lərlə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə minnətdarlığını bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Bu xəbər oxundu
- - -