Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Koroğlu” dastanında Giziroğlu Mustafa bəy

26.07.18, 5:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

“Koroğlu” dastanında Koroğlu silahdaşlarının prototipləri də tarixi şəxsiyyətlərdir. Cəlalilər dövrünün salnamələrində Dəli Həsən, Kosa Səfər, Tanrıtanımaz və başqa Cəlalilər ayrı-ayrı bölükbaşıları kimi göstərilirlər. Cəlalilər hərəkatının başçılarından biri kimi Giziroğlu Mustafa bəyin də adı salnamələrə düşüb. Dövrün arxiv sənədləri və digər tarixi qaynaqlarında Giziroğlu Mustafa bəyin kimliyi və Osmanlı paşalarına qarşı çıxdığı barədə kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Erməni tarixçisi Arakel Təbrizlinin “Tarix kitabı”nda Cəlalilər sırasında Giziroğlu Mustafa bəyin də adı çəkilir, onun Koroğlunun dostu olduğu da göstərilir: “Koroğlu (bu, həmin Koroğludur ki, indi aşıqların oxuduğu saysız-hesabsız mahnılar qoşub), Giziroğlu Mustafa bəy min nəfər ilə (о, Koroğlunun dostudur, onun adı Koroğlunun mahnılarında xatırlanır), [sonra] özgə Mustafabəy, Qaraqaş, Dəli Nəsib, Yola Sığmaz, Tanrı Tanımaz, Göyəbaxan Çıplaq, Коса-коса, Qırlı, Qara Saad, Ağacan Piri - onlar hamısı Cəlali idilər”.
Şərqi Anadoluda Cəlalilər hərəkatı Türkiyə tarixçisi Mustafa Ağdağ tərəfindən tədqiq olunub. Mustafa Akdağ “Türk halkının dirlik ve düzenlik kavgası: Celali İsyanları” adlı kitabında Kiziroğlu Mustafa haqqında Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan Mühimmə Dəftərlərindəki (Müh. Def. 61, s. 64; Müh. Def. 64, s.122) məlumatlara dayanaraq ünü Anadolunun dörd bir tərəfinə yayılan Kiziroğlu Mustafanın Malatya ilə Sivas arasında fəaliyyət göstərdiyini, tabeçiliyində bir neçə bölük olan güclü bir Cəlali şefi olduğunu, bu dəstənin Malatyadan Kayseriyə, Kırşehir və Niğdeyə qədər olan geniş bir sahəyə yayıldığını və Kiziroğlunun ölümündən sonra da tərəfdarlarının onun adına Cəlaliliyə davam etdiklərini göstərir: “Anklara`da Hüsam Şeyhoğulları, Çankırı`da Kara Veli, birer başbuğ idiler. Karaman Vilayetinde, emin iken isyan eden ve Kıroğlu diye şöhret kazanan Çabbar Kulu, Malatya ve Sıvas taraflarında Kizir Oğlu Mustafa, Maraş’ta Emrullah gibi âsiler, kendilerinden evvel misalleri yok denecek derecede kuvvetli, her biri birkaç bölüğe sahip ve geniş sahalara kadar adları ve bölükleri yayılmış birer celâli başbuğu olup, Karayazıcıoğlu ile başlayan Celali Ayaklanmalarının ünlü şeflerinden hiç de geri değillerdir. Bilhassa Kiziroğlu Mustafa ve Cabbar Kulu, çok uzun bir şekavet hayatı sürerek, birçok çavuşları ve yüksek timar erbabını emirlerinde bölükbaşıları olarak toplamışlardı. Kiziroğlu Mustafa’nın, çavuşlardan ve timardan mazul kimselerden ibaret olan bölükbaşıları, Malatya’dan Kayseri, Kırşehir ve Niğde’ye kadar olan geniş bir alana yayılmışlar, kendisi öldükten sonra da adına celalilikte devam etmişlerdi”.
Mustafa Akdağın Koroğlu ilə bağlı verdiyi məlumata istinadən deyə bilərik ki, Kiziroğlu Mustafa Ankarada Hüsam Şeyxoğulları, Çankırıda Kara Vəli, Karamanda Kıroğlu deyə şöhrət qazanan Çabbar Kulu, Maraşda Emrullah kimi üsyançılarla eyni dönəmdə fəaliyyət göstərib, Kara Yazıçının çevrəsində toplanan Cəlali bölükbaşılarından biri olub, Kara Yazıçının ölümündən sonra qardaşı Dəli Hasanla üsyanlarını davam etdirib və ondan ayrıldıqdan sonra yoldaşları ilə birlikdə Malatya, Kayseri, Kırşehir ve Niğdeyə kimi müxtəlif yerlərə yayılıblar.
Qeyd edək ki, Mustafa Akdağ bu kitabında Hüsеyin Hüsаmеttinin (“Amasya tarihi”, c.3, s.355-364) və Abdülkadir Efendinin (“Vekayii tarihiye”, İstanbul, Süleymaniye Kitaplığı, Esad Efendi Yazmaları, Nr. 2151, Vr. 107) Cəlali şeflərinin əksəriyyətinin, o cümlədən Kizir Mustafanın Аltı-Bölüкdən yetişmiş güclü sipahilər (süvarilər) olduğu fikrini də diqqətə çatdırır: “Öylе görülüyоr кi, Каrаyаzıcı`nınн еtrаfındа tоplаnan Cеlаli şеflеrinin екserisi (vе bеlкi dе hеpsi) Аltı-Bölüк`tеn yеtişmе sipаh zоrbаlаrı idilеr. Меsеlа, Аrаbаcı Sülеymаn, Аrnavut Hüsеyin, Dеli Zülfiкаr Аltı-Bölüк`tеn, Tекеli Меhmеt, Кizir Мustаfа, Dündаr, Tеpеsi Tüylü, Yıldızlı İbrаhim, Каfir Murad gibi mеşhurlаrının Аltı-Bölüк`tеn yеtişmə оlduкlаrını biliyоruz”.
Dastan haqqında xüsusi araşdırmanın müəllifi Pertev Naili Boratav “Halk hikayesi ve hikayeciliği” adlı kitabında İsmail Hakkı Uzunçarşılının Başbakanlıq Arxiv sənədləri içərisində Koroğlu ilə bağlı sənədlər tapdığını və bu sənədlərdə “Kiziroğlu, Demircioğlu, Mahmut Bezirgan, Kasap İsa (İsa Balı), İvaz, Hasan, Cefer ve Yusuf” kimi adlı Koroğlu silahdaşlarının adlarına rast gəldiyini qeyd edir. Giziroğlu Mustafa bəylə bağlı arxiv sənədlərində onun 1588-1591-ci illərdə fəaliyyəti ilə bağlı məlumat verilir. Faruk Sümer 1987-ci ildə yazdığı “Köroğlu, Kiziroğlu Mustafa ve Demircioğlu ile ilgili vesikalar” adlı məqaləsində Kiziroğlu Mustafa bəyin etnik baxımdan kürd əsilli olduğu, 1584-cü ildə Malatya və Sivas ətraflarında kürd tayfalarından 250 nəfəri də yanına alaraq üsyan etdiyi barədə məlumat verir. Eyni zamanda, Kiziroğlu Mustafa bəylə bağlı əldə etdiyi 4 sənədə - Mühimmə Dəftərlərindəki fərmanlara istinadən Kiziroğlunun fəaliyyəti haqqında tarixi gerçəklikləri ortaya qoyur. İbrahim Aslanoğlu “Kiziroğlu Mustafa Bey” adlı məqaləsində Faruk Sümerin “Köroğlu, Kiziroğlu Mustafa ve Demircioğlu ile ilgili vesikalar” adlı məqaləsinə istinadən Kiziroğlunun əslən Malatyadan (Arapkir) olduğunu bildirir, onun kimliyi və fəaliyyəti ilə bağlı Mühimmə Dəftərlərindəki fərmanlardan danışır və bu fərmanları olduğu kimi təqdim edir:
1588-ci il 25 may (28 Cemaziye`l-Ahir 996) tarixli ilk sənəd (Mühimme Defteri, No: 64, Sıra No: 581) Arapkir sancaq bəyi Ömər bəyə ünvanlanmış hökmdür. Bu hökmdə alay bəyləri və sipahilər səfərə getdiklərinə görə Giziroğlu Mustafa bəyin 250 nəfərlik kürdü yanına alaraq Diyarbəkr, Ərzurum, Sivas, Hələb və Maraş yollarından keçən karvanları soyduğu bildirilir, vilayətdə üç-dörd ildir, nə qədər adamı cəlayi-vətən etdikləri üçün Mustafanın və yandaşlarının cəzalandırılması istənilir.
1588-ci il 22 sentyabr (1 Zilkade 996) tarixli ikinci fərman (Mühimme Defteri, No: 64, Sıra No: 326) Ömər bəy verilən əmri yerinə yetirə bilmədiyi üçün Sivas bəylərbəyinə göndərilmişdir. Bu hökmdə Giziroğlu Mustafa bəyin öz fəaliyyətini daha da genişləndirdiyi bildirilir, eyni zamanda, onun cəzalandırılması üçün lazımi tədbirlər görülməsi tələb edilirdi. 1589-cu il 25 may (10 Recep 997) tarixli üçüncü fərmanda (Mühimme Defteri, No: 64, Sıra No:117) bir neçə əmr ehtiva olunur. Giziroğlu Mustafa bəyin on nəfər silahdaşı ilə Rakkaya yola düşdüyü üçün bu əmrlər yol boyu bəylərbəyilərə, sancaq bəylərinə və qazılara göndərilmişdi. Əmrlərdə Giziroğlu Mustafa bəylə on nəfər silahdaşını ələ keçirib İstanbula sultanın sarayına göndərilməsi əmr edilir.
Tarixi qaralanmış olan bir başqa fərmanda da yenə Kiziroğlu Mustafa bəydən söz açılır: “Malatya Sancağına ve Şam kadısına hüküm kü: Sen ki südde-i saadetime mektub gönderub kaza-i mezbura tâbi …… nam karyeden Ali bin Kelp İlyas nam kimesne kıta’ olub,…. baid-i vukuundan akdem siyaset olunan Gaziroğlu’nun yoldaşlarından olub, katl eyledikleri Abdullah nam Kadı’nın elin ben kat’ ettim’ deyü ikrar eyledüğü sicil olunub, sabıka Malatya’da celali şeklinde başkaldırıb Türkman Halebi Sancağı Beyi ….. evleri basan eşkiyaya serdar olduğu zahir olmağın haklarından gelmek içün …” diye devam etmektedir....”
Sənədlərdən görünür ki, Kiziroğlunun Karsda deyil, Arapkir, Divriği ve ətrafında olduğu göstərilir. Kiziroğlunun 1589-cu ildə tutularaq İstanbula götürülüp başı kəsilərək edam edildiyi iddia edilir. Yenə eyni qaynaqlara görə, Kiziroğlunun Rakka civarında yaxalandığı, yerinə dostlarından İlyasoğlu Alinin keçdiyi və onun da Gəncədə tutularaq başının kəsildiyi söylənilir. Lazımi bir məlumatı da qeyd etmək istərdik ki, Şükrü Elçin Britaniya Muzeyində “Şehname-i Al-i Osman”ı (Brltish Museum, Kütüphane, Ch. Rien Kataloğu, No. 79341, Şehname-i Al-i Osman) araşdırarkən belə bir şeir parçasına rast gəlib:

Kelb Ali Gence`de idüb inad
Olmuş idi bais-i şerr ü fesad
Ol da Kiziroğlu gibi aluri
Dar-ı siyasetde idindi yeri.

Yuxarıdakı üçüncü fərmana diqqət yetirdikdə aydın olur ki, Kiziroğlu Mustafa bəy Rakkada tutulub İstanbula aparılmış və orada edam edilib. Onun işini davam etdirən Kelp Ali də Gəncədə tutulub və eyni cəzaya məhkum olub.
Bilal Aksoy “Kiziroğlu Mustafa bey hakkında” məqaləsində Kemahlı Vardapet Qriqorun “Vakayiname”sində 1595-1640-cı illərdəki Cəlali üsyanla¬rından danışarkən bir Cəlali lideri kimi Kiziroğlu haqqında məlumat verdiyini vurğulayır: “1591 yılında Gezir-oğlu namında bir kürd türedi. Bu adam, Divrik ve Kemah dolaylarında bulunup (…) Dost-Ali köyünden idi. (…) Gezir Ağa’nın etrafa yayılan şöhreti İstanbul’a kadar ulaştı. Bundan haberdar olan Sultan Murad, bütün paşa ve beylere, bu adamı her hangi bir suretle muhakkak yakalayıp İstanbul’a göndermelerini emretti. Askerler uzun bir arama ve tâkibden sonra, Gezir-oğlu’nu (…) yakaladılar ve İstanbul’a götürdüler. Gezir-oğlu deveye bindirilmiş olduğu hâlde üzerine neft dökülerek yakıldı, kâhyası da çengele vuruldu. Böylelikle, ikisi de feci ölümle ortadan kaldırıldı”.
Sənədlərə dayanaraq Giziroğlu Mustafa bəyin doğulduğu bölgə, yaşadığı zaman, fəaliyyəti və aqibəti barədə məlumatları nəzərdən keçiridk. Koroğlunun yaxın silahdaşlarından olan Giziroğlu Mustafa bəy tarixi qaynaqlarda cəlalilərin tanınmış nümayəndələrindən biri kimi göstərilir. Göründüyü kimi, Giziroğlu Mustafa bəyin tarixi şəxsiyyət olduğunu dövrün arxiv sənədləri və digər qaynaqları da təsdiqləyir. Giziroğluya aid sənədlərdə onun Malatya, Divriği (Sivasa bağlı), Arapgir (Malatyaya bağlı), Erzurum, Sivas, Hələb, Maraş və Rakkada (Osmanlı dönəmində Hələbdə Türkmən və Kürd aşirətlərinin sürgün və sığınacaq mərkəzi olmuşdur) fəaliyyət göstərdiyi qeyd edilir. Deyilənlərdən belə nəticəyə gəlinir ki, igidlik və qəhrəmanlıq simvoluna çevrilmiş Giziroğlu Mustafa bəy tarixi qaynaqlarda olduğu kimi, dastanda da Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur.
“Koroğlu” dastanının Azərbaycan və Türkiyə mətnlərində Giziroğlu Mustafa bəy idealizə edilmiş xüsusiyyətləri ilə diqqətçəkici bir obraza çevrilib. Bu da onu deməyə əsas verir ki, Giziroğlu Mustafa bəy tarixi şəxsiyyət olsa da, aşıqların dillərində dəyişərək əfsanələşib. Onu da qeyd edək ki, xalqın bədii təfəkkür və yaradıcı düşüncəsinin məhsulu olan “Koroğlu” dastanında, digər dastanlarda olduğu kimi, Koroğlunun silahdaşlarından olan Giziroğlu Mustafanın da bədii obrazı xalqın arzu, istək və zövqünə uyğun olaraq yaradılıb.

Elza İsmayılova

Bu xəbər oxundu
- - -