Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İrəvan xanlığı

26.07.18, 11:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, erməni müəlliflərindən T.X.Akopyan öz monoqrafiyasında İrəvan şəhərinin tarixinə toxunmuşdur. Əsərdə İrəvan şəhərinin daxili quruluşu, ictimai-iqtisadi həyatı və əhali məsələlərinə yer verilib. Lakin İrəvan şəhəri erməni şəhəri kimi tədqiq olunaraq saxtalaşdırılmışdır. Digər tərəfdən əsərdə yeri gəldikcə, İrəvan xanlığının inzibati-ərazi bölgüsünə və dövlət quruluşuna da toxunulub. M.Arutunyan isə əsərlərində əsasən Eçmiədzin kilsəsinin tarixinə toxunsa da, burada torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər haqqında məlumata rast gəlmək mümkündür. İrəvan xanlığının tarixinin saxtalaşdırılması 1956-cı ildə nəşr olunmuş «Oçerki istorii SSSR» adlı ümumiləşdirilmiş əsərdə də öz əksini tapıb. Əsərin bir bölməsi «Ermənistan» kimi təqdim edilir və əslində burada İrəvan xanlığından bəhs edilib. Bu bölmənin müəllifləri olan A.R.İoannesyan və P.T.Arutunyan burada İrəvan xanlığını Şərqi Ermənistan kimi qələmə alaraq, onun siyasi, sosial-iqtisadi vəziyyəti, sənətkarlıq, ticarət, vergi və mükəlləfiyyətləri, mədəniyyəti və s. təsvir etməyə çalışıb. Lakin bu bölmədə İrəvan xanlığı erməni dövləti kimi təqdim edilsə də, diqqət etdikdə görmək olar ki, xanlığın tarixindən çox Eçmiədzin kilsəsinin tarixinə toxunulub və ayrı-ayrı erməni xadimlərinin casusluq və mədəni fəaliyyətindən bəhs edilib.
İrəvan xanlığının tarixinin təhrif edilməsi 1980-ci ildə İrəvanda nəşr olunmuş «Erməni xalqının tarixi» adlı ümumiləşdirilmiş əsərdən də yan keçməyib. Bu əsərin üçüncü fəsilində İrəvan xanlığından bəhs edilir. Hadisələr XIX yüzilliyin əvvəllərindən xanlıq işğal olunana qədər bir dövrü əhatə edir. Burada da İrəvan xanlığı Şərqi Ermənistan ərazisi kimi göstərilir, qısa da olsa onun siyasi, sosial-iqtisadi və əhali məsələlərinə toxunulur. Erməni müəlliflərinin digər əsərlərində olduğu kimi burada da xan başda olmaqla idarə orqanlarının və əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinin fəaliyyəti kölgədə qalır və Rusiya dövlətinə cəsusluq edən ayrı-ayrı erməni xadimlərinin fəaliyyəti isə həddən artıq şişirdirilir.
Qeyd etmək lazımdır ki, bütün erməni müəllifləri İrəvan xanlığını Ermənistan dövləti kimi qələmə almasına baxmayaraq, bu xanlığın tarixinin bütövlükdə tədqiq olunmasından qaçırlar. Onların əsərlərinə diqqət etdikdə görmək olar ki, İrəvan xanlığının tarixi XVIII yüzilliyin 80-ci illərindən və əsasən də XIX yüzilliyin əvvəllərindən təsvir edilir. İşğal olunduğu dövrdən bu günə qədər İrəvan xanlığını Ermənistan dövləti hesab edən erməni müəllifləri xanlığın tarixini ətraflı tədqiq etməkdən çəkinib və bu məsələdə bitərəfli xətt götürüblər. Bu bir daha sübut edir ki, İrəvan xanlığının tarixinin hərtərəfli tədqiqi əsl sahibinin - Azərbaycan tədqiqatçısının işidir.
Mövzumuzla bağlı bəzi məsələlərə gürcü sovet tarixçilərinin əsərlərində və dərsliklərində də rast gəlmək mümkündür. Məsələn, 1946-cı ildə nəşr edilmiş «Gürcüstan tarixi» adlı dərslik kitabında İrəvan xanlığının siyasi vəziyyəti ilə bağlı bəzi məqamlar öz əksini tapmışdır. Lakin əsərin əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan xanlığı Azərbaycan xanlığı kimi təqdim olunur. Gürcü sovet tarixçilərindən G.Kikodzenin «II İrakli» əsərində də İrəvan xanlığı ilə bağlı bəzi məsələlərə toxunulub. Əsər Kartli-Kaxetiya çarı II İraklinin həyat və fəaliyyətindən bəhs edilsə də, burada İrəvan xanlığının siyasi tarixinə dair hadisələr də öz əksini tapmışdır. Lakin əsərin müsbət cəhəti müəllifin İrəvan xanlığını Azərbaycan xanlığı kimi qəbul etməsidir.
Q.Q.Payçadze «Georgievski traktatı» əsərində də İrəvan xanlığı ilə bağlı bəzi məqamlara toxunub. Əsərdə 1783-cü ildə Rusiya ilə Kartli-Kaxetiya arasında bağlanmış müqavilədən bəhs edilir. Ancaq burada İrəvan xanlığının Kartli-Kaxetiya çarlığı ilə münasibətlərinə də müəyyən qədər yer verilmişdir. Monoqrafiyada maraqlı məqam müəllifin İrəvan xanlığına ziddiyyətli münasibətidir. Q.Payçadze İrəvanın müstəqil xanlıq kimi XVII yüzilliyin əvvəllərində Ermənstanda yarandığını göstərmişdir. O, yazır ki, İrəvan xanlığı 1604-cü ildə I şah Abbas tərəfindən Şərqi Ermənistan ərazisində yaranmışdır. Digər tərəfdən müəllif İrəvan xanlığını erməni dövləti olmadığını göstərmişdi. Gürcü tarixçisi fikirini belə izah edir: «Beləliklə, İrəvan xanlığı dövlət idarəçiliyi aparatına görə erməni dövləti deyil».
Azərbaycan sovet tarixşünaslığında isə vəziyyət bir qədər fərqlənir. 1920-30-cu illərdə xalqımıza qarşı repressiyanın güclənməsi, inzibati amirlik sisteminin tarixşünaslığa sirayət etməsi tariximizin həqiqi tədqiqinə mane olmuşdu. Tədqiqatçılarımız millətçi damğasından ehtiyat edərək tariximizin bir çox problemlərində, əsasən də ərazi məsələsində susmuşdular. Məhz bu baxımdan İrəvan xanlığının tarixinə biganə yanaşılıb və bir növ Azərbaycanın bu qədim torpaqları ermənilərə «güzəşt» edilmişdi. Lakin buna baxmayaraq, Azərbaycan sovet tarixşünaslığında digər Azərbaycan xanlıqları ilə bağlı əsərlər yazılmışdır.
Azərbaycan xanlıqları ilə bağlı məsələlər 1958 və 1961-ci illərdə nəşr edilmiş Azərbaycan tarixinin birinci və ikinci cildlərində əksini tapmışdır. Bu ümumiləşmiş əsərlərdə Azərbaycan xanlıqlarının yaranmasının şərtləri, ictimai-iqtisadi və siyasi quruluşu, Rusiya tərəfindən işğalından bəhs edilir. Məhz burada qoyulan məsələləri İrəvan xanlığının tarixinə də şamil etmək olar.
XVIII yüzilliyin Azərbaycan tarixinin görkəmli tədqiqatçıları H.V.Abdullayevin və F.M.Əliyevin əsərlərində bilavasitə İrəvan xanlığının tarixinə toxunulmasa da, burada xanlıqların ümumi sosial- iqtisadi və siyasi quruluşu, inzibati ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər, əhalinin sosial tərkibi, şəhər və kənd həyatı və s. məsələlərə geniş yer verilib. Bu məsələlər mövzumuzun tədqiqində mühüm yeri tutur.
Güney Azərbaycan xanlıqlarının görkəmli tədqiqatçısı H.Ə.Dəlilinin əsərlərində isə İrəvan xanlığı tarixinin bəzi məsələləri öz əksini tapıb. Müəllif əsərlərində Güney Azərbaycan xanlıqarının siyasi, sosial-iqtisadi, idarəçilik va digər məsələlərdən bəhs etməklə yanaşı İrəvan xanlığının Urmiya və Xoy xanlıqları ilə siyasi münasibətlərinə qısa da olsa toxunub. Ancaq müəllif bu xanlığa Azərbaycanda deyil, Ermənistanda yaranan dövlət kimi yanaşır.
E.Qarayevin araşdırmasında bildirilir ki, mövzu ilə bağlı əsərlərin dördüncü qrupuna XX yüzilliyin 90-cı illərin əvvəllərində Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra yazılan əsrlər daxildir: "Sovet dövründə xalqımıza ögey münasibət olduğuna görə, onun tarixini saxtalaşdırmağa səy göstərilmişdir. Belə ögey münasibət Azərbaycan xanlıqlarının siyasi tarixindən də yan keçməmiş və obyektiv səbəblərdən vətən tarixşünaslığında İrəvan xanlığının tarixinə toxunulmamışdı. Ancaq müstəqillik əldə edildikdən sonra xalqımız öz tarixinə sahib çıxıb, tədqiqatçılarımız bu sahədə uğur qazanıblar. Sovet dövründə zor gücünə Azərbaycan xanlıqlarının tarixindən ayrı öyrənilən İrəvan xanlığının tarixinə dair əsərlər yazılmağa başlandı.
Müstəqillik dövründə İrəvan xanlığının bilavasitə tarixə həsr edilmiş ilk cəhd kimi Azərbaycan xanlıqlar dövrünün görkəmli tədqiqatçılarından biri F.Əliyevin U.Həsənovla birlikdə yazdıqları «İrəvan xanlığı» əsərini hesab etmək olar. Bu əsər sonralar İrəvan xanlığı tarixi haqqında yazılacaq əsərlər üçün bir örnəkdir. Əsərdə İrəvan xanlığının siyasi, ictimai-iqtisadi vəziyyəti, inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergi və mükəlləfiyyətlər kimi məsələlər öz əksini tapıb. Lakin ilk cəhd olduğu üçün arxiv materiallarının azlığından monoqrafiyada çatışmayan məsələlər az deyil. Əsərdə İrəvan xanlığı ilə Kartli-Kaxetiya, Rusiya, İran, Osmanlı dövləti ilə siyasi münasibətlərdə bir çox məsələlər diqqətdən kənarda qalmış, hadisələrə qısa toxunulmuş, hakimiyyətdə olan İrəvan xanlarının hamısı haqqında məlumat verilməmişdir.
Bu qrupa daxil olan əsərlərdən biri də «Naxçıvan xanlığı» monoqrafiyasıdır. F.Əliyevin və M.Əliyevin birlikdə yazdıqları bu əsərdə Naxçıvan xanlığının tarixinə toxunulsa da, burada İrəvan xanlığının Naxçıvan, Qarabağ, Xoy xanlıqları ilə siyasi münasibətləri, Ağa Məhəmmd şah Qacarın yürüşləri dövründə Naxçıvan və İrəvan xanlıqlarının siyasi durumu kimi məsələlərə toxunulub. M.Süleymanovun əsəri isə İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən bəhs edir. Əsərdə İrəvan xanlığının siyasi tarixi, onun Rusiya, İran, Kartli-Kaxetiya, Osmanlı dövlətləri ilə münasibətləri, dövlət quruluşu, inzibati-ərazi bölgüsü, əhali haqqında məsələlər öz əksini tapmışdır. Ancaq bu əsərin qüsuru ondan ibarətdir ki, müəllif təsvir etdiyi hadisələrin sitatını göstərmir.
Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələrinə G.Nəcəflinin əsərində də toxunulub. Bu əsər Azərbaycan tarixşünaslığında Osmanlı-Azərbaycan xanlıqları münasibətlərinə dair yeni səpgidə yazılmış əsər hesab edilməlidir. Türk arxiv mənbələri əsasında yazılmış əsərdə İrəvan xanlığının siyasi vəziyyəti, xanlığın Kartli-Kaxetiya, Osmanlı Türkiyəsi, Rusiya, İran ilə münasibətlərinə dair maraqlı faktlar aşkar edilib.
F.Ağamalının əsəri mövzumuz üçün xüsusi əhəmiyyəti var. Əsərdə ayrıca İrəvan xanlığından bəhs edilməsə də, burada ümumi Azərbaycan xanlıqlarının sosial-iqtisadi, xanlıqların inzibati-ərazi bölgüsü, torpaq mülkiyyəti formaları, vergivə mükəlləfiyyətlər, şəhər və kənd həyatı, əhalinin sosial tərkibi haqqında məsələlər işıqlandırılıb. Tədqiq etdiyimiz mövzu ilə bağlı olan əsərlərdən biri də M.Mustafayevin «Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq» adlı monoqrafiyasıdır. Bu Azərbaycan tarixşünaslığında xanlıqlar dövründə sənətkarlıq problemlərindən bəhs edən ilk əsərdir. Zəngin arxiv materialları və yazılı mənbələr əsasında yazılmış əsərdə Azərbaycan xanlıqlarının, həmçinin İrəvan xanlığının sənət istehsalının əsas mərkəzləri olan şəhərlərin vəziyyəti və sənət istehsalının ayrı-ayrı sahələrinin inkişaf səviyyələri tədqiq edilir".

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -