Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cocuq Mərcanlıda istixana və arıçılıq təsərrüfatları yaradılıb

27.07.18, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində istixana və arıçılıq təsərrüfatları yaradılıb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu gün bu təsərrüfatlar Cocuq Mərcanlı sakinlərinin istifadəsinə verilib. Bununla əlaqədar Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və 2016-cı ilin aprel ayında həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı ilə strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın bərpa olunması və sakinlərin öz ata-baba yurdlarına dönməsi üçün əlverişli şəraitin yaradıldığını vurğulayaraq Böyük Qayıdışa Cocuq Mərcanlıdan başlayan Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarımızda tikinti-quruculuq işləri aparmağa qadir olduğunu qeyd edib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin sürətlə aparılması 24 illik fasilədən sonra həyatın əvvəlki axarına qayıtması bunun əyani göstəricisidir. Ş. Musatafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların, xüsusilə sərhəd rayonlarının inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan İqtisadiyyat naziri birgə layihənin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Bildirilib ki, burada məhsullar “Cocuq Mərcanlı” brendi altında istehsal olunacaq. İqtisadiyyat naziri assosiasiya rəhbərlərini və sahibkarları Cocuq Mərcanlıda layihələrin icrasına dəvət edib.
Türkiyənin Azərbaycandakı Səfirliyinin iqtisadiyyat müşaviri Can Memduh Erdem və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyinin Proqram Kordinatoru Adəm Urfa Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, birgə layihələrin reallaşdırıldığını diqqətə çatdırıb, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında önəmini vurğulayıblar. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 15 ədəd hər biri 160 m2 sahəyə malik polietilen örtüklü tunel tipli istixanalar qurulub. İstixanalar damcı suvarma sistemi ilə təchiz olunub, istifadəçilərə toxum, gübrə və pestisidlər, bitkilərə qulluq üçün alət və avadanlıqlar verilib. Bunlarla yanaşı, layihə iştirakçılarına tərəvəzin becərilməsi ilə bağlı 3 ay müddətində təlim və məsləhət xidməti göstəriləcək.
Birgə həyata keçirilən layihələr çərçivəsində həmçinin, Cocuq Mərcanlıda 15 ailənin hər birinə 10 arı ailəsi olmaqla 150 arı ailəsi verilib. Arı təsərrüfatlarının hər biri 10 ədəd iki mərtəbəli iyirmi çərçivəli yeşiklə, arıçılıq avadanlıqları və materiallarla (gəzdirmə qutusu, qəfəs, fırça, arıcı libası və s.), xəstəliklərə qarşı dərman vasitələri ilə təmin olunub. Birgə layihənin birinci mərhələsi çərçivəsində 30-dan çox Cocuq Mərcanlı sakininin məşğulluğu təmin edilib. Cocuq Mərcanlıda Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi davam etdirilir. Belə ki, burada daha bir layihənin - suvenir istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana və s. fəaliyyət göstərəcək. Müəssisənin bu ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacaq. Bunlarla yanaşı, Cocuq Mərcanlıda Türkiyə ilə daha bir birgə layihə çərçivəsində ilkin mərhələdə 150 başlıq cins heyvandarlıq kompleksinin yaradılması işlərinə başlanılıb. Birgə layihələrdə Türkiyəli mütəxəssislərin təcrübəsindən də istifadə olunacaq. Sonra tədbir iştirakşıları birgə həyata keçirilən layihələr çərçivəsində görülən işlərlə tanış olublar.

Bu xəbər oxundu
- - -