Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şamanizmdə insan-təbiət qarşılaşması

30.07.18, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı
Şamançılıq bir sistem kimi əski türklərdə Göy Türk kağanlığı dövründən başlayaraq qeydə alınıb. Şamanların Göy Tanrıya inanmaları, onu hər şeyin fövqündə duran qüvvə kimi qəbul etmələri olub. Şamançılıq ruhlarla insanlar arasında əlaqəni tənzimləyən, praktik inamlara əsaslanan mərasimləri ilə zəngin bir sistemdir. Başqa sözlə, inamlardan ibarət praktik fəaliyyət növüdür. O bir dünyagörüşü kimi əski türk mədəniyyətinin bütün qatlarına zaman-zaman öz təsirini göstərib, tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olub. Ancaq şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmayıb. Qeyd etmək lazımdır ki, M.Kaşğarlının "Divan"ında şamanizmlə bağlı sözlərə rast gəlirik. Onun müsəlman türklərinin əski şamanlıq qalıqlarından olan kəlmələri izah edərkən tam bir şamançı türk kimi çıxış etməsi göstərir ki, şamanizm türk ruhuna yaxın bir inanc olub.
Göründüyü kimi, şamançılıq türklərin inanc tarixində mühüm yer tutub. Şamanizm yaxından öyrəndikdə məlum olur ki, onlar əhalinin məişət və təsərrüfatına, ətraf mühitinə təsir göstərmək gücünə malik olublar. İnama görə şamanlar hər şeyə qadir imişlər; ölüb-dirilməyi bacarıb, ən çətin sınaqlardan uğurla keçə biliblər. Maraqlıdır ki, onların həyat tərzi, məqsədlərinə çatmaqdan ötrü qamlıq etmələri bilavasitə ətraf mühit və onun komponentləri ilə bağlı olub. Şaman əfsanələrinə və tədqiqatlara görə şamanlar birdən-birə deyil, Yaradanın istəyi ilə şamandoğulma hallarını keçib bu mərhələyə çatırlar. Şamandoğulma çətin prosesdir. Bunun ilkin şərtlərindən biri bilavasitə, həmin anlarda təbiətlə sıx təmasda olmaqdır. Məsələn, “Şamanın azarlaması” söyləməsində deyilir ki, gələcəyin şamanı narahatlıq keçirir və o, çayın qırağına gedib üzü üstə yerə yıxılır. Ağzından köpük gəlir. Bir müddət belə qalır, ayılandan sonra şaman olur. Görkəmli mifoloq, professor M. Seyidova görə, gələcəyin şamanının çay (su) sahilində üzü üstə torpağa yıxılıb yatması təsadüfü deyil, əski mif təfəkkürü ilə bağlıdır. Başqa sözlə, qədim türk xalqlarının inamı, suya müqəddəs varlıq kimi yanaşmaları, onu həyatın ilkin başlanğıclarından biri hesab etmələri ilə əlaqədardır. “Gələcəyin şamanının çay (su) qırağında üzü üstə yerə yıxılıb, bu duruşda müəyyən müddət qalması, bizcə, yerin uduqluğu - müqəddəsliyi ilə səsləşir. Yer türk xalqlarında ana (qadın) kimi qəbul edilib. Onun əri Göy, torpağı – Yeri yağış vasitəsi ilə mayalayır. Gələcəyin şamanı suya, torpağa – yerə ulu, uduq, anaya tapınır və onların yardımı ilə şaman-qam istedadına yiyələnir.”
“Əski insanın düşünmə tərzi hər nəsnədən öncə yaşamaq uğrunda mübarizə ilə təbiəti dərketmə və ona inam ilə də şərtlənir. Təbiətə inam anlayışı çox genişdir, əhatəlidir.” Suya, Torpağa, Dağa-daşa, Ağaca - bitkiyə, heyvana, Yelə-küləyə, Günəşə inam insana güc verir, onu yaşadır, bəzi hallarda fitri qabiliyyətə yiyələnir. Dastanlarımızda (“Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və b.) buta verilən aşıqlar saz çalmağı, söz qoşmağı, qabaqcadan bilgilər verməyi bacarırlar. Onlara bu istedad ağacın altında, torpağın üstündə, su hövzələrinin yanında, mağaralarda, daş pirlərin içində yatarkən verilir.
Qam-şaman təfəkkürü, xüsusilə ondan qabaqkı görüşülər türk xalqlarının mifoloji-fəlsəfi baxışların, az sonra dinin söykəndiyi görüşlərin üzə çıxmasına, biçimlənməsinə, bədii təfəkkürün, estetik duyumunun yaranmasına, genişlənməsinə yardım edib. Bu görüşlər çevrəni dərk etmək, təbiətlə qarşılaşmasından yaranana mürəkkəb durumdan yaranıb. Bu görüşlər düzüşü – konsepsiyası insanın təbiəti sevmək hissini gücləndirirdi, insanla təbiət arasında qarşılıqlı ilişgə yaradırdı.
Ötən yüzillikdən yaxşı tanıdığımız sofular – Sofu Ocağı şamançılığın özgə biçimdə davamıdır. Onların da həyat və fəaliyyəti təbiətlə əlaqəlidir. Ətraf mühitlə və onun yaradıcısı ilə sıx ünsiyyət, bizə görə, sufilərdən gəlmədir. Qeyd etmək lazımdır ki, kökü sufizmə gedib çıxan Sofu ocağı, şamançılığın özgə bir şəkildə təcəssümüdür. Sofu Fərəcə ilan ocaqlığı veriləndə “Yanında var idi ayətli bir daş.” Bizə görə, həmin daş elə “yada” daşının özüdür. Bu daşın adı şaman əfsanələrində bir neçə dəfə çəkilir. Təsadüfi deyil ki, insanların min illərdən bəri etiqad elədiyi daş kultu hər zaman tədqiqatçıların diqqətini cəlb edib. Ola bilsin bu, daşın qədim insanların həyatında mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlib. Yüz ildən çoxdur ki, Sofu ocağında müqəddəs bir daş kimi ziyarət olunan “ayət” – “yada” daşı insanın təbiətə pozitiv münasibətinin göstəricisi kimi də çıxış edir. Burada əski türklərin etiqad elədiyi yada daşı - ayət daşıdır. Əvvəlcə yada daşı haqqında. Yağışkəsmə məqsədilə oxunan:

Qodu daşı,
Odu daşı,
Qodu kəssinn yağışı

- əfsun duasının minilliklərə söykənən tarixi vardır. Adı çəkilən daş (Odu, Kudu) yada - sata daşıdır. Əsatirlərdə və mifologiyada yada daşından quraqlıq vaxtı yağış yağdırma, leysanlı – ziyanlı yağışlarda isə yağışkəsmə kimi istifadə olunurdu. Müşahidlərimiz göstərir ki, güclü-selləmə yaz yağışlarında, şaqqıltılı göy gurultularında təhlükələrdən sovuşmaq üçün yerli əhali Qurbanlı pirindəki (Dirili Qurbaninin qəbri olan ziayarətgah) daşlardan birini gətirib evdə saxlayır və inanardılar ki, dolu ilə müşayiət edilən bərk yağışların dayanmasına o kömək edir. İnama görə Sofu ocağına məxsus “ayət daşı” bəzi xətəliklərdə şəfaverici gücə malikdir, eyni zamanda insana çətin durumdan çıxmaqda kömək edir. Diri dağlarının qoynunda və yaşlı çinar ağaclarının altındakı Mazan Nənə pirində ilan ocaqlığı verilmiş Sofu Fərəc (sonralar oğlu Sofu Usub) əhalinin təhlükəli hesab etdikləri ilanlarla asanlıqla münasibət qurmağı bacarır, onları ovsunlayıb tutur və yaşayış məskənlərindən kənar yerlərə aparıb buraxırdı. Bununla, əhalini zəhərli ilanların sancma, ilanları isə əsassız yerə insanların onları məhvetmə təhlükəsindən xilas edirdi. Əhali inanırdı ki, ilanlar sofuya toxunmur, onu eşidir, qeyd-şərtsiz çağırışına gəlir, göstərişlərini icra edir. Dastan qəhrəmanları və şamanlar kimi sofu-ilan ocaqlığı da sahibinə dağda, ağacın altında, bulağın (suyun) yaxınlığında verilir. Sofunun şəfaverici - xilasedici rəmz kimi qəbul olunması da bununla bağlıdır.
Sofu Usub çətin ram olan, qaçıb gizlənən ilanı məharətlə ovsunlayıb tutardı:

“Möcüzəydi onun ilan tutmağı,
Ovsunlayıb heybəsinə atmağı.”

Əgər ilan evdəki dəlmə-deşiklərdə gizlənərdisə, özünəməxsus çağırışla gəlməyə məcbur edirdi. O, tutduğu ilana zərər vermədən torbasına yerləşdirib xeyli uzaqlara aparıb atardı. Bu, insanları ilan sancmasından qorumaq, ilanın özünü isə insanların bu faydalı heyvanları öldürmək təhlükəsindən xilas etmiş olurdu:
“Qara xallı gürzələri tutardı,
Gözdən iraq məskənlərə atardı.”

Zəhərli ilanların mühafizəsi bu gün aktual problemlərdən biridir. Zərərvericiləri məhv etdiyinə görə ilanlar faydalı hesab olunur. Tibb elminin mövcud olmadığı orta əsrlərdə şərq təbabətindən bəhrələnməklə əhali özünü bir çox xəstəliklərdən qoruya bilirdi. Bu zaman təbiətdəki şəfaverici bitkilərdən istifadə edən insanlar, görünür, onların biofarmokoloji xüsusiyyətlərini bilib, bitkliəri morfolji cəhətdən yaxşı tanıyıb.
Qeyri-ənənəvi üsullarla müalicə indi də var. Ötən əsrin ikinci yarısında Sofu Usubun bəzi xəstəlikləri dəf etməsi, şəfavericilik kimi keyfiyyətləri, onun yeddi rəng sapı birləşdirib ovsun oxuya-oxuya yeddi düyün vurması və xəstənin ağrıyan nahiyələrinə, o cümlədən alnına, ağzına, burun-boğaz və qulağına üfləməklə onları ovsunlaması indi də yaddaşlarda yaşayır. Dualayıb ovsunladığı duzu xəstəyə, qorxusu olana verərdi. Belə xəstələrdə qorxu-hürkü itər, xəstəlik aradan qalxar, azar-bezardan arxayınçılıq yaranardı. Sofu Usubun görkəmi hər kəsə ağlasığmaz inam, qətiyyət və güc bəxş edirdi. Onu kənardan müşahidə olduqca maraqlı idi.
Qeyd etmək lazımdır ki, bu cür üsullarla müalicə qədim türklərdə şaman duaları fonunda mövcud olmuş, onun izləri folklorumuzda mühafizə edilərək qalıb; it qapma, qorxugötürmə, dəmirovqaytarma, boğazqaytarma, nəzərgötürmə, baş, diş və göz ağrısı, il yarası kimi xəstəliklər, bundan əlavə qurdağzı bağlama, çilləkəsmə, dil-ağız bağlama, yağışyağdırma və yağışkəsmə əfsunları indi də var. Nəzərqaytarma ilə bağlı hələ də icra olunan aşağıdakı ayin hamıya məlumdur.
Üzərriksən, havasan,
Həzər dərdə davasan.
Hər yerdə sən olasan,
Qada-bala sovasan.

Ayin zamanı bölgələrdən asılı olaraq, üzərliklə barabər, duz, un, soğan qabığı, atıl-batıl, yovşan və s.-dən də istifadə edilir. Burda, adı çəkilən bitkilərin müalicə əhəmiyyəti, duz və unun bərəkət rəmzi olması daha çox onlara inamla bağlıdır.
Sofu Usubun qarşılaşdığı çətinliklər zamanı keçirdiyi rituallar belə bir fikir söyləməyə əsas verir ki, onun davranışındakı xüsusiyyətlər əski şaman mərasimlərinə xeyli dərəcədə yaxındır. Əfsanəyə görə, şamanlar ən ağır xəstəni belə sağaldır, hətta bəzi ölüləri dirildə bilirdilər. Müasir yoqa sistemi bunun mümkünlüyünü təsdiq edir. Ölümün iki forması məlumdur: kliniki və bioloji. Kliniki ölüm keçirən insanı müasir təbabət asanlıqla müalicə edib sağaldır. Belə xəstələrdə mərkəzi sinir sisteminin və ürəyin fəaliyyəti xeyli zəifləyir, lakin tam fəaliyyətsiz qalmır. Bioloji ölümdə isə insan həyat fəaliyyətini tamamilə itirir. Burdan belə nəticəyə gəlmək olar ki, şamanlar xeyirxah və ya köməkçi ruhlarının yardımı ilə istədiklərinə nail ola bilirdilər. Deməli, şamanizmdə həyata keçirilən ritualların elmi əsasları var. Şamanlar bədxah və xeyirxah ruhlara malik olur. Atəşpərəstlik dininin yaradıcısı Zend-Avesta da dualizm prinsiplərindən istifadə edir - Xeyir və Şər Tanrısı: Hörmüz və Əhrimən. Maqlar bu prinsipə əsaslanaraq, tarixən insanların həyat və fəaliyyətində mühüm rol oynayıblar. Şamanların əski tarixdəki rolu bununla bilavasitə ilişiklidir. İstər Altay və Yakut, istərsə də Türküstan şamanları ötən əsrin əvvəllərinə qədər geniş fəaliyyət göstərib, mövcud dövrün inam mənbəyinə çevriliblər. Elmi araşdırmalarda şamanizm öz yerini çoxdan tapıb. Doğrudur, şaman möcüzələri hələlik birmənalı qəbul olunmur, lakin tam inkar da edilmir.
Yusif Dirili

Bu xəbər oxundu
- - -