Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon dollar təşkil edib

30.07.18, 12:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayında deyilir. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1 milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (54,6 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (96,7 milyon ABŞ dolları), Türkiyə (25,9 milyon ABŞ dolları), İsveçrə (12,8 milyon ABŞ dolları), Gürcüstan (8,1 milyon ABŞ dolları) və Niderland (5,8 milyon ABŞ dolları) qərarlaşıb. 2018-ci ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon ABŞ dolları). Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 milyon ABŞ dolları) isə üçüncü olub.
“İxrac İcmalı”nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, “Food Export Şəmkir” MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.

Bu xəbər oxundu
- - -