Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Beynəlxalq reytinqlərdə Azərbaycanla bağlı nikbin proqnozlar verilir

30.07.18, 13:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ölkəmiz MDB üzrə orta əmək haqqının səviyyəsinə görə ilk beşlikdədir

MDB ölkələrinin iqtisadiyyatında baş verən sosisal-iqtisadi proseslər hər zaman diqqət mərkəzindədir. Ən azından bu ölkələrin iqtisadi artım və sosial həyatının müqayisəsi daha ağlabatan sayılır. Çünki 90-cı illərdə müstəqillik qazanmış respublikaların sosial-iqtisadi inkişaf göstəricilərinin MDB çərçivəsində müqayisəsi daha aydın təsəvvürlər yaradır. Belə ki, Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsi Tacikistanda 137 dollar, Qırğızıstanda 216,3 dollar olub. Bu, MDB və keçmiş sovet ölkələri arasında orta aylıq əməkhaqqı səviyyəsinə görə ən aşağı göstəricidir. Əməkhaqqının ən yüksək olduğu ölkə isə Rusiyadır ki, burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. Həmin göstərici üzrə ikinci yerdə Qazaxıstan (459,1 dollar) , üçüncü Belarus (421,9 dollarla), 4-cü Azərbaycan (306,7 dollarl), 5-ci Moldova (308,4 dollar), 6-cı yerdə isə Ukrayna (272,9 dollarl) gəlir.
İqtisadi artımla bağlı beynəlxalq maliyyə institutlarının və reytinq agentliklərinin proqnozları da pozitivdir. Belə ki, Dünya Bankı növbəti 3 il ərzində Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır. Bankın proqnozlarına əsasən, 2018-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 1,8 faiz, 2019-cu ildə 3,8 faiz, 2020-ci ildə 3,2 faiz artacaq. Ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatının artım templəri qaz hasilatının genişlənməsi və Transanadolu boru kəmərinin işə salınması ilə sürətlənəcək. Analitiklər hesab edirlər ki, OPEK+ sazişinin müddətinin 2018-ci ilin sonunadək uzadılması fonunda Azərbaycanda hasilat həcmləri çox azalmayacaq. Bundan başqa, Dünya Bankı bu il neft qiymətlərinin artımını və bu qiymətlərin ortamüddətli perspektivdə sabitliyini proqnozlaşdırır. Dünya Bankı həmçinin 2018-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır ki, bu da dövlət investisiyalarının 83 faizədək artmasına gətirib çıxara bilər.
Başqa bir beynəlxalq qurumun - "Standard & Poor’s" reytinq agentliyinin hesabatına görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağı gözlənilir. "Standard & Poor’s" reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda "VV+/V" səviyyəsində təsdiq edib. Reytinqlər üzrə proqnoz müsbət qeyd edilib. Agentlik həmçinin hesabatında qeyd edib ki, Azərbaycan qazının Türkiyə və Avropaya tədarükünü nəzərdə tutan “Şah Dəniz” qaz kondensat yatağının hazırlamasının ikinci mərhələsi iyulun əvvəlində tamamlanıb ki, bu da öncədən planlaşdırılmış qrafikə uyğun olub. Hesabatda qeyd edilir ki, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir. Belə ki, layihə tam miqyası ilə işə düşəcək və bu, daha geniş iqtisadi fəallığı özündə ehtiva edir.
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyi də Azərbaycandakı sosial və siyasi sabitliklə bağlı maraqlı proqnoz açıqlayıb. Belə ki, "Fitch Ratings"ın qiymətləndirmələrinə görə, Azərbaycanda mövcud olan geniş sosial və siyasi sabitlik davam edəcək. Agentlik xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. "Fitch Ratings" proqnozlaşdırır ki, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Agentliyin rəyinə görə bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. Analitiklərin məlumatına görə, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi manatın sabit məzənnəsi göstərilir.
"Fitch Ratings" həmçinin Azərbaycanda bank sektorunda dollarlaşma səviyyəsinin azaldığını da qeyd edir. Belə ki, depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb. Bunlarla yanaşı, hesabatda vurgulanır ki, dünya bazarında neftin yüksək qiymətləri, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması və “Şah Dəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində görülən işlər hasil edilən karbohidrogen ehtiyatlarının ixracatının və gəlirlərin artmasına təkan verəcək. Daxili balansın profisitinin artımı Dövlət Neft Fondunun aktivlərinin və beynəlxalq rezervlərin həcmini bərpa etməyə kömək edəcək.
Fitch-in proqnozlarına görə, 2018-ci ildə "Brent Crude" neftinin 1 barelinin qiyməti 70 dollar, 2019-cu ildə 65 dollar, 2020-ci ildə isə 57,5 dollar olacaq. Bu rəqəmlər isə Azərbaycan üçün əlverişlidir və növbəti illər üzrə də neft sektorundan böyük gəlir götürüləcəyindən, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün imkanlar olacağından xəbər verir.

Mahir Həmzəoğlu

Bu xəbər oxundu
- - -