Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək

31.07.18, 13:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurları sadələşdiriləcək. İyulun 31-də İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – "Yaşıl Dəhliz" mövzusunda "dəyirmi masa" keçirilib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri barədə ətraflı məlumat verib. Vurğulanıb ki, sənaye sahəsində biznes fəaliyyətinin dəstəklənməsi və istehsal sahəsində məşğulluğun artırılması məqsədilə sənaye parkları və sənaye məhəllələri yaradılır, sahibkarların səmərəli fəaliyyəti üçün zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur. Bildirilib ki, sənaye parklarının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azaddır. Niyazi Səfərov qeyd edib ki, sənaye parklarında rezidentlərin idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə Dövlət Gömrük Komitəsi zəruri işlərin təşkilinə başlayıb.
Dövlət Gömrük Komitəsinin idarə rəisi Səməd Qaralov gömrük sistemində aparılan təkmilləşdirmə işləri barədə məlumat verərək, gömrük infrastrukturunun gücləndirildiyini və gömrük prosedurlarının sadələşdirildiyini qeyd edib," Yaşıl Dəhliz"in idxal-ixrac əməliyyatlarının sadələşdirilməsində və sahibkarların vaxtına qənaət edilməsində önəmini diqqətə çatdırıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Nadir Adilov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi və sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verərək, KOS-lara göstərilən xidmətlərin bir məkanda – "Kiçik və Orta Sahibkarlıq Evi"ndə birləşdiriləcəyini qeyd edib. "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov sənaye parklarında rezidentlər üçün yaradılmış əlverişli şərait, müasir infrastruktur barədə məlumat verib. O, "Yaşıl Dəhliz"in tətbiqinin sahibkarların sənaye parklarına marağını daha da artıracağını qeyd edib.
Tədbirdə "Yaşıl Dəhliz Xidməti" layihəsinin təqdimatı keçirilib və layihənin üstünlükləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Sonda "Sumqayıt Kimya Sənaye Parkı" MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Təmiz Şəhər" ASC və "Yaşıl Dəhliz Xidməti" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Bu xəbər oxundu
- - -