Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropa Komissiyası TANAP-ın maliyyələşdirilməsini artıracaq

31.07.18, 13:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 5 milyon avro həcmində qrant ayıracaq. Trend bu barədə TANAP konsorsiumuna istinadən məlumat verir. Qeyd olunur ki, vəsait Avropa İttifaqının “CEF Energy” fondundan mühəndis işlərinin monitorinqinə və katod müdafiəsinin layihələndirilməsi zamanı modifikasiya işlərinə yönləndiriləcək.
Xatırladaq ki, 2014-cü ildən Avropa İttifaqı TANAP layihəsi üçün ümumilikdə 15 milyon avro həcmində qrantlar ayırıb. Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Cənub Qaz Dəhlizinə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək. Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Bu xəbər oxundu
- - -