Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni işğalı və “demokratiya”: bunlar bir-birilə uzlaşırmı?

01.08.18, 8:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın baş naziri Nikol Paşinyan "RFI" radiosuna verdiyi müsahibədə ölkəsinin daxili və xarici siyasəti, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandırıb.
Paşinyan Ermənistanda inqilabın hələ də davam etdiyini bildirib. Onun sözlərinə görə, bir sıra məsələlər, xüsusən də ölkə idarəçiliyi ilə bağlı neqativ hallar qalmaqdadır.
Odur ki, Ermənistan baş naziri korrupsiyanın kökünü kəsmək, hüquq-məhkəmə sistemindəki bütün rüşvətxor hakim və məmurların aşkarlanaraq qanunla cəzalandıracağını deyib.
Erməni KİV-ləri yazır ki, hələ baş nazir seçilməzdən öncə müxalifətdə olan Paşinyan açıq şəkildə Qərbpərəst mövqe ortaya qoyur, o zamankı Serj Sarkisyan hökumətini Rusiyaya hədsiz boyun əyməkdə ittiham edir, Qərb strukturlarına inteqrasiyaya səsləyirdi. Putinlə görüşündən sonra isə Ermənistanın xarici siyasət kursunda ciddi dəyişikliklər olmayacağına söz verdi. Bu mənada, "RFI" radiosuna müsahibəsində Paşinyan ölkəsinin xarici siyasət vektorunda mövqeyinin dəyişmədiyi məsələsinə də aydınlıq gətirib. Qeyd edib ki, bundan sonra Ermənistan birtərəfli (Rusiyapərəst –red.) xarici siyasət yürütməyəcək və ölkənin milli maraqları prioritet tutulacaq.
“Bizim məqsədimiz milli maraqlar, ölkənin suverenliyi, müstəqillikdir. Ermənistanın xarici siyasəti nə Qərbə, nə də Rusiyaya meylli deyil, biz ermənipərəstik”, – deyə Paşinyan vurğulayıb.
Yerevanda “Erməni Milli Konqresi” partiyasını təmsil edən Zoya Tadevosyan isə iyulun 31-də keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar “zəbt olunub” və “Dağlıq Qarabağın ərazisi” deyil.
“Biz bu əraziləri “azad olunmuş” kimi xarakterizə edirik, lakin siz yaxşı bilirsiniz ki, o zəbt edilmiş ərazilərdir”-Tadevosyan bildirib.
Erməni siyasətçinin sözlərinə görə, diplomatiyada və ya beynəlxalq hüquqda qəbul edilmiş istənilən normalara görə bu ərazilər erməni əraziləri deyil. “Doğrudanmı danışıqlar masasında azad edilmiş ərazilərin məsələsi dayanır? Bu zəbt edilmiş ərazilərdir, Azərbaycan əraziləridir. Danışıqlar isə Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi ətrafında aparılır”-Zoya Tadevosyan belə deyib.
“Aravot” qəzeti yazır ki, onun dedikləri mətbuat konfransına toplaşmış jurnalistlər arasında anlaşılmazlıq yaradıb.
İsrailli ekspert Arye Qut isə “THE JERUSALEM POST”-da (İsrail) Ermənistanın işğalçılıq siyasətindən bəhs edib.
WorldMedia-nın yazdığına görə, müəllif bildirib ki, Ermənistanda korrupsiyaya qurşanmış cinayətkar Serj Sarqsyan rejiminin süqutundan sonra güman etmək olardı ki, Ermənistan-Azərbaycan danışıqlarında irəliləyiş baş verəcək, tərəflər öz ölkələrinin və xalqlarının gələcəyi üçün sülh razılaşması əldə edəcək. Sən demə, bu, xəyal imiş.
Ermənistanın yeni baş naziri Nikol Paşinyan işğal altındakı Xankəndidə bəyan edib ki, münaqişənin tənzimlənməsinə dair danışıqlarda Dağlıq Qarabağ (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş regionu) tərəf kimi iştirak etməlidir, çünki rəsmi Yerevan yalnız Ermənistanın adından danışa bilər. Bundan əlavə, Paşinyan hesab edir ki, Azərbaycanın sərt ritorikadan istifadə etdiyi, Ermənistan ərazilərinin tutulması haqda danışdığı bir vaxtda qarşılıqlı güzəştlərin müzakirəsinin mənası yoxdur.
Son günlərdə erməni təbliğatı Ermənistanla Azərbaycan arasında başlaya biləcək müharibə qarşısında vahimə və qorxu dalğasını zəiflətmək üçün əlindən gələni edir. Yeni müharibənin başlama ehtimalını isə Ermənistanın yeni rəhbərliyinin məsuliyyətsiz bəyanatları artırır. Paşinyan münaqişənin dinc yolla nizamlanması danışıqlarını davam etdirməyəcəyinə açıq eyham vurur. Özünü “erməni inqilabının demokratik lideri” kimi göstərən yeni baş nazir, Bakı vasitəsilə Qərbə təzyiq göstərə biləcəyinə ümid edir. Lakin Paşinyanın belə cəfəng, dayaz ümidləri onun qeyri-peşəkarlığını, strateji təfəkkürdən məhrum və böyük siyasət üçün tamamilə yararsız olduğunu göstərir. Bu, həmçinin Azərbaycana ədalətin bərqərar olmasının yeganə yolunun müharibə olduğunu nümayiş etdirir.
Nikol Paşinyan populist bəyanatlardan silah kimi istifadə edir. Bu üzdən Bakı Yerevanın hərbi əməliyyatları alovlandıra biləcəyini düşünür. Məsələ ondadır ki, bu “küçə adamları” əhali arasında “inqilab ab-havası”nı qorumaq üçün hərbi təxribata belə, əl ata bilər. Hər halda, Paşinyanın yeni hökumətinin səriştəsizliyi, qeyri-peşəkarlığı fonunda baş nazirin qeyri-ardıcıl, təxminedilməz hərəkətləri, ilk səhv addımları kövrək Cənubi Qafqaz regionunda real vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu göstərir. Tamamilə aydındır ki, Paşinyan və onun komandası üçün, xüsusən Bakıdakı möhtəşəm hərbi paradın və Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərin doğurduğu əks-səda fonunda qalibiyyətlə nəticələnəcək kiçik hərbi əməliyyat zəruridir.
Bu arada Yerevan Moskvanın son bəyanatlarından da təşvişə düşüb. Artıq Ermənistan hakimiyyəti keçmiş günlərin həsrətilə yaşayır. O zaman danışıqlar ləng gedirdi və bu, işğalçı üçün münasib vəziyyət yaratmışdı. Görünür, onlar vəziyyətin bundan sonra da belə davam edəcəyini düşünürdü. Lakin 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağda status-kvonu Azərbaycanın xeyrinə əhəmiyyətli dərəcədə, əsaslı şəkildə dəyişməsi ABŞ, Rusiya və Avropa İttifaqı kimi güclərin diqqətini buraya cəlb edib. İndi, onlar yekdilliklə tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırır.
Bakı mövcud status-kvonu heç vaxt qəbul etməyəcəyini dəfələrlə təkrarlayıb. Məhz bu üzdəndir ki, Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına cavab olaraq, eyni zamanda vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vurub, onları geri çəkilməyə məcbur edib. Unutmaq olmaz ki, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir. Azərbaycan Ordusu bunu Ermənistanın təxribatına cavabı ilə də təsdiqləyib.
Ermənistanın indiki hərbi-siyasi rəhbərliyinin məntiqsiz və absurd bəyanatları sübut edir ki, onlar vəziyyətdən ciddi narahatdırlar, qorxu, isterika və panika içərisindədirlər. Azərbaycan Ordusu cəbhə xəttində hadisələrin istənilən formada inkişafına hazırdır. Ən müasir və güclü silahlarla təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bütün mühüm hərbi hədəflərini, strateji kommunikasiya sistemlərini qısa müddətdə məhv etməyə qadirdir.
Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli imkanlarına gəlincə, bunun üçün əvvəlcə işğala son qoyulmalı, status-kvo dəyişməlidir. Bu münaqişənin həlli Ermənistanın özünün inkişafı üçün də zəruridir. Əgər Yerevan bunda maraqlıdırsa, işğala son qoymalı, BMT Təhlükəsizlik Şurasının problemə dair qəbul etdiyi 4 qətnaməni yerinə yetirməlidir.
Bu gün Ermənistan əhalisinin əksəriyyəti yaşamır, onlar sadəcə mövcuddur. Onlar özlərini fransızlarla və ya hollandlarla deyil, Eritreya və ya Somali sakinlərilə müqayisə edir. Guya Ermənistanda müəyyən iqtisadi artım başlayıb. Lakin bunun üçün azı 10 il lazımdır. Görəsən, bu ölkədə iqtisadiyyatının iflasının, əhalinin ölkəni kütləvi şəkildə tərk etməsinin səbəb yox, nəticə olduğunu anlamırlarmı?
Ermənistan problemlərin nəticələrinə qarşı yox, onun əsas səbəblərinə qarşı mübarizə aparmalıdır. Bu gün Ermənistan hökumətinin atdığı addımlar, xəstəliyin səbəbini deyil, onun nəticələrini müalicə edən həkimin hərəkətlərinə bənzəyir. Həmin səbəb - Ermənistanın təcavüzkar xarici siyasəti, demək olar ki bütün qonşu ölkələrə qarşı ərazi iddiaları və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması ilə bağlıdır.
Ermənistan məhz özünün siyasəti ucbatından regionda iqtisadi təcrid durumuna düşüb: bu gün onun istər Azərbaycan, istərsə də Dağlıq Qarabağ münaqişəsində Bakının ədalətli mövqeyini dəstəkləyən Türkiyə kimi iri bazarla sərhədi bağlıdır.
Paşinyanın son bəyanatları, siyasi davranışı isə erməni separatçıları və şovinistlərinin blefindən başqa bir şey deyil. Onların məqsədi özlərinin təcavüzünə və Azərbaycan ərazilərinin işğalına haqq qazandırılmasıdır. Aydındır ki, Ermənistanın indiki rəhbərliyi özündə “demokratiya tərəfdarı” imici yaratmaqla, atəşkəs dövründə müəyyən edilmiş status-kvonun qorunub saxlanması, yaxid daha da pisi, Dağlıq Qarabağdakı oyuncaq separatçı rejimin tanınmasına nail olmaq üçün “demokratiya” pərdəsi arxasında gizlənmək istəyir. Ortaya sual çıxır: demokratik dövlət işğalı müdafiə edərmi?
Regionda yaxın keçmişdə baş vermiş hadisələr bir daha göstərdi ki, Bakı mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Yerevan başa düşməlidir ki, Azərbaycanın səbrinin həddi var. Qırmızı xətti keçdikdən sonra geri qayıtmaq mümkün deyil.
Beynəlxalq hüquq Bakıya nəinki ərazisini müdafiə etmək, həm də Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını geri qaytarmaq haqqı verir.
Cavid

Bu xəbər oxundu
- - -