Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şamanizmdə insan-təbiət qarşılaşması

01.08.18, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

Şamanizmdə insanı bəduğur əməllərdən qoruyan, onu çətinliklərdən xilas edən əsasən heyvanlar olur. Azərbaycan xalq nağıllarında bunların tipik nümunələri bizə bəllidir. Bunun ən bariz nümunəsi “Ağ atlı oğlan” nağılıdır. Qəribədir ki, qurtuluş rəmzi olan ağ atın prototipi şamançılqda rast gəldiyimiz obrazlardan biridir. “Şamanolma ərəfəsində xəstələnmə” adlı hekayədə oxuyuruq: “Sarıq Süd ulusundan olan bir şaman… azarladığı vaxt özündən gedirdi…Yuxuda tez-tez tayqanı gəzir, at çapırdı. Atların önündə gedən ağ at isə onun hamisi idi.” Bunlar hələ hamısı deyil; yarışan şamanların balıq cildinə girmələri, Şamanın yaman ruhlarının qırğı cildində rəqibinə hücüm etməsi, qırğı, sığın, ayğır, ayı və s. cildində şamanların döyüşməsi, doğradıqda laxtalanmış qanını, yaxud bədəninin parçalanmış hissələrini ağac qabığına, əsasən də söyüd, tozağacı, qara şam ağaclarının qabığına bükülmələri, yaxud qara şam ağacından asılmaları onların ətraf mühitə, təbiətə münasibətləri barədə dolğun təsəvvür yaradır.
Şamanlar təbiəti təkcə görünüşünə görə deyil, bir yaradıcı və ruhverici qüvvə kimi sevir və inanırdılar ki, təbiət onların ən etibarlı qoruyucularıdır. Ona görə də öz hamilərinin – qoruyucularının bütün istəklərini yerinə yetirirdilər. “Şamanın dörd böyründə iki müqəddəs ağac – qayınağacı olur, çünki heyvanların qoruyucusu olan ruh İyehsit bunları bəyənirmiş.” Evtikmə mərasimində o, üzünü At ilxısı sahibi Qartala, heyvanların qoruyucusu ruh Yesegey İyehsit xatuna tutub “gözəl yallı atlar və uzun buynuzlu heyvanlar” göndərməsini xahiş edirdi. Yuva qurmaq, binələnmək, ev tikmək nəsil artırmaqla bağlıdır. Bu ərəfədə şamanın qoruyucu ruhlardan – tanrılardan diləyi onun ətraf aləmə, canlı təbiətə doğma münasibətindən irəli gəlirdi. Həm də, bu zaman o, seçmə heyvanlar göndərilməsini istəyir.
Maraqlıdır ki, şaman yalnız xeyirli məqsədlər üçün yox, həmçinin şər qüvvə kimi də heyvanlardan istifadə edirdi. Çox vaxt o, buna məcbur olurdu. Şaman aşağı təbəqəyə pislik etməkdən həzz alan, insanların yaşayış şəraitinə maneçilik törədən məmurları, naqis adamları heyvan cildli bəd ruhların köməyi ilə öldürürdü. “Noyonun yeddi dövlətli məmurunun qapısı ağzında hər gün qara qarğa görünməyə başladı. Aradan çox keçməmişdi ki, noyon və yeddi məmur azarladılar. Tezliklə onlar öldülər. Onların uşaqları da öldü. Bütün mal-davarları da qara qarğanın gətirdiyi azara tutulub tələf oldu. Beləcə, şaman Tokpan qarğa cildinə girib, təhqir olunmuş ərinin dövlətli düşmənlərini əzib axırlarına çıxdı.”
Burada bəd ruh qara qarğa donunda çıxış edir. Azərbaycan xalqının, ümümən türk xalqlarının inanclarında qara qarğa bəduğur kimi lənətlənir. Qara qarğanın qarıldaması şərə yozulur. Daş və ağac tullamaqla onu ərazidən qovub çıxarırlar ki, ziyanlıq baş verməsin. Ancaq bunun heç bir elmi əsası yoxdur və qarğaya qarşı bu cür münasibət biliksizlikdən irəli gəlir. Şamançılıqda ətraf mühitə münasibət onların inanclarında daha aydın görünür. Şaman inamına görə, “Dünyanın tən ortasında əzəldən yaranmış Göy Təpə ucalır. Təpənin zirvəsində isə Bay Dirək boy atır. Bu Bay Dirəyin dörd budağı göy qübbəsinin bütün qatlarını yarıb keçir. Göy qatlarını Bay Dirəyin budaqları saxlayır. Bay Dirəyin kökü Yerin bütün qatlarından keçib dərin sulara qədər işləyir…”
Bay Dirək həyat ağacıdır. Biosferin tamlığını təşkil edir. Canlıların yaşaya biləcəyi atmosferi – göy qatlarından (troposfer, strosfer, mezosfer də daxil olmaqla) birini, litosferi (torpaq örtüyü) və hidrosferi (su təbəqəsi) özündə birləşdirir. Yunan mifologiyasında Göylə Yeri birləşməyə qoymayan Atlant adlı bir pəhləvandır. Burada isə Bay Dirək. Bay Dirək Atlantdan fərqli olaraq, həyat rəmzidir – Həyatın özüdür. Yaşıl kütləsi ilə ətraf mühiti oksigenlə zənginləşdirir. Kökü torpağın dərin qatlarından su içir. Təkcə özünü deyil, digər canlı orqanizmləri də qida maddələri ilə təmin edir. Başqa sözlə, Bay Dirəyə bütövlükdə təbiətin modeli kimi baxmaq olar. Onun həyat rəmzi olması bir inancda da əksini tapıb. Şamanlar inanırdılar ki,onun gövdəsi boyunca canlar yerə enib qadınların bətninə girir, yeni həyat doğururlar. Şamanlar həmçinin “bütün Yerin ulu Göy Öküzün buynuzları üstündə dayandığına, Göy Öküzün də Cada daşının üstündə durduğuna inanırdılar. Məlumdur ki, öküz əkinçinin əsas aləti idi; əkən, şumlayan, taxıl daşıyan, buğda döyən və s. “Cada daşı” – “yada daşı” türklərdə inama görə yağış gətirən daşdır. Quraqlıqdan əziyyət çəkən əkin sahələrinə yağış yağdıran bərəkət-ruzi simvoludur. Xalq bunlarla əlaqədar mövsüm mərasimləri keçirib, nəğmələr yaradıb.
Qədim türk ədəbi nümunələrindən olan “Türk buddist şeiri”ndə təbiətin gözəllikləri - hündür və tökmə qayaları, sıra dağları, inci kimi saf və şəfalı axar suları, ardıc və söyüd kimi can dincəldən ağacların altında, sakit bir guşədə dincəlmək, istirahət etmək, əsəblərini cilovlamaq tövsiyyə edilir:

İç-içə, dərin (dərəli), qat-qat,
büküm-büküm dağlarda,
Köhnə, qədim aranyadanda,
Yüksək, tökmə qayalıqların basqısı altında,
Tam sakitlikdə,
Bəstəboy, çoxlu söyüdlər arasında,
İnci sular qırağında
Hər bir şeydən vaz keçib dhyanaya dal
Məhz belə yerlərdə!..

Burada “İnci sular” bizə görə, şəfalı, bəzi xəstəliklərdə dərman kimi istifadə olunan, tərkibi faydalı mineral maddələrlə zəngin bulaqlardır. Koroğlunun içdiyi “Qoşabulaq” kimi, Qurbaninin “İçən ölməz dərdə dərman suyundan” dediyi “tər bulaqlar”dır. Təbiətin etibarlı mühafizəsi və uzunömürlüyü ona göstərilən qayğıkeş və humanist münasibətdən asılıdır. Qədim türklərin yazılı ədəbiyyatında buna aid çoxlu nümunələr var. “Kiki (İlahi)” şeirində olduğu kimi:

Mahiyyət ağacının çiçəklərini,
Cürbəcür yarpaqlarını, meyvələrini
Təkrar-təkrar o üz-bu üzə çevirərək
Yaxşıca sığallayıb gözdən keçirməli.

Şaman inancalarında da təbiət ülvi, müqəddəs və pakdır. Onu günaha batıra biməzsən. “Nahaqdan günaha batanlar göy göyərçinə dönüb Dəryanın ortasındakı adaya uçurlar. Orada qüllənin başında otuz il qadın cildində yaşayıb övladı olmayan sonsuz qadınlara övlad bəxş edirlər…” Bundan sonra, o haqsız günahdan azad olur. Xeyirxah əməli, bir nəslin davamlılığında yardımçı fəaliyyəti göyərçini saflaşdırır, təmizlənir. Xalq inamına görə, göyərçin müqəddəs quşdur, onu incitmək, ovlamaq, öldürmək yasaqdır. Çağdaş inancda o həm də sülh quşudur. Təsadüfi deyil ki, insanlar arasında vasitəçilik edir, körpü rolunu oynayır, məktub-məlumat daşıyır.
Qədim türk inanclarında qoç - igid, mərd, yardımçı, yenilməz, uğur, güc əlaməti kimi təsvir edilir. “Qoç Koroğlu” ifadəsi buradan yaranıb. Yuxuda qoç görmək xeyirə yozulur. Şamanlar inanırdılar ki, qoç sümüyü, ya da qoç buynuzu olan yerdə yaman ruhlar dolaşmaz; “Qoç yer üzündə insandan əvvəl yaranan və özü də ən təmiz heyvandır. O, həyat gücünün, uğurun, xoşbəxtliyin daşıyıcısıdır…”
Ətraf mühitin biotik faktorlarından olan bitkiyə-ağaca şamanlar həyatın simvolu kimi baxmış, Tanrı bilib ona səcdə etmişlər. Araşdırmalarımızda Ağaca sitayişlə bağlı çoxlu məlumatlarla qarşılaşmışıq. Bir şaman söyləməsində oxuyuruq: “Danışardılar ki, babam ha yanda isə Sarı Arx deylən bir yer var ki, həmişə ora gedər, o yerdə Ata Övliya Ağaca dua eləyər, səcdə qilarmış…” Neçə əsrdir ki, ölkəmizin ərazisində biz bu halı müşahidə edirk. Belə ki, dağdağan, çinar, azat, narbənd və b. ağaclar müqəddəsləşdirilərək pirə çevrilmişdir. Belə ağacları qırmaq, gövdəsini yazmaq və ora mıx çalmaq günah hesab edilr. Onların yüz illərcə qorunub salamat qalmalarında, şübhəsiz bu cür yanaşma tərzi əvəzsiz rol oynayıb. Canlı təbiətdə bioloji müxtəlifliyi təcəssüm etdirən göyərçin, ardıc, söyüd, qara şam, siçovul, böcək, kəpənək, kərtənkələ, canavar, sığın, ayı, at, inək, maral, qırğı, eşşək arısı, ev maralı, vəhşi maral, qayınağacı, tozağacı, qara şam və s. kimi bitki və heyvan növlərinə şaman əfsanələri və dualarında tez-tez rast gəlirik.
Qədim türk ədəbi nümunələrindən olan “Müdriklik türküsü”sü, “Türk buddist şeiri”, “Tövbə duası”, İlahi deyimlər, “Qızıl qişlaq” və b. yazılarda insan ekologiyası ilə bağlı fikirlər diqqəti cəlb edir. Məsələn: “Müdriklik türküsü”ndə biliyə, müdrik olmağa yüksək qiymət verilir. Bilikli, savadlı insanın var-dövlətlə tuş olacağı qeyd edilir:

Bilik bilin, ay bəyim,
Bilik sənə eş olur.
Bilik bilən hər kəsə
Bir gün dövlət tuş olur.
Biliklinin belinə
Daş qurşansa qaş olur.
Biliksizin yanına
Qızıl qoysan daş olur.

Qədim türk düşüncəsində bilikli olmaq, dövlətli olmaq deməkdir. Oxumaq, öyrənmək, bilmək hər zaman vacib və savab sayılıb. Şaman adət-hekayələrində olduğu kimi, türk xalqlarının digər ədəbi yardıcılıq nümunələrində ətraf mühitə sayğı ilə yanaşmaq, ehtiram bəsləmək, diqqət və qayğı göstərmək ciddi bir məsələ kimi qarşıya qoyulurdu. Məlumdur ki, əhli heyvanlardan fərqli olaraq, vəhşi təbiətdə çöl heyvanlarının yaşamaq qayğısı daha çoxdur. Gücü tükənmiş yaşlı və qoca, ac-susuz heyvanlarıa qayğı göstərmək, onları yemləmək savabdır. Müasir qoruq ərazilərində görülən tədbirlər belə problemlərin həllinə kömək edir. Ancaq qədim dövrlərdə bu mümkün deyildi. “Qızıl qışlaq” hekayəsində həmin məsələyə əhalinin münasibəti əksini tapıb: Bu qədər güclü yaradılmış, ancaq əldən düşüb zəifləmiş ac pələng aclıq, susuzluq əzabından üzülüb ölməkdədir. Bizdən başqa kim olacaq buna yarayan yem, su versin, bu yazıq məxluq üçün özünü unudub onun ömrünü uzatsın - deyə söylədi. Qədim türk inamına görə, heyvanları incitmək, onlara əzab vermək, öldürmək Tanrı dərgahında günaha batmaqdır. Təbiətə ziyan vurmaq, canlıları məhv eləmək yaxşı əlamət sayılmır. “Tövbə duası”nda Hörmüz Tanrının beş tanrı - Meh Tanrısı, Yel Tanrısı, İşıq Tanrısı, Su Tanrısı, Od Tanrısının birgə gücü ilə təbiətə əl qaldıran insanın içindəki şeytanlara qarşı mübarizə aparmaq, vuruşmaq üçün enib gəldiyi söylənilir. Səhvini anlayan insanlar Tanrıdan günahlarının bağışlanmasını istəyirlər: “Beş növ məxluqa – iki ayaqlı adamlara, dörd ayaqlı canlılara, uçan canlılara, sudakı canlılara, yerdəki qarnı üstə sürünən canlılara, günah içərisində dolanaraq, ey tanrım, bu beş cür məxluqları böyükdən kiçiyə nə qədər qorxutduq, ürkütdüksə, nə qədər vurduq, yolduqsa, nə qədər acıtdıq, ağrıtdıqsa, nə qədər öldürdüksə də (o qədər də), bunca məxluqlara borclu qaldıq. Tanrım, indi günahlarımızdan azad olaraq yalvarırıq: günahlarımızı bağışla!” Orqanizmin inkişafında xüsusi əhəmiyyət daşıyan işıq, istilik, su, hava kimi abiotik amillərin tanrılar şəklində verilməsi təsadüfi deyil. Bunlar həm də, simvolik xarakter daşıyıb, gücü ifadə edirdilər. Qədim türk ədəbiyyatında, o cümlədən şamançılıqda hər bir ruh təbiətin bu və ya başqa şəkildə özü demək idi. Ona görə də onlar təbiəti müqəddəs hesab edir, ətraf mühit amillərinə sayğı ilə yanaşırdılar.

Yusif Dirili

Bu xəbər oxundu
- - -