Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AB ilə ABŞ arasında ticarət “davası”

02.08.18, 12:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ və AB arasında ilkin görüşdə ticarət baryerlərinin aradan qaldırılması, gömrük və vergi rüsumlarının tənzimlənməsi ilə bağlı razılıq əldə olunduğu deyilir. Amma ilkin bəyanatlar səsləndirilsə də, konkret sənədlər hələ imzalanmayıb. ABŞ tərəfinin ticarət baryerlərini aradan qaldırılması üçün AB ölkələrindən ciddi tələblər var. Bu tələblər əsasən İranla bağlıdır. Yəni ABŞ İranla bağlı sanksiyalara AB ölkələrinin də qoşulmasını istəyir. Bunu dünyada gedən ticarət müharibələrinin nəticələrinə münasibətində iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, AB ölkələri tərəfindən bu məsələdə güzəşt olunsa, ticarət baryerlərinin, əsasən də gömrük rüsumlarının azaldılması, yaxud da tamamilə aradan qaldırılması müzakirə olunacaq və əlavə protokollar imzalanacaq. Ehtimal ki, bu proses bir neçə il çəkəcək.
Ekspert qeyd edib ki, AB ilə ABŞ arasında ticarət baryerlərinin aradan qaldırılması məsələsi həllini tapsa, üstünlük ABŞ tərəfində olacaq. Çünki ABŞ-ın ixracat potensialı AB-nin ayrı-ayrı ölkələrinin ixracat potensialından (Almaniya xaric) daha güclüdür. ABŞ AB ölkələrinə daha çox mal və xidmət ixrac edə bilər. Amma AB ölkələri həm xammal, həm də öz məhsullarının ABŞ bazarlarına rahat çıxması üçün əlindən gələni edəcək. Bu işdə əsas maraqlı dövlətlərdən biri Almaniyadır. Çünki Almaniyanın çox böyük ixracat potensialı var. Bu potensialdan ABŞ bazarına maneəsiz çıxmaq üçün istifadə etməyə cəhd göstərəcək: “Dünya ölkələri bir-birindən ciddi surətdə asılı vəziyyətdədirlər. Amma AB və ABŞ arasında ticarət anlaşmasının olması asılılıq deyil. AB ölkələri və şirkətləri üçün ABŞ bazarı daha cəlbedici olduğu üçün ABŞ-ın istəyinə uyğun olaraq, bir neçə istiqamətdə güzəştə gedəcəklər. Rusiya, İran, Suriya məsələsində AB ölkələri müəyyən güzəştlərə gedərək, ABŞ-ın tələblərini yerinə yetirə bilərlər”.
N.Cəfərlinin fikrincə, AB ölkələrinin və Avropanın illik qaz istehlakı 500 milyard kubmetrdir. Burada Rusiya çox önəmli rol oynayır. Avropa ölkələrinin qaz tələbatının təqribən üçdəbirini, bəzən daha çoxunu Rusiya qarşılayır. Bu da AB ölkələrində Rusiyadan ciddi asılılığın yaranmasına gətirib çıxarıb. Hər il Rusiyadan təqribən 150-170 milyard kubmetrə yaxın qaz almağa məcbur olurlar. Bu da narahatlıq yaradıb. Həm ABŞ, həm də AB ölkələri bununla bağlı ciddi çıxışlar edir: “Hazırda Avropa ölkələrində Rusiyanın qaz hegemonluğundan gələcəkdə istifadə edərək, Avropa ölkələrinə təzyiq göstərəcəyi qorxusu yaranıb.
ABŞ Rusiyanın liderliyində olan qaz layihələrinə ciddi qısqanclıqla yanaşır və əsasən də Şimal Axını-2 layihəsinin reallaşmasına maneələrin yaradılması istiqamətində addımlar atır. Hətta həmin layihədə çalışan şirkətlərə sanksiyaların tətbiq olunacağı ilə bağlı təhdidlər də edir. ABŞ-ın istəkləri aydındır: boş qalan Avropa bazarlarına öz sıxılmış qazının çıxarılmasına çalışır. İldə təxminən 80 milyard kubmetr qazı Avropa bazarında satmaq istəyir.
ABŞ dünyada ən çox qaz hasil edən ölkələrdən birinə çevrilib. Ona görə də özünə sərfəli bazarlar axtarışındadır. Avropa da ABŞ üçün ən sərfəli bazarlardan biridir, bəlkə də birincisidir. Çünki burada həm qiymətlər bahadır, həm də ödənişlər vaxtı-vaxtında olur. Ona görə də ABŞ-ın təqribən 80 milyard kubmetr sıxılmış qazının Avropada satılması üçün müəyyən addımlar atılır. ABŞ Rusiya ilə anlaşmaların sona çatmaması üçün AB ölkələrinə siyasi təzyiqlər də göstərir. Şimal Axını-2 layihəsinin gələcəkdə tam gücü ilə reallaşması artıq sual altına düşüb”.
Ekspert onu da vurğulayıb ki, Çinlə gedən ticarət müharibəsinin siyasi dayağı daha güclüdür. ABŞ-ın Çinə qarşı atdığı addımların əsas motivi Çinin Şimali Koreyaya daha çox təzyiq göstərmək istəyidir. Çin bəzən bundan imtina edir. ABŞ-ın Çinə ikinci ən böyük təzyiqinin səbəbi Çinin İrandan neft almağa davam etməsidir: “Ticarət müharibələrinin kökündə bu məsələ durur. Çin və ABŞ dünyada ən böyük ticarət tərəfdaşıdırlar. Onlar arasında ümumi ticarət dövriyyəsinin həcmi 1,1 trilyon dollardır. Hər iki tərəf bu müharibədə uduzur. Populist addımların bədəlinin ödəyicisi isə, nə qədər qəribə səslənsə də, Çin və ABŞ vətəndaşlarıdır (əsasən də ABŞ vətəndaşları). Çünki Çindən gələn məhsullara əlavə dəyər və gömrük rüsumları tətbiq olunacağına görə ölkədə bu məhsullara tələbat artacaq. ABŞ-da isə bu malların yaxın illərdə tam həcmdə istehsal olunması və Çindən gələn məhsulların tam əvəz edilməsi mümkün deyil. Buna görə də Çin mallarının ABŞ-a gəlməsi davam edəcək. Sadəcə, gömrük rüsumları artdıqca ABŞ vətəndaşları bu məhsulları daha baha qiymətə alacaq. Bir müddət sonra ABŞ əhalisinin Trampın bu addımlarına etiraz edəcəyini düşünürəm. ABŞ-ın son dövrlərdə apardığı aqressiv siyasət - həm ticarət vergilərinin, həm gömrük rüsumlarının artırılması, Çin və AB ilə təhdid dilində danışması Vaşinqtonun maraqlarına cavab versə də, dünyanın maraqlarına ziddir. Çünki gömrük rüsumlarının artırılması dünya ticarətinin zəifləməsinə və durğunluğa səbəb olur. Bütün bunlar iqtisadi artımın zəifləməsinə gətirib çıxarır. Bundan ən çox ziyan görən ölkə ABŞ olacaq. Çünki ABŞ-ın həm ÜDM, həm ticarətinin həcmi daha genişdir. Bu müharibələr davamlı surətdə getsə, ABŞ uduzacaq. Çünki ABŞ vətəndaşları bu müharibənin bədəlini ödəyəcəklər”.

Bu xəbər oxundu
- - -