Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan eposu etnoenergetik sistemin əsası kimi

02.08.18, 12:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı
Epos – hər bir xalqın etnokosmik düşüncə tərzini özündə yaşadan bədii düşüncə sistemidir. O, janr tərkibi etibarilə epik, lirik və dramatik janrları öz içinə alan meqajanr səviyyəsidir. Epos bugünün gözü ilə daha çox epik janrları əhatə edən bədii sistem olsa da, o, tarixi kökləri və mahiyyəti etibarilə ümumən bədii düşüncə sisteminin bütün arxetipik başlanğıclarını əhatə edir və şərti başlanğıcı etibarilə mifə gedib dayanır. Epos bu mənada mifologiyanın tarixi düşüncə çağındakı paradiqmatik varisidir. Mifin əsas funksional aspekt və səviyyələri mifik şüurun parçalanaraq tarixi şüura keçidi zamanı eposa transformasiya olunur. Məhz bu cəhətdən epos bir sözlü mətn, bədii janrlar sistemi olmaqdan daha iri anlayış olub, ilk növbədə milli düşüncə sisteminin əsasını təşkil edir.
“Epos” anlayışı üç məna səviyyəsini əhatə edir: Paradiqmatik səviyyə: etnosun gerçəklik haqqında epik təsəvvürlər sistemi – epik dünya modeli. Sintaqmatik səviyyə: epik dünya modelini gerçəkləşdirən sözlü mətn – dastan. Janr səviyyəsi: bütün epik janrları birləşdirən sistem.
Hər bir xalqın epos sistemi onun folklorunda daşınır. Bu mənada “epos” və “folklor” anlayışları bəzən müəyyən bir səviyyədə hətta bir-birinə bərabər olur. Folklor – bütövlükdə etnokosmik düşüncə modeli, etnik özünüifadə və davranış kodudur. Folklor eposdan daha geniş anlayış olub, onu öz içərisinə alır. Məsələyə tarixi-diaxron müstəvidə yanaşdıqda mifologiya, epos, folklor müəyyən paradiqmaların biri-birini törətməsinin yaratdığı silsilə, zəncir, pillələr şəklində təsəvvür olunur. Bu cəhətdən diaxroniya ilahi təkamül enerjisinin hələlik (müəyyən limit daxilində) qırılmayan inkişaf xəttidir. Bu xəttin struktur əlvanlığı ona sinxron müstəvidə yanaşdıqda çox mürəkkəb və qatbaqat quruluşda gürünür. Burada hər bir sistem özü olmaqla eyni zamanda ya başqa sistemin tərkib hissəsi, ya da onunla ortaqlaşan, kəsişən sistemdir. Bu cəhətdən, tutaq ki, diaxron müstəvidə bizdən əlçatmaz dərəcədə uzaq olan mifologiya sinxron müstəvidə elə bizimlə birgədir. Başqa sözlə, törəmə zəncirində müəyyən ritmik ardıcıllıqla düzülən mif, epos, dastan və s. struktur vahidləri mənsub olduqları müasir milli düşüncə sistemində – folklorda diaxron törəmə ardıcıllığını da yaşatmaqla fərqli yerləşmə strukturu da nümayiş etdirir. Hər biri etnokosmik düşüncə sisteminin energetik nöqtələri (strukturun səviyyə və vahidləri) olan bu ünsürlərin qarşılıqlı münasibətlər sistemində götürülərək öyrənilməsi Azərbaycan humanitar düşüncəsinin qarşısında duran problemdir. Burada məsələnin milli elmi düşüncə məkanına gətirilməsi bir neçə cəhətdən vacibdir:
Birincisi, milli düşüncə sisteminin energetik strukturu ümumbəşəri problemdir. Dünya bu problemlə müxtəlif istiqamətlərdən məşğuldur. Lakin tədqiqatlarda Azərbaycan materialından heç bir halda istifadə olunmur. Bu, o deməkdir ki, milli düşüncə materialı nə beynəlxalq tədqiqatlara cəlb olunaraq tanınmır, nə də onun energetikasından ilk növbədə istifadə etməli olan Azərbaycan xalqı ondan məhrum qalır.
İkincisi, epos – etnosun yaşamasının bütün genetik struktur sxemlərini özündə qoruyan bədii düşüncə sistemi və etnosu düşüncə enerjisi ilə təmin edən milli energetik sistemdir. Vaxtilə Avrasiyanın tarixini yaradan və sürdürən əsas etnoslardan olan türkün milli düşüncə sistemi bütövlükdə onun eposunda yaşamaqla milli enerji qaynağı idi. O, dünyanın siyasi, mədəni və mənəvi simasını milli epos sisteminin enerjisindən ritmik ardıcıllıqla qidalanmaqla dəyişirdi. Epos dövrü və düşüncəsinin tarixin alt səhifələrində qalması müasir türk xalqlarının və ümumiyyətlə, müasir xalqların eposdan gələn enerji qaynağı ilə əlaqəsini, demək olar ki, sıfıra endirib. Bu isə türkü (və digər xalqları) əsrlər boyu qidalandıran epos enerjisinin istifadəsiz qalaraq toplanması, müəyyən mənada “qara enerjiyə” çevrilərək onun ehtiyatlarını artırması deməkdir. “Qara enerjini” – xaotik entropiyanı (xaosu) milli yaşam enerjisinə sublimasiya edən (sadə mənada: çevirən) “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və məhəbbət dastanları kimi möhtəşəm etnoenergetik mexanizmlərə malik olmuş Azərbaycan eposunun məhz bu istiqamətdə araşdırılması milli humanitar-elmi düşüncənin yeni istiqamətini və ondan doğan vəzifələri müəyyənləşdirir.
Rus alimi Nikolay Laverev müsahibələrinin birində deyir ki, XXI əsrin simvolu olacaq alim fiquru, mənim fikrimcə, meydana çıxmayacaq. Bu yüzillikdə həmin rolu Yer planetinin bütün artmaqda olan əhalisini təmin edəcək enerjinin, prinsipial olaraq, yeni qaynaqlarını kəşf edən alim və mühəndislər qrupu oynayacaq. Karbohidrogen ehtiyatları qurtarır və tez-tez belə bir sual meydana çıxır: bəs sonra nə olacaq? Mümkündür ki, müasir bəşər tarixinin ən əhəmiyyətli hadisəsi adına “qara enerji” deyilən enerjinin təbiətinin kəşf olunması və istifadə texnologiyasının mənimsənilməsi olacaq. Bütün kainatda onun miqdarı son dərəcə nəhəng, hətta bütün digər məlum qaynaqların enerjisindən milyonlarla dəfə çoxdur.
Akademik burada, heç şübhəsiz, fiziki enerjini nəzərdə tutur. Lakin enerji, bizcə, fəlsəfi mahiyyəti ilahi potensiyaya müncər olunan geniş anlayış olub, təkcə fiziki enerjidən ibarət deyil: geniş məna tutumuna malik mənəvi enerji də var. Və bizim burada “etnoenergetika”, “etnik enerji”, “etnokosmik enerji” adları altında vurğuladığımız enerji ümumən mənəvi enerjinin tərkib hissəsidir. Lakin eyni zamanda belə hesab edirik ki, bütün tiplər arxetipə, bütün formalar arxeformaya gedib çıxdığı kimi, bütün enerjilər də ilahi potensiya olan vahid enerjiyə dayanır. Bu vahid enerji varlıq aləmində yaradılışın ilahi təsnifat strukturuna uyğun şəkillənib. Etnoenergetika vahid enerjinin tərkib hissəsi, yaxud sublimativ şəkillənməsi olaraq öz mahiyyəti etibarilə fiziki enerji ilə eyni yuvaya girir. Biz bu tədqiqatımızda Azərbaycan eposunu etnoenergetik sistemin tərkib hissəsi kimi öyrənməyi qarşımıza məqsəd kimi qoymasaq da, ümumən bu və digər axtarışlarımızın fəlsəfi-metodoloji müstəvisi kimi ondan bəhs etməyə bilmirik.
Azərbaycan eposunun, ümumiyyətlə, folklorunun etnoenergetika baxımından tədqiqi materiya anlayışını hallandırmağı tələb edir.
Materiya elmdə daha çox fiziki mənada götürülür:
1. İnsan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan obyektiv varlıq; maddə;
2. Təbiətin fiziki cisimlərini təşkil edən maddə;
3. Parça, arşınmalı, material.
Göründüyü kimi, “materiya”ya materialist yanaşmanı əks etdirən bu anlayışda “insan şüurundan kənarda və ondan asılı olmayaraq mövcud olan (bütün – S.R.) obyektiv varlıq” əhatə olunmur. Materiya – ümumən yaradılışın maddəsidir və “mənəvi maddədən” heç bir halda kənarda deyil.
Biz bir sıra tədqiqatlarımızı artıq “materialın materiya modelində təhlili təcrübəsi” qrifi ilə işarələmişik. Bu, bizə epik materialı (mətni) elmdə məkan hadisəsi kimi təsəvvür edilən materiya kimi götürməyə, başqa sözlə mənəvi materiyanı maddi materiya ilə analogiyada təsəvvür etməyə imkan verir. Bu cəhətdən belə hesab edirik ki, “özünüdərk istər bəşəri-universal səviyyədə “bilmək üçün bilmək” (İsmayıl Tunalı) paradiqmasında, istərsə də fərdin “özünüqoruma və özünüyaşatma instinktindən doğan idraki fəaliyyət” (Füzuli Qurbanov) paradiqmasında varlığın öz hərəkət ritmini teoqonik energetikadan alan universal qanunauyğunluğudur: canlı (və cansız) materiya şüur daşıyıcısıdır; şüur idraki fəaliyyətdə gerçəkləşir; özünüdərk idrakı idrak miqyaslarını da ehtiva etməklə universal funksiyadır.
Azərbaycan folklorşünaslığı bir fəaliyyət hadisəsi kimi özünügerçəkləşdirmənin bütün səviyyə və təzahürlərində özünüdərk sxemini reallaşdırıb. Folklorşünaslıq düşüncəsinin dünəni ilə bugünü arasında hansı ideoloji marağa qulluq etməsindən asılı olmayaraq, nə yazılıbsa, nə deyilibsə, nə edilbsə, nəticə etibarilə özünüdərkə xidmət edib. Bu, böyük, ulu bir yoldur”.
Yolun müasir mərhələsi bizim humanitar-elmi düşüncədən təkrar istehsalın “Sizif əməyi” modelindən imtina edib, folklor materiyasını onun energetik strukturu baxımından araşdırmağı və bu enerjinin “istifadə texnologiyasının mənimsənilməsini” tələb edir. Bu istiqamət özü ilə metodologiya, fəlsəfi baza, yanaşma metodları kimi problemləri gətirir. Bu cəhətdən, müasir inteqrativ elm sahələrinin, məsələn, sinergetikanın əsas tezisləri bizim nəzərdə tutduğumuz istiqamətin fəlsəfi bazasının əsas tezislərini verə bilir. Təbii ki, söhbət, mexaniki, başqa sözlə, sinergetiklərin özlərinin dedikləri kimi, metaforik sinergetikadan yox, onun fundamental nəticələrinin kreativ düşüncə dövriyyəsinə buraxılmasından gedir. Bizim tədqiqatlarımızda lap əvvəldən “struktur”, “semiotika”, “xaos”, “sinergetika”, “mətn” və s. kimi anlayışlar və onlara bağ¬lı yanaşma modelləri düşüncəmizin təbiətindən irəli gələrək öz doqmatik-kateqorial modellərində götürülməyib. Kreativ yanaşmalara xas olan yenilik keyfiyyəti fasiləsiz kombinasiyaların yaratdığı yeni paradiqmalarda üzə çıxır. Bu cəhətdən problemini “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” kimi müəyyənləşdirdiyimiz bu tədqiqatda Azərbaycan eposu istər etnoenergetik sistem hadisəsi, istərsə də mətnin materiya modelində təhlili təcrübəsi baxımından eksperimental aprobasiyadan keçiriləcək. Bu prosesdə əsas diqqət etnoenerjinin yaranmasına, təbiətinə, mahiyyətinə deyil, onun ötürülmə mexanizmlərinə yönəldiləcək. Başqa sözlə, təhlilin predmetini, əvvəlki araşdırmalarımızda olduğu kimi, yenə də strukturun öyrənilməsi təşkil edir. Lakin bu tədqiqatımızda əvvəlki araşdırmalarımızda “xırda gəzişmələr” şəklində etdiyimiz eksperimentləri genişləndirib, etnoenergetikaya gedən yolu məkan-zaman kontinuumu baxımından (ilk növbədə özümüz üçün) aydınlatmaq istəyirik.
“Xırda gəzişmələrə” gəlincə, Azərbaycan eposunun etnoenergetik struktur baxımından öyrənilməsi istiqamətində bəzi “tezislər” bizim folklorşünaslığımızda artıq var. Bu cəhətdən diqqəti ilk növbədə prof. Cəlal Qasımovun Azərbaycan folklorşünaslıq düşüncəsinin prosessual strukturu və onun mexanizmlərini tədqiq edən kitabında (2011) “Qurbani” dastanı ilə bağlı deyilmiş bir məqama cəlb etmək istərdik. O, Ço-ban imzalı bir müəllifin həmin dastanla bağlı bir fikrinə münasibət bildirərək yazır: “Bizim fikrimizcə, Çoban imzalı müəllif Qurbani dastanı haqqında öz antitezisi ilə, əslində, özü də bilmədən, bu dastana həm də tarixə düşəcək şəkildə etnopsixoloji qiymət verib. Çoban dastanı “başqa dastanlarla”, yəni “Koroğlu” və s. kimi qəhrəmanlıq dastanları ilə müqayisədə “dinc” bir epoxanın inikası, “xanlarla xalqın arxayınca” və “ağalı, nökərli”, “səliqə” ilə yaşadıqları bir vaxtın məhsulu” hesab edir. Bax bu nöqtə “Qurbani” dastanının əsil mahiyyətini üzə çıxarır.

Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -