Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan ordusunda aclıq

02.08.18, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Baş nazir Nikol Paşinyan Ermənistan ordusunda xidmət edən əsgərlərə evdən yemək və paltar göndərilməsini qadağan edəndən sonra, Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi və hərbi komandanlıqlar orduda müqavilə əsasında xidmət edən hərbi qulluqçulara verilən ərzağı kəsməyə başlayıb.
Bu barədə “Sputnik” agentliyi hərbi hissələrdəki mənbəyə əsasən məlumat yayıb.
Adının çəkilməsini istəməyən vəzifəli şəxs bildirib ki, artıq bir neçə gündür müqavilə əsasında muzdla işləyən hərbi qulluqçular hərbi hissələrin hesabına yemək yeyə bilmirlər və nəticədə aclıqdan əziyyət çəkməmək üçün özlərilə qida gətirməkdən başqa çıxış yolları qalmır.
Agentliyə məlumat ötürən mənbə deyib ki, hərbi hissə komandanlıqları döyüş yox, sadəcə texniki xidmət keçən müqaviləli hərbi qulluqçulara ümumiyyətlə yemək verilməməsilə bağlı “yuxarıdan” əmr alıblar.
Bu mənada “Sputnik” qeyd edir ki, orduda vəziyyət olduqca gülməli və maraqlı hal alıb. Belə ki, baş nazir əsgərlərin evdən göndərilən müxtəlif məhsullarla təchiz edilməsinə qadağa qoyur, əvəzində isə müqaviləli hərbçilərə verilən təminatlar azaldılır, yaxud yalnız öz hesablarına ərzaq almaları tapşırılır.
Agentlik yazır ki, Ermənistan ordusundakı müqaviləli hərbçilərə hökumət ayda cəmi 110 min dram (200 ABŞ dolları) pul verir: "Aylıq ərzaq təminatlarını ödəmək üçün hərbçilər azı 20 min dram pul xərcləməlidirlər. Bu zaman sual yaranır: bəs ailələrini necə dolandırsınlar?”
Agentliyin mənbəsinin məlumatına görə, başlıca problemlərdən biri də hərbçilərin özlərilə gətirdikləri ərzağı saxlamaq üçün hərbi hissələrdə müvafiq şəraitin olmamasıdır. Yay aylarında isə bu problem daha da aktuallaşır. Həmçinin, hərbçilərin hər dəfə özlərilə yemək daşıması çətinlik yaradır.
Məsələni araşdıran agentlik Ermənistan Müdafiə Nazirliyinə müraciət edib. Nazirlik bütün ittihamları rədd edərək bildirib ki, qida təminatları üçün müqaviləli hərbi qulluqçulara aldıqları maaşlardan əlavə 10 min dram (20 ABŞ dolları) pul verirlər. Hərbi qulluqçular isə indiyədək həmin pulu "görmədiklərini" deyirlər.
Qeyd olunur ki, hərbi qulluqçulara qarşı bu cür davranış qarşıda daha ciddi problemlərə gətirib çıxara bilər. Gənclərin ölkəni tərk etməsi səbəbindən onsuz da orduda xidmət etməyə əsgər tapmayan rəsmi İrəvan bu gedişlə, muzdla tutduğu hərbi qulluqçuları da itirə bilər.

Bu xəbər oxundu
- - -