Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ-ın təhdidlərinə “yox” deyirik”

02.08.18, 14:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyədə siyasi partiyalar Birləşmiş Ştatlara qarşı birləşdilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) mandata sahib Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya birgə bəyanat yayaraq, Vaşinqtonun türkiyəli 2 nazirə qarşı sanksiya tətbiq etməsini kəskin qınayıblar.
4 siyasi partiyanın verdiyi birgə açıqlamada bildirilir ki, “ABŞ-ın təhdidlərinə xalqımızın ortaq həmrəyliyi və qətiyyəti ilə “yox” deyirik. Türkiyə hökumətinin iki nazirinə qarşı ABŞ-ın sanksiya qərarına şiddətlə etiraz edirik.” Ortaq bəyanatda həmçinin, Vaşinqtonun bu addımının iki ölkə arasındakı münasibətlərin müttəfiqlik xarakterinə də zidd olduğu vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmilər də qərara etiraz ediblər. Çavuşoğlu bəyan edib ki, ABŞ-ın heç bir məqsədə xidmət etməyən bu addımı qarşılıqsız qalmayacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə həbsdə olan amerikalı keşiş Endryu Bransonun azad edilməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyaları istisna etməmişdi. Nəticədə ABŞ Maliyyə Nazirliyi Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib. Vaşinqtonun bu addımı onsuz da nahamar olan ikitərəfli münasibətlərdə gərginliyi daha da artırıb.
Amerikalı keşiş Endryu Branson hazırda Türkiyədə ev dustağıdır. O, Türkiyədə terroru dəstəkləməkdə, həmçinin FETÖ və PKK terror təşkilatlarılə əməkdaşlıqda ittiham olunur. Vaşinqton onun azadlığa buraxılmasını tələb etsə də, Ankara keşişin həbsinin qanuni olduğu və kifayət qədər dəlillərə əsaslandığını bildirir.

Bu xəbər oxundu
- - -