Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan “xaç atası” Ter-Petrosyanın təlimatlarını yerinə yetirir

03.08.18, 7:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Qərb Ermənistanda baş verən həbs dalğalarını diqqətlə izləyir”. Bu sözləri politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Paşinyanın hakimiyyətə gəlişi Moskva və İrəvan arasında gərginliyin yaranmasına səbəb olub:“Son vaxtlar İrəvanda qərbyönümlü qeyri-hökumət təşkilatlarının sayı artmaqdadır. Bu, Rusiyanı razı sala bilməz. Paşinyan hakimiyyəti son baş verən proseslərlə Rusiyaya mesaj verir. Bu mesajla Ermənistan Rusiyaya Dağlıq Qarabağ problemi mövcud olduğu müddətcə ehtiyacı olduğunu bildirir. Yəni Dağlıq Qarabağ problemi olmayandan sonra Rusiyaya gərək yoxdur. Bütün bunlar bir daha göstərir ki, problemi yaradan da məhz Rusiyadır. Ona görə də Kremlə loyal olan Köçəryan, Manvelyan və Xaçaturovu həbs edirlər”.
Politoloq vurğulayıb ki, Xaçaturov məsələsinə Rusiya birmənalı şəkildə reaksiya verəcək:
“Təbii ki, Kremlin yaratmağa çalışdığı NATO-ya alternativ KTMT-nin baş katibi Xaçaturovun həbsi sensasiya ola bilər. Hətta Ermənistan tərəfi onu başqa bir şəxslə əvəz etmək istəsə də, Rusiya buna hələ ki, razılıq vermir. Təbii ki, onun həbsi KTMT-nin digər üzvləri olan dövlətlər tərəfindən də normal qarşılanmayacaq. Bu isə Rusiyanı qorxudur”.
Politoloqun sözlərinə görə, Rusiya və Ermənistan nə qədər tarixi dostluq və tərəfdaşlıq münasibətlərindən danışsalar da, hiss olunur ki, Qərb vəziyyətdən istifadə edir:
“Paşinyan baş nazir seçiləndən sonra ilk səfərini Rusiyaya etdi və bu zamana qədər hər iki tərəf tarixi dostluq və tərəfdaşlıq münasibətlərindən danışır. Ancaq göründüyü kimi, bütün bunlar sadəcə sözdədir. Son baş verən proseslər fonunda deyə bilərik ki, Qərb Ermənistanı Kremlin nəzarətindən çıxarmağa çalışır. Ermənistan tərəfinin 102 saylı baza və sərhədçilərlə, daha doğrusu, onların icarə haqqı və ya çıxarılması ilə bağlı qərarından sonra Rusiya tərəfi həyəcan siqnalı ilə ”təlim" adı altında qoşunları bazadan kənara çıxardı və kiçik bir mesaj verdi. Lakin yenə də erməni tərəfi Metsamor AES və digər məsələləri gündəmə gətirdi”.
Politoloqun sözlərinə görə, bu gün Paşinyan “xaç atası” Levon Ter-Petrosyanın təlimatlarını yerinə yetirir:
“Paşinyanın bu addımları ilə seçkilərə hazırlaşır. Rusiya isə Paşinyana izah etməyə çalışır ki, Ermənistanın siyasi, iqtisadi və hərbi potensialı onunla bağlıdır və nə qədər ki, Rusiya-NATO sərhədi Ermənistandan keçir, rus hərbi bazaları orada qalacaq. Amma bununla bərabər, Qərbin təzyiqləri olacaq və İrəvanı ələ keçirməyə çalışacaq. Rusiya da bütün imkanlardan istifadə edərək buna mane olacaq. İstisna etmirəm ki, bu təzyiq vasitəsinin biri Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin bərpasına dəstək və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlarını tanımaq ola bilər”.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazov isə bildirib ki, Paşinyanın öhdəliyi haqqında Rusiya XİN Sergey Lavrov danışarkən, yəqin, Paşinyanın mitinqlərdə tez-tez qisas almayacaqlarına dair bəyanatlarını nəzərdə tutub. Həqiqətən də mitinqlər zamanı Paşinyan hər zaman vurğulayırdı ki, etirazlar dinc şəkildə davam etdiriləcək və hakimiyyət dəyişəndən sonra heç kimdən qisas alınmayacaq. O vaxtlar Paşinyan tərəfindən bu cür bəyanatlar tez-tez verilirdi. Ola bilsin ki, Rusiya ilə danışıqlar apararkən də Paşinyan bu fikri onlara çatdırıb.
Politoloq Ermənistanda baş verən həbs dalğalarının səbəblərini də izah edib: “Burada əsas prinsipial məsələ tam başqadır. Rusiya ilə Ermənistan arasında artıq soyuq savaş başlayıb. Tərəflər bir-birinə qarşı ciddi və sərt bəyanatlar verirlər. Artıq müəyyən addımlar da atılır. Söhbət ondan gedir ki, Rusiya tərəfi əvvəlcə TASS agentliyi vasitəsi ilə Ermənistanda baş verənlərdən narahat olduğunu bəyan etdi. Arxasınca Lavrov özü də bu haqda danışdı. Dünən məlum oldu ki, Rusiya Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb. Nəhayət, artıq bu gün bəlli oldu ki, Paşinyanın Yuri Xaçaturovun yerinə yeni bir adamı təyin edilməsi ilə bağlı təklifini Rusiya rədd edib. Bundan sonra erməni hökuməti Yuri Xaçaturovun fəaliyyətini davam etdirməsi üçün Moskvaya geri dönməsinə izn verib. Beləliklə, Nikol Paşinyan öz nümayəndəsini KTMT-yə rəhbərlik üçün göndərə bilməyəcək. Rusiya bunun qarşısını aldı. Bu da Ermənistanı cəzalandırmaq mexanizmlərindən biridir. Açıq-aydın görünən odur ki, Rusiya təkcə bəyanatlar verməklə kifayətlənmir, artıq müəyyən mənada ciddi hərəkətlərə keçib və Ermənistanın yeni hakimiyyətinə qarşı öz mənfi münasibətini gizlətmir. Son günlərdə isə Paşinyan hakimiyyəti Rusiya ilə ciddi problemlərin yaşanmadığına dair ictimai rəydə fikir yaratmağa çalışırdı. Ermənistanda əhalinin əksəriyyəti hər zaman Rusiyaya meyilli olub. Ona görə də Paşinyan belə bir görüntü yaratmaq istəyir. Moskva isə əksinə, çalışır ki, hər cür yeni bəyanatlar və addımlarla Ermənistan ictimaiyyətinə çatdırsın ki, yeni hakimiyyətlə Moskvanın yolları ayrılır və Moskva yeni hakimiyyəti özünə müttəfiq saymır. Bu proses hələ yeni başlayıb. Yəqin ki, qarşıdurmalar daha da dərinləşəcək. Hələ biz bu prosesin ilkin mərhələsini görürük”.
Politoloq onu da vurğulayıb ki, Ermənistanın daxilində də siyasi qarşıdurmalar artıq faciəvi bir müstəviyə keçib. Paşinyanın son hərəkətlərini onun ətrafındakılar da pisləyir. Məsələn, Daşnaksütyun Partiyası da Paşinyanın bu hərəkətlərini pisləyib. Halbuki həmin partiyanın bir neçə üzvü “məxməri inqilab”dan sonra Paşinyanın yanında nazir postları almışdı. Ermənistanda həm daxili gərginlik artır, həm də Rusiya ilə münasibətlər günü-gündən daha sərt forma alır: “Moskvadan verilən mesajlarda xüsusi qeyd olunurdu ki, Paşinyanın atdığı addımların arxasında üçüncü ölkələr dayanır. Yəni Moskvadan artıq belə bir eyham vurulub ki, Paşinyan bu addımları özbaşına etmir, onu üçüncü qüvvələr idarə edirlər. Üçüncü qüvvə dedikdə isə, təbii ki, Rusiya daha çox Qərbi nəzərdə tutur. İş orasındadır ki, inqilab baş verəndən sonra Paşinyanın Brüsselə səfəri oldu. O, çox ümidli idi ki, həm AB-dən, həm də ABŞ-dan çox ciddi dəstək alacaq. Ancaq AB-dən və ABŞ-dan soyuq münasibət gördü. AB-nin nümayəndəsi açıq mətnlə İrəvanda bəyan etdi ki, əgər Paşinyan hakimiyyəti ABŞ, AB, Rusiya ilə münasibətlərində heç bir dəyişiklik etməyəcəksə, onda AB-nin də, ABŞ-ın da Paşinyan hakimiyyətinə münasibəti dəyişməyəcək. Yəni bununla Paşinyana açıq mesaj verildi. Bundan sonra isə Paşinyanın ətrafında olan adamlar mətbuata sızdırdılar ki, yeni hakimiyyət gərək qərbyönümlü ciddi addımlar atsın ki, Qərb də Ermənistana dəstək versin. İndi də bir çoxları düşünür ki, son həbslər, xüsusilə də Xaçaturovun istintaqa cəlb edilməsi ABŞ-ın və AB-nin gözləntilərini doğrultmaq üçün atılan addımlardır. Pərdəarxasında Paşinyan artıq Qərblə əməkdaşlığa gedir və antirus siyasətini daha açıq ifadə etməyə başlayır. Rusiya tərəfi də bunu anlayır və artıq öz münasibətlərində bunu nəzərə alır”.

Bu xəbər oxundu
- - -