Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan bir vaxtlar Azərbaycanı KTMT ilə təhdid edirdi…

03.08.18, 9:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın paytaxtı İrəvanada səfərdə olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.
Erməni mətbuatı xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda hərbi-siyasi əməkdaşlığın aktual məsələləri və prioritet proqramlar müzakirə olunub. Tərəflər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə də toxunublar.
D. Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generala məlumat verib. Tərəflər, həmçinin regional və beynəlxalq hərbi-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıblar.
Ermənistan müdafiə naziri David Tonoyan isə gələn həftə Rusiyaya səfər edəcək.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Belə ki, İrəvanada səfərdə olan Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin Tonoyanın Moskvaya dəvət olunduğunu açıqlayıb.
Əvvəlkindən fərqli olaraq, bu dəfəki səfərində Tonoyanın daha geniş tərkibli görüşlər keçirəcəyi gözlənilir. Danışıqların başlıca mövzusunun isə son günlər İrəvanla Moskvaarasında gərginlik yaradan Gümrü hərbi bazasının fəaliyyəti və Ermənistan sərhədlərini rus əsgərlərinin qoruması məsələsi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi olacağı ehtimal edilir.
Erməni KİV-lərində yer alan məlumatlara əsasən, Tonoyan Putinin mesajını Paşinyana çatdırmaq üçün Moskvaya çağırılır.
Qeyd edək ki, Moskvaya əvvəlki səfərində Tonoyanla Rusiya müdafiə naziri sergey Şoyqu arasında görüş keçirilməmişdi. Ermənistan müdafiə naziri sadəcə Rusiyanın silah istehsal edən şirkətlərinin rəhbələrilə danışılqar aparmışdı. Tonoyanın Şoyqu ilə ilk təması may ayında Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin müdafiə nazirləri Şurasının çərçivəsində olub.
Bunu Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış politoloqu Aleksandr Dugin Federal xəbər agentliyinə müsahibəsində deyib ki, Serj Sarkisyanın prezidentliyi dövründə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan-Ermənistan əlaqələrinin yaxşılaşması istiqamətində ciddi razılıqlar əldə olunmuşdu. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılıq əldə edilmişdi. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana geri qaytarılması, iki ölkə arasında eskalasiyaya son qoymaq barədə müzakirələr aparılırdı.
O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi vədləri yerinə yetirməyə hazırlaşmır. Və bu, Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin bundan əvvəl əldə etdiyi razılıqların həyata keçirilməsində çətinliklər yaradıb.
“Rusiya Ermənistanla əlaqələri inkişaf etdirirdi. Rusiya bu zaman regional ittifaqların və Azərbaycanın maraqlarını nəzərə alırdı. Paşinyan isə bu modeli dağıdır. Mən anlayıram ki, ermənilər Ermənistanın əvvəlki rəhbərliyinə çox mənfi münasibət bəsləyirdilər. Amma bu o demək deyil ki, geosiyasi konstruksiyanı dağıtmaq lazımdır. Bu, çox təhlükəlidir”- deyə Dugin bildirib.
Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevanı geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladıb.
Qeyd edək ki, Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova ittiham irəli sürülməsinə görə, Ermənistan hakimiyyətini tənqid etmişdi.
“Halbuki Lavrov son dərəcə mülayim insandır. O həmin adamdır ki, Kremlin Ermənistan hakimiyyəti barəsindəki mövqeyini yumşaldıb”- deyə əlavə edib.
Onun sözlərinə görə, Paşinyanın addımları Qarabağ cəbhəsindəki situasiyaya da təsir edə bilər.
“Mən bu yaxınlarda Qarabağda idim (Cocuq Mərcanlını nəzərdə tutur). Və gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu dəstəkləmək çətindir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi hərbi ittifaqın dağılmasına gətirib çıxara bilər”.
Dugin daha sonra qeyd edib: “Yalnız bir çıxış yolu var. Ya Paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, səhv ediblər. Buna görə də, yenidən inqilab təşkil edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar – bu böyük gücdür. Ayı kimi. Ermənistan ona sataşmamalıdır. Təsəvvür edin, ayı qab-qacaq dükanına girir. Daha onun quyruğunu yandırmaq nəyə lazımdır? Belə olsa, nə qab-qacaq qalacaq, nə dükan nə də dükançı”.
Qeyd edək ki, Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçdi.
Məhkəmənin daha bir qərarı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri seçilib.
Lakin Yuri Xaçaturov istintaq müddətində iki aylıq həbsdə keçirməyəcək. O, elə həmin gecə 5 milyon dram (təxminən 10 min dollar) girov müqabilində azadlığa buraxılıb.
Həm Robert Koçaryan, həm Yuri Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur, Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda deyilir.
Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.
“Ermənistan bir vaxtlar Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə təhdid edirdi. Hətta iş o yerə çatmışdı ki, yüksək çinli bir erməni zabiti istədiyi vaxt bu hərbi-siyasi blokun gücündən Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə edə biləcəyini buna heç kəsin mane ola bilməyəcəyini söyləmişdi. İndi isə KTMT ilə münasibətlər işğalçı ölkə üçün əsil başağrısına çevrilib”. Bunu isə açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın siyasi hakimiyyəti hazırda KTMT -yə rəhbərlik edən Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsilə əlaqədar qərar qəbul edib: “Bu hər şeydən öncə Rusiya üçün pis sürpriz olub. Çünki istənilən halda bütün dünyaya postsovet məkanının ən güclü hərbi-siyasi bloku kimi təqdim edilən qurumun fəaliyyətdə olan başçısının quruma daxil olan müttəfiqlərin xəbəri olmadan məsuliyyətə cəlb edilməsi istər-istəməz bu qrumun ciddiyyətini şübhə altına alır. Bu KTMT-nin imicinə böyük zərbədir və bu qurumun doğurdan da real hərbi-siyai ittifaq olması ilə bağlı deyilənlərlə uyğun gəlmir. Məsələnin başqa mühüm bir tərəfi də odur ki, KTMT-yə üzv olan ölkələrdən heç biri baş katibin məsuliyyətə cəlb olunmasına reaksiya verməyib və sanki belə hadisə olmamış kimi davranıb. Ancaq Rusiya NATO-su kimi təqdim edilən bu qurumda baş verənlər NATO alyansında baş versəydi heç şübhəsiz ki, üzv dövlətlərinin hər birinin ayrıca ya da ən azı ümumi mövqeyi bildiriləcəkdi. Hadisəyə yalnız Rusiya münasibət bildirib. Bu ölkənin baş diplomatı Sergey Lavrov bildirib ki, Ermənistanda baş verən son hadisələrin Moskvada ciddi narahatlıq doğurur və baş verənlər Ermənistanın indiki hakimiyyətinin keçmiş hakimiyyətin nümayəndələrinə qarşı siyasi motivlərlə təqiblər aparmayacağı haqda vədlərinə ziddir.
Göründüyü kimi KTMT-nin qurucusu və əsas üzv dövlətinin Xarici Siyasət İdarəsinin başçısı Y.Xaçaturovun həbsində siyasi motivlərin ola biləcəyinə eyham vurub. Ermənistan XİN-in sözçüsü Tiqran Balayan isə baş verən proseslərin xarici siyasətlə əlaqəli olmadığını, ölkənin xarici siyasət prioritetlərinin Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə hədəfləndiyini bildirib. Göründüyü kimi mövqelər kifayət qədər ziddiyətlidir və bu heç də Ermənistanın xeyrinə deyil. Çünki artıq Rusiyada olan bir çox informasiya mənbələri bu cür davranışın Ermənistanın Rusiya tərəfindən cəzalanması ilə nəticələnə biləcəyini qeyd edir. İlkin addım kimi isə işğalçı Ermənistana növbəti kredit tranşı çərçivəsində verilməsi nəzərdə tutulan hərbi yardımın dayandırılması göstərilir. Burada isə söhbət təqribən 200 milyon ABŞ dolları həcmində silahlardan gedir ki, Ermənistan bu çərçivədə yeni İskəndər raket qurğuları ala biləcəyinə və onları Azərbaycanla sərhəd bölgələrə yerləşdirəcəyinə ümud edirdi. Ancaq göründüyü kimi işğalçı ölkədə dərin sosial-iqtisadi problemləri həll etmək üçün Qərbdən ciddi yardıma ümid edən Paşinyan Qərbə xoş görünsün deyə atdığı addımlarla Şimaldan olan dəstəyi ciddi təhlükəyə atır. Beləliklə son üç ayda ziddiyətli və bir-birini təkzib edən siyasi mövqelər bu ölkəni iflas həddinə yaxınlaşdırıb. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır Ermənistan nəinki sosial-iqtisadi baxımdan eləcə də hərbi-siyasi baxımdan iflasa məhkumdur. Ona görə də bu həqiqət nəhayət dərk edilməli işğal faktına sonu qoyulmalıdır. Bu nə qədər tez olarsa Ermənistan üçün bir o qədər yaxşı olar”.
Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin “Exo Moskvı” radiosunun efirində bəyan edib ki, əgər İrəvan Rusiyanın maraqlarının xeyrinə seçim etməzsə, onda bu, Ermənistan üçün müxtəlif daxili və xarici nəticələrə gətirib çıxara bilər.
Rusiyalı rəsmi açıq şəkildə Ermənistana və baş nazir Nikol Paşinyana xəbərdarlıq edərək, növbəti addımı atmazadan əvvəl ciddi düşünməyi məsləhət görüb.

“Ermənistanda baş nazir Nikol Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər. Çünki əgər bu seçim Rusiyanın hansısa narahatlığının təmin edilməsinin xeyrinə olmasa, onda Rusiya tərəfindən baş nazirin addımlarının tənqid edilməsi Ermənistanın həm xarici, həm də daxili siyasətində ən müxtəlif nəticələrə gətirib çıxara bilər”, – deyə Rusiyalı deputat bildirib.
Zatulinə görə, Ermənistan nəzərə almalıdır ki, bu gün onun təhlükəsizliyinin başlıca qarantı məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü, Rusiyadan verilən silahlar və ərazisində rus hərbi bazasının mövcudluğudur. Bu mənada rusiyalı deputatın fikrincə, əsas öhdəlik yükünü Rusiyanın daşıdığı KTMT-nin baş katibinin həbsi təşkilatın imicinə xələl gətirməyə bilməz. Və İrəvan belə addımlarını davam etdirərsə, bu, ikitərəfli münasibətlərdə yüksək səviyyədə etimadın itirilməsilə nəticələnəcək.
Cavid

Bu xəbər oxundu
- - -