Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı: Qafqazın Xəzər sahilində parlayan mirvarisi

06.08.18, 7:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünyanın bir çox şəhəri kimi, Azərbaycan paytaxtı Bakı da özünün və bütün Azərbaycanın vüqarını, tarixini ifadə edən qədim, eyni zamanda, Şərq xarakterilə Qərb simasını birləşdirən müasir hissədən ibarətdir.
Bakıda turistlərin marağına səbəb olan gözəl məkan çoxdur. Onun tarixi hissəsini bir kənara qoysaq, şəhərin özəlliyi çox gözəl və özünəməxsus şəkildə Xəzər dənizinin sahilinə açılmasıdır. Bulvar boyu saysız-hüsabsız piyadanın sərbəst hərəkət edə bildiyi geniş küçə uzanır. Burada kafelər, sıra ilə düzülmüş köşklər, ticarət kompleksi, gözəl dizaynla tikilmiş Xalça Muzeyini və s. görə bilərsiniz. Bulvar boyunca düzülmüş gəmilər, müxtəlif binalar və rəngarəng məkanlar mənzərəni daha da gözəlləşdirir.
WorlaMedia “Sautul-İraq”da Bakı ilə bağlı dərc olunan məqaləyə istinadən yazır ki, Bakının “Qədim şəhər” adlanan hissəsi qala divarları ilə əhatələnib. Oraya yalnız bir neçə qapıdan daxil olmaq mümkündür. Paytaxtın məşhur abidələrindən Qız qalası, qədim qəsr və bir sıra muzey orada yerləşir. Qədim Şəhərin küçələri Bakının digər hissəsinin küçələrindən qeyri-adi şəkildə dardır. Buradakı dükanlarında irs, folklor qoxusu duyulur. Buradakı bəzi məkanlar hətta UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Bakının çox unikal müasir siması da var. Məsələn, 3 binadan ibarət “Alov qüllələri”. Söhbət paytaxtın hündür yerində alov şölələri şəklində tikilmiş binalardan gedir. Şəhidlər Xiyabanı da bu ərazidədir. Buradan şəhərin az qala, hər yanı görünür. Turistlər Bakını seyr etmək üçün buraya xüsusilə gecə saatlarında gəlir.
Əsrarəngiz və gözəl məkanlardan biri də Zaha Hədidin şedevri olan Heydər Əliyev Mərkəzidir. Ağ rəngli, mürəkkəb mailliyi, gözəl dizaynı, sehrli otaqları olan bina yaşıllığın ortasında yerləşir. Bakının müasir abidələrindən ən məşhuru məhz bu Mərkəzdirş.
Ümumiyyətlə, Bakı təmiz, səliqəli şəhərdir. Küçələri geniş, binaları yaraşıqlı və gözəldir. Şəhərin mərkəzi meydanlarında fəvvarələr, kiçik bağlar, ətrafında isə müxtəlif dükanlar və restoranlar var. Burada küçələr əsrarəngiz işıqlarla işıqlandırılır.
Bakı şəhəri və ümumiyyətlə Azərbaycan son illərdə çox aktiv turizm məkanına çevrilib. Buna uzun illər çalışmaqla, beynəlxalq təşkilatlarla aparılan işlərlə nail olunub. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sazişi hələ 1999-cu ildə imzalanıb. Ölkə xüsusilə təhsil, iqtisadiyyat, incəsənət və mədəniyyət sahələrində bu əməkdaşlıqdan çox yararlanıb.
Bakı çox sayda mədəniyyət, idman tədbirlərinə ev sahibliyi edib və bütün bunlar Azərbaycan paytaxtının dünyada tanınmasına yol açıb.
Azərbaycanlılar iqtisadi inkişaf, turizm və s. fonunda siyasi böhranlardan uzaq durmağa çalışır. Lakin Azərbaycanın regionlarından biri Ermənistanın dəstəyilə birtərəfli qaydada “müstəqilliyini” elan edib. Bu üzdən Ermənistanla Azərbaycan arasında böhran yaşanmaqdadır.
Hər iki ölkənin əhalisinin əksəriyyətini şiə müsəlmanları təşkil etsə də, İranla da ara-sıra böhranlar yaşanıb. Rusiya ilə isə Avropaya qaz kəmərlərinin çəkilişilə bağlı rəqabət var. Lakin bunlar Azərbaycana gələn turistlərin artmasına mane olmur. Bu gün Azərbaycanın müxtəlif şəhərlərində çox sayda rus və iranlı turist görmək olar.
Azərbaycan Türkiyə və Gürcüstanla yüksək səviyyədə olan əlaqələrindən istifadə edərək, iqtisadiyyatını inkişaf etdirmək məqsədilə dəmir yolu şəbəkələrini birləşdirir.
2018-ci ilin mayında azərbaycanlılar çar Rusiyasının dağılması ilə 1918-ci ildə qurulmuş cümhuriyyətlərinin 100 illiyini təntənəli şəkildə qeyd ediblər. O zaman cümhuriyyətin 2 ildən artıq yaşaya bilməsə də, xalq onu illərlə Sovet İttifaqı hakimiyyətinin tabeliyində qalmış və ittifaqın dağılmasından sonra 1991-ci ildə müstəqillik qazanmış indiki respublikanın əsası sayır.

Bu xəbər oxundu
- - -