Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan eposu etnoenergetik sistemin əsası kimi

06.08.18, 9:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

3-cü yazı

“Xalqın psixikasında yaşayan amorf arxetiplər” ifadəsi məna vahidi kimi etnokosmik enerjinin yaranması və ötürülməsinin (funksionallaşmasının) konkret mərhələsini nəzərdə tutur. Biz bunu mərhələlər olaraq, təqribən aşağıdakı kimi təsəvvür edirirk:
1. İlahi başlanğıc enerjisi: ilahi potensiya mərhələsi
İlahi potensiya teoinformasiya (ilahi söz, bilgi) mexanizmi vasitəsilə varlığa – materiya, onun şəkillərinə (kainat, dünya, təbiət, canlı-cansız aləm və s.) çevrilir. Varlığın sözlə yaradılması (yaxud sözdən yaradılması) haqqında konsept teoenerjinin (ilahi enerjinin) teoinformasiyaya (sözə) kodlaşması deməkdir. İlahi arxetiplərin bütün paradiqmaları dünyamızda təkrarlandığı (yaşadığı) kimi, bu kodlaşma da həyatımızın işlək yaradıcılıq praktikasına çevrilib. Məsələn, Məhəmməd Füzuli əsrlər öncə öz ruhani enerjisini yazı kodu vasitəsilə sözə şifrələyib, özü ölüb gedib. Bu, kodlaşmanın birinci mərhələsidir. Onun ruhani-emosional enerjisi əsrlər boyunca yazıda konservasiya olunub. Bu, kodlaşmanın konservasiya mərhələsidir. Bizim onun qəzəllərini oxuyarkən hər hansı formada “həyəcanlanmağımız” artıq Füzulinin yazılı sözə kodlaşmış ruhani-emosional enerjisini qəbul etməyimiz, öz enerji ehtiyatlarımıza qatmağımız deməkdir. Bu da kodlaşmanın ötürülmə mərhələsidir. Demək, fizikanın əsas qanununda olduğu kimi, enerji itmir: bir formadan digərinə keçir. İlahi enerji sözə kodlaşır və bu teoinformasiya maddi (mənəvi) yaradılışın ilahi sxemləri rolunu oynayır. Beləliklə, ilahi potensiya təbiətin enerjisinə çevrilir.
2. Təbiətin enerjisi: stixial potensiya mərhələsi
Varlıq aləmindəki ünsürlərin hamısında atomar hərəkət var. Yer üzündə elə bir varlıq ünsürü yoxur ki, o, atom-molekullardan təşkil olunmasın. Bu atomlar (onların makrokombinasiyaları və mikrohissələri) aramsız hərəkətdədir. Həmin hərəkət stixial enerjidən qidalanmaqla onu ifadə edir.
3. Canlı təbiətin enerjisi: psixi-instinktiv potensiya mərhələsi
Təbiətin enerjisi özü olaraq qalmaqla canlı orqanizmlərdə eyni zamanda psixi-instinktiv enerjiyə sublimasiya olunur (sadə mənada: çevrilir). Burada məsələ çox mürəkkəbləşir. Biz heyvan və bitki psixikasını bir tərəfə qoyub, diqqəti insan psixikasına yönəldirik. İnsanın psixikası iki qatdan – təhtəlşüur və şüurdan ibarətdir. Bu iki qat hazırda insanın psixikasının sinxron struktur qatlarıdır. Lakin ilahi təkamül (diaxroniya) baxımından burada əvvəlcə təbiətin stixial enerjisinin təhtəlşüura, təhtəlşüurdan isə şüura çevrilməsi baş verib. İlahi arxetiplər varlıq (yaradılış) aləmində daimi təkrarlandığı kimi, stixial enerjinin təhtəlşüurdan şüura sublimasiya olunması daimi prosesdir. Burada biz artıq etnoenerji mərhələsinə daxil oluruq.
4. İnsan psixikasının enerjisi: etnoenergetik potensiya mərhələsi
Bu, şərti sonuncu mərhələdir. Burada məsələnin bütün mahiyyəti, o cümlədən araşdırdığımız problemin mahiyyəti təhtəlşüurdan şüura çevrilən enerjinin təbiəti və çevrilmənin mexanizmləri ilə bağlıdır. Biz hələlik (və bəlkə də, əbədilik) çevrilən enerjinin mahiyyətindən danışmayacağıq. Bütün diqqətimiz enerjinin ötürülmə mexanizmlərinə yönəldiləcək. Çünki miflər, əfsanələr, nağıllar, dastanlar və s. təhtəlşüurdan şüura ötürülən enerjinin (etnoenerjinin) emalolunma, qorunma, yaşadılma və ötürülmə mexanizmləridir. K.Levi-Stros strukturalizminin bütün konseptual mahiyyəti məhz bu məqama müncər olunur.
K.Levi-Strosa görə, təbiətin gerçək mahiyyəti qeyri-şüuridə, yəni təhtəlşüurda, o da öz növbəsində miflərdə, yuxu simvollarında və s. reallaşır (simvollaşır). Böyük alimin fəlsəfi görüşlərini təhlil edən N.A.Butinov yazır: “Deməli, (L.Strosa görə – S.R.) iki struktur var:
1) insan ağlının strukturu və 2) fiziki gerçəkliyin strukturu. Levi-Stros bunların arasında bərabərlik işarəsi qoyur: onlar sanki eynidir”.
“İnsan təbiəti dərk edə bilərmi? Levi-Stros cavab verir ki, olar. Hansı yolla? İnsanı, insan ağlının strukturunu öyrənmək yolu ilə”.
“Beləliklə, Levi-Strosa görə, təbiətin idrakının bir yolu var: adamların sözlərini və hərəkətlərini öyrənmək və onlardan struktur elementlərinə, şüurdan qeyri-şüuriyə, xüsusi qanundan ümumi qanunlara doğru getmək lazımdır. Levi-Stros bu qanunları universal adlandırır: alimin məntiqincə o səbəbdən ki, həmin universal qanunlarda insan və təbiət inikas olunub... Beləliklə, strukturalizm, sadəcə olaraq, metod yox, xüsusi dünyagörüşü, xüsusi fəlsəfi sistemdir”.
Bu cəhətdən Butinovun “strukturalizm” anlayışını etnoqrafik kontekstdə səciyyələndirməsi məsələni daha da aydınlaşdırır: “Strukturalizm – bu, strukturu insanın daxilində axtaran, onu ağlın qeyri-şüuri strukturunda görən bir istiqamətdir”.
Beləliklə, ilahi başlanğıc enerjisi təbiətin enerjisinə, o öz növbəsində canlı təbiətin enerjisinə, o da öz növbəsində insan psixikasının enerjisinə – etnoenergetikaya çevrilir.
Məsələyə struktur kontekstində yanaşsaq, ilahi başlanğıcın strukturu – təbiətin strukturunda, təbiətin strukturu – təhtəlşüurun strukturunda, təhtəlşüurun strukturu – ənənəvi mədəniyyətin strukturunda təkrarlanır.
“Ənənəvi mədəniyyət” dedikdə miflər, yuxular, əfsanələr, nağıllar, dastanlar və s. nəzərdə tutulur.
Buraya qədər bəhs etdiyimiz məsələlər “Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi” probleminin nəzəri-metodoloji əsaslarını təşkil edir. Belə ki, Azərbaycan dastanları ənənəvi düşüncənin strukturunu inikas edir. Şaman da eyni ənənəvi düşüncə strukturuna malik olub. Bu cəhətdən şaman qamlamasının strukturunun Azərbaycan dastanlarının poetik strukturunda “təkrarlanması” bunları vahid düşüncə sisteminə aid edir. Demək, istər dastanlarımızın, istərsə də şamanın düşüncəsinin strukturunun əsasında eyni etnoenergetik sxemlər durur. Tədqiqatda əsas məqsəd dastanların “düşüncə” strukturu ilə şaman düşüncəsinin strukturu arasında identifikasiya (eyniləşdirmə) modeli qurmaqla bu modelin funksional hərəkəti, bu hərəkəti yaradan mexanizmlər, onların quruluşu, işləmə prinsipləri və s. haqqında düşünməkdir.

Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru

Bu xəbər oxundu
- - -