Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“25 ildir danışıqların aparılmasına rəğmən, Azərbaycan torpaqları azad olunmayıbsa…”

06.08.18, 10:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Eldar Namazov: “O zaman Ordumuz öz üzərinə düşən vəzifəni yerinə yetirib, torpaqları düşməndən təmizləməlidir”


Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qərarının verildiyi məlumdur. Bundan öncə Baş Hərbi İnspektorunun müavini, general-mayor Mikael Arzumanyan vəzifəsindən azad edilib. Ermənistanın digər sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və oğlu Ayk saxlanılıb. Sarkisyanın aqibəti isə bəlli deyil, O, hazırda ölkə xaricindədir və Ermənistana qayıtmağa cəsarət eləmir.
O cümlədən Qarabağ müharibəsində azərbaycanlılara qarşı qəddarlığı ilə tanınmış general Manvel Qriqoryan da həbs edilərək, zindana atılıb.
Ermənistanda baş verən hadisələr Qarabağ konfliktinin həllinə necə təsir edə bilər?
Politoloq Eldar Namazov bu məsələ ilə bağlı iki yanaşmanın mövcud olduğunu deyib:
“Bir yanaşma ondan ibarətdir ki, son hakimiyyət dəyişikliyindən sonra “vurulan siyasətçilər”, Azərbaycan torpaqlarının işğalına birbaşa rəhbərlik etmiş “Qarabağ klanı”nın aparıcı üzvləri siyasi səhnədən gedəndən sonra Ermənistanla hansısa kompromislərə gəlmək daha rahat, asan olar. Ancaq bu yanaşmanın ciddi qüsurları var. Adətən çətin durumda olan hakimiyyət Qarabağ məsələsində daha radikal mövqedən çıxış edir. Paşinyan hakimiyyəti də bu gün çox çətin durumdadır. Əslində o, bir tərəfdən rəqiblərini vurub, digər tərəfdən hələ növbədənkənar parlament seçkiləri keçirilməyənə, hökümətdə tam öz adamlarını yerləşdirməyənə , parlamentdə ona dəstək verən çoxluğu əldə etməyənə qədər Ermənistanda istahatlar apara bilməyəcək və hansısa sosial hərbi durumu yaxşılaşdırmağa da müvəffəq olmayacaq. Belə olan halda Paşinyan Qarabağ məsələsində hansısa güzəştli mövqe tuta bilməz. Əksinə Paşinyan indi əvvəlki hakimiyyətlərdən də daha sərt bəyanatlarla çıxış edəcək”.
E.Namazov ikinci yanaşmadan bəhs edərkən qeyd edib ki, vaxtilə torpaqlarımızı itirməyimizin səbəbi Azərbaycandakı qeyri-sabitliklə bağlı idi:
“Orta hesabla ildə bir dəfə hakimiyyət dəyişirdik. Atəşkəs əldə olunana qədər, 6 il ərzində - 1988-1994-cü illərdə Azərbaycanda 7 dəfə Ali Baş Komandan dəyişib. Yəni həm birinci katibləri, həm prezident səlahiyyətlərini icra edən adamları, həm də prezidentləri saysaq, belə nəticə ilə qarşılaşırıq. Belə olan halda müharibə aparan ölkə qalib gələ bilməzdi. Ermənilər bundan istifadə edərək Azərbaycan torpaqlarını işğal edib. Biz Ermənistanda durumun çətinliyini, daxili böhranın daha da dərinləşdiyini, Rusiya ilə Ermənistan arasında çox ciddi gərginliklərin meydana gəldiyini, bunu aradan qaldırmağın çətin olduğunu görürük. Günü-gündən iki dövlət arasındakı münasibətlər pisləşir. Bu böhran hələ davam edəcək, yaxın aylarda bu, daha da gərginləşəcək. İctimai rəydə Paşinyana olan dəstək get-gedə azalacaq, onun opponentləri əks hücuma keçəcək. Bu orduya da öz təsirini göstərəcək”.
Politoloq düşünür ki, belə vəziyyətdə Azərbaycan ciddi siyasi qərarlar verməlidir:
“Onsuz da generalların həbsi və digər məsələlərlə bağlı Azərbaycanla müqayisədə daha zəif olan Ermənistan ordusunun içərisində parçalanmalar var. Hesab edirəm ki, böhran pik nöqtəyə çatanda Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməli, bu haqda siyasi qərarlar verilməlidir. Çünki 1988-ci ildən bu günə kimi düşmənimiz bu qədər zəif, beynəlxalq dəstəkdən məhrum olmayıb. Belə bir məqamda biz sözsüz ki, çox sərt və siyasi qərarlar verə bilərik.
Hər halda ermənilərin danışıqlar dövründə dəfələrlə problemi sülh yolu ilə həll etmək imkanı olmuşdu. 25 ildir danışıqların aparılmasına rəğmən, Azərbaycan torpaqları azad olunmayıbsa, o zaman Ordumuz öz üzərinə düşən vəzifəni yerinə yetirib, torpaqları düşməndən təmizləməlidir”.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğal olunmuş ərazilərin qaytarılması haqqında dediyi sözlər İrəvanda təşviş yaradıb.
Azərbaycan lideri münaqişənin yeganə həll yolunun ərazi bütövlüyümüzün bərpa edilməsindən keçdiyini vurğulayıb.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, o həllin bir yolu var: ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir... Biz sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan əraziləri qaytarmamaq üçün hər şey etməlidir.
“Azərbaycan öz gücündən istifadə edərək, təzyiq göstərir, həmçinin, Minsk qrupu də Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin Bakı bunu qəbul etmədi, Minsk qrupu də bu məsələ ilə bağlı olmamış kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Lakin biz ərazilərin qaytarılması ilə nəticələnən sülh prosesinə razılaşmamalıyıq”, - deyə erməni politoloq bildirib.
Safaryan Ermənistanın diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu bildirib.
Erməni hərbi ekspert Mqer Akobyan isə erməni hərbi birləşmələrini silaha sarılmağa çağırıb.
“Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməməkdir. Yəni “barıtı quru saxlamalı” və lazım olarsa, hücuma keçməliyik”, - deyə o bildirib.
Lakin erməni ekspert hazırda Ermənistanın daxili problemlərinin olmasına diqqət çəkib.
Qeyd edib ki, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir və Azərbaycan prezidenti baş verənləri yaxşı anlayır.
O da faktdır ki, Ermənistan idarəsiz və yelkənsiz qayıqda üzür. Ölkənin bu günki iqtisadi vəziyyətini tanınmış ekspert Vazgen Xaçaturyan məhz belə xaraketrizə edib. Onun sözlərinə görə, əvvəlki hakimiyyət 6,5 milyard dollardan çox borc qoyub. Onların qarşısını almaq üçün isə heç bir mənbə yoxdur.
Dövlət borcu məsələsi bu gün yeni hökumətin qarşısında dayanan ən vacib məsələlərdən biridir. Bir ildən sonra 800 milyon dollardan çox pul ödəmək lazımdır. Hakimiyyət isə bəzi çox önəmli layihələri dayandırmağa məcburdur.
Pulu ödəmək üçün yeni mənbəni haradan tapamaq olar? Bu sualın cavabını isə iqtisadçı özü də bilmir. Ermənistana yeni kredit heç kim verməyəcək. Beynəlxlaq reytinq agentliyinin hesablamalarıbu proqnozu əsas götürən sərmayəçilərin ölkəyə cəlb edilməsinə də mənfi təsir edib.
Xaçanturyan hər şeyin günahını köhnə rejimdə görür. Məhz onların günahı ucbatından bu gün ölkə borc batağındadır.
Bütün bunları başlanğıcı isə Qarabağ münaqişəsidir. İndi həbsdə olan Robert Koçaryan, onun qarabağlı cinəyət əlbiri Serj Sarkisyan ölkə rəhbərliyinə hansı yollarla gəldiyini bilirik. Bu quldurlar "dənzidən dənizə böyük Ermənistan" yaratmaq iddiasında olan milli qəhrəmanlar hesab edilirdilər.
Təbii ki, hakimiyyətdə olduqları müddətdə bu ətraflarında böyük çevrə yaradıb, onu möhkəmləndirməyə vaxt sərf ediblər. iqtisadiyyat isə yaddan çıxıb. Blokada isə onun vəziyyətini daha da pisləşdirib. İndi iqtisadçı olmayanlar belə anlayır ki, məhz Qarabağa görə bu gün Ermənistanda yaşamaq olduqca çətindir.
"Bəlkə Qarabağ ətrafındakı əraziləri verək, Azərbaycanla əlaqələri yaxşılaşdıraq?" təklifləri də artıq artır. Bundan əlavə bu gün İrəvan görür ki, onun strateji tərəfdaşı, öz maraqları olan Moskva nə Bakı, nə də Ankara ilə münasibətlərini korlamaq niyyətində deyil. Bir çıxış yolu qalır Qarabağdan getmək. Zaman və Azərbaycan Silahalı Qüvvələri erməni hakimiyyətini buna getməyə məcbur edəcək.
Millət vəkili Aydın Mirzəzadənin fikrincə isə, ümumiyyətlə bu gün Ermənistanda yeni bir proses yaşanır. Erməni elitasının bir hissəsi 20 il ərzində ona fəsadlar yaşatmış xunta üzvlərini məhkəməyə cəlb edir.
Onun sözlərinə görə, həm Robert Köçaryan, həm də Serj Sarkisyan Azərbaycan xalqı ilə yanaşı, erməni xalqına da böyük ağırlar yaşadıb: “Ermənistan inkişafdan qalıb, dövlət səviyyəsində cinayətlər törədilib, hakimiyyət zorla qəsb edilib, ölkədə hərbi polis rejimi fəaliyyət göstərib və s. Yəni bu baxımdan Ermənistan bu gün o 20 illik fəaliyyətinə qiymət verir. Əlbəttə ki, bu qiyməti ədalət gözü ilə obyektiv adlandırmaq olar. Ancaq bu cinayətlərdən nəticə çıxarıb özünün indiki elitanın o cinayətləri edib-etməyəcəyi sual altındadır. Hələ ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münasibətlərindəki apardığı siyasət Köçaryanın və Sarkisyanın siyasətindən qətiyyən fərqlənmir. Eyni ritorika, çağırışlar nəticəsində belə bir təsəvvür yaranır ki, sadəcə olaraq bir xunta digər xunta ilə əvəz edilməyə başlayır.
Düzdür, Paşinyan hələ Qarabağ məsələsi ilə bağlı Azərbaycanla əlaqədə olmayıb və dövlət rəhbərlərinin görüşü keçirilməyib. Bu baxımdan onu hansı addımlar atacağı bilinmir. Ancaq gündəlik olaraq cəbhə xəttində provokasiyaların edilməsi, Paşinyanın oğlunu işğal etdiyi Azərbaycan torpaqlarına hərbi qulluğa göndərməsinin özü hələ ki, Paşinyanın Qarabağ siyasətini dəyişəcəyinə çox az ümid verir. Bununla belə əgər yeni hakimiyyət ölkə içində olduğu kimi qonşu ölkələrlə münasibətdə də dəyişiklik etməsə onda Köçaryan və Sarkisyanın başına gələn tale onun da başına gələcək. Çünki heç bir halda başqa xalq üçün cinayətlər törədən insan öz xalqını xoşbəxt edə bilməz”.

Cavid

Bu xəbər oxundu
- - -