Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Biçilmiş sahələrin yandırlması toprağa böyük ziyan vurur

06.08.18, 11:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Belə hallar növbəti illərdə məhsuldarlığı kəskin aşağı salır
Ölkədə dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. AR Dövlət Statistika Komitəsinin iyulun 23-nə olan son məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1049,3 min hektar sahənin 974,3 min hektarı və ya 92,9 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 2833,4 min ton təşkil edib, məhsuldarlıq 29,1 sentnerdir. Yığılmış məhsulun 1895,3 min tonu və ya 66,9 faizi buğda, 913,3 min tonu (32,2 faizi) arpa, 24,8 min tonu (0,9 faizi) digər dənli və dənli paxlalı bitkiləridir. Respublikanın 11 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 32 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digər rayonlarda isə 90,0 faizdən aşağı olmuşdur.
Bunlarla yanaşı, çox narahatlıq doğuran haldır ki, rayonlarda sahələrdən məhsul toplandıqdan sonra əksər yerlərdə tarlalarda qalıqların yandırılması praktikası geniş yayılıb. Yay ayında istilərlə əlaqədar bu hal ciddi fəsadlar törədir, geniş miqyaslı yanğınlara səbəb olur. Əslində təsərrüfatlara böyük ziyan dəyir. Bu zaman bitkilərlə yanaşı yanğın baş verən ərazidə heyvanlar da məhf olur. Ən əsas ziyan isə torpağa dəyir: münbit qat məhv olur, məhsuldarlıq azalır. Sahənin yandırılmasında torpağın hər hektarında üzvi maddənin və səth qatının elə miqdarı məhv edilir ki, onun da bərpası üçün illərlə vaxt tələb olunur. Ya da həmin torpağın hər hektarına təxminən 15 ton peyin verilməlidir ki, torpaq özünə gəlsin.
Kənd yerlərində sadə adamlarda belə bir yanlış təsəvvür yaranıb ki, guya kül tarlanı yaxşı gübrələyir, mineral və üzvi gübrələrə qənaət olunur. Bəzi təsərrüfatçılara elə gəlir ki, kövşənliklərin yandırılması ziyanvericilərin və xəstəliklərin kökünü kəsməyə kömək edir və tarlaları təmizləyir. Lakin bu yanaşma doğru deyil. Yanğın nəticəsində tarlalarda mikroflora məhv olur, torpaqda münbit qat - humus toplanması dayanır, atmosfer havası çirklənir. Lakin çoxları bilmir ki, əksinə, biçin zamanı sahəyə tökülmüş bitki qalıqlarının minerallaşması nəticəsində torpaq üzvi maddələrlə zənginləşir. Ona görə sahənin otlaqlarını yandırmaq düzgün üsul deyil, o özü qış aylarında cürüyərək torpağa qarışmalıdır. Ona görə də, fermerlər bilməlidirlər ki, əkin sahələrinin, tarlaların məhsul yığımından sonra yandırılması heç də məhsuldarlığa müsbət təsir etmir, əksinə ona böyük ziyan vurur.
Biçilmiş sahələrdə baş verən yanğınlar bəzən meşə sahələrinə də keçir, duman, tüstü ətraf mühitə böyük ziyan vurmaqla yanaşı insanlarda da narahatlıq yaradır. Bu cür halların baş verməsinin bir səbəbi məlumatsızlıqdırsa, başqa bir səbəbi də məsuliyyətsizlikdən doğur. Məsələnin hüquqi tərəfləri də var. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244-1 maddəsinə görə, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 6000 manata qədər cərimələnə bilərlər. Ona görə də, tarlaları bilərəkdən yandıranlar bunu da nəzərə almalıdılar. Bir sözlə, fermerlər bilməlidirlər ki, sahələrin yandıdılması həm təsərrüfatlara, torpağa, təbiətə böyük ziyan vurur, həm də hüquqi məsuliyyət yaradır. Yəni, məsələnin kəndli üçün heç də kiçik sayılmayacaq məbləğdə cərimə olunmaq tərəfləri də var.
Bu sahədə maarifləndirmə tədbirlərinin aparılması zəruridir. Xüsusən də, yerli kənd bələdiyyələri və irca nümayəndələri fermerlər arasında izahat işləri aparmalı, tarlaların yandırılmasının ziyanlı və təhlükəli cəhətləri onların diqqətinə çatdırılmalıdır. Bununla yanaşı, belə hallara qarşı aidiyyəti orqanlar da yerlərdə ciddi tədbir görməli, xəbərdarlıq olunmalıdır ki, sonradan hansısa fermer “xəbərim yox idi” “bəhanəsi” gətirməsin...
Tərlan

Bu xəbər oxundu
- - -