Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XVIII yüzilin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

06.08.18, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmalarında bildirilir ki, İrəvan xanlığı yarandığı gündən müstəqil bir dövlət kimi qonşu dövlətlərlə, Azərbaycanın bəzi xanlıqları ilə siyasi münasibətlər qurmuş və varlığının qorumaq üçün həmişə mübarizə aparmışdır. İrəvan xanlığı əlverişli strateji mövqedə yerləşdiyindən Rusiya, Osmanlı və İran kimi dövlətlərin mənafeyinin toqquşduğu bir bölgə idi. Ona görə də xanlıq tez-tez qonşu dövlətlərin hücumlarına məruz qalırdı. Bəzən də İrəvan xanları güclənmək məqsədi ilə ərazilərini genişləndirməyə çalışırdı.
İrəvan xanlığının siyasi tarixi ara müharibələri ilə zəngin olmuşdu. İrəvanı müstəqil xanlığa çevirən Mir Mehdi xan (1747-1752) xanlığın ərazisini genişləndirmək üçün qonşu xanlıqlara yürüşlər təşkil edirdi. O, 1748-ci ilin əvvllərində Urmiya xanlığına hücum edir. Gələcəkdə taxt-tac iddiaçılarından biri olan, lakin həmin dövrdə bir o qədər qüvvəsi olmayan Urmiya xanı Fətəli xan Əfşar irəvanlılarla döyüşdə məğlubiyyətə uğrayır. Nəticədə Fətəli xan Mir Mehdi xana güzəştə getməyə məcbur olmuşdu. Lakin yenicə yaranmış İrəvan xanlığı tezliklə, qonşu dövlətlər arasında gedən mübarizə meydanına çevrildi. XVIII əsrin 40-cı illərin axırlarında şah taxt-tacı uğrunda mübarizə qızışdığından Cənubi Qafqazda da mürəkkəb vəziyyət yaranmışdı. Bundan yüksək şəkildə yararlanmağa çalışan Kartli-Kaxetiya çarları II Teymuraz və oğlu II İrakli, digər tərəfdən isə Qarabağ xanı Pənahəli xan arasında bölgədə nüfuz dairəsi uğrunda mübarizə gedirdi. Xüsusilə, İrəvan, Gəncə, Naxçıvan xanlıqları tez-tez Kartli-Kaxetiya çarlığının hücumlarına məruz qalırdı.
E.Qarayev: "İrəvanı özünə tabe etmək niyyətində olan çar Teymuraz və oğlu İrakli bunun üçün hər cür vasitələrdən istifadə edirdilər. Xanlığın ərazisində yaşayan ermənilər bu işdə onların ən yaxın köməkçiləri idi. Ermənilər (çox vaxt bunlara qonşu xanlıqlardan olan ermənilər də qoşulurdu - E.Q.) xanlıqda qarışıqlıq salmaqla, yalan vədlərlə hər iki dövlət arasındakı münasibətləri gərginləşdirdi. Belə ki, ermənilər Kartli-Kaxetiya sarayı ilə gizli danışıqlar aparırdı. P.Butkov yazır ki, «İrəvan və Gəncədən olan ermənilər 1749-cu ilin avqustun əvvəllərində çarın yanına gələrək çar Teymuraza tabe olacaqlarını və beş min rubl məbləğində vergi verəcəklərini vəd etdilər». Lakin ermənilərin xəyanəti İrəvan xanının nəzərindən qaçmırdı. Buna görə də, Mir Mehdi xan Kartli-Kaxetiya sarayı ilə gizli əlaqə saxlayan erməniləri cəzalandırmaq qərarı vermişdi. Onun bu tədbiri Kartli-Kaxetiya sarayının narazılığına gətirib çıxarmışdı. İrəvanın daxili işlərinə qarışmağa bəhanə axtaran çar Teymuraz ermənilərin müraciətindən istifadə edərək 1749-cu ilin sentyabrında 25 minlik qoşunla İrəvana yürüş etdi. Sentyabrın 29-da çar qoşunu bir kəndi zəbt edə bildi. Müqavimət göstərmək iqtidarında olmayan Mir Mehdi xan ermənilərə divan tutmağı dayandırır və çar Teymurazla sülh bağlayır. Noyabrın 22-də çar qoşunları xanlığı tərk edərək geri qayıdır. Kartli-Kaxetiya çarlarının tez-tez qonşu Azərbaycan xanlarının daxili işinə qarışması qüdrətli xanların narazılığına səbəb olurdu. Belə xanlardan biri qonşu Azərbaycan xanlarını özünə tabe etmək istəyən Qarabağ xanı idi".
Mirzə Camal Cavanşir yazırdı: «Az bir müddətdən sonra Pənah (Pənahəli-E.Q.) xana xəbər çatdı ki, mərhum Nadir şahın oğlu (nəvəsi-E.Q.). Şahrux Mirzə, Adil şah adlandırılan Əliqulu xanı öldürərək (İbrahim Mirzəni-E.Q.), Xorasanda şahlıq taxtında oturub və İraq, Azərbaycan və Fars torpaqlarında qarmaqarışıqlıq üz verib. Bu zaman Pənah xan Gəncə, İrəvan, Naxçıvan və xüsusilə Ərdəbil vilayətlərini ələ keçirmək və o yerlərin xanlarını özünə tabe etmək qərarına gəldi».
İlk növbədə Pənahəli xan bu işdə ona mane ola biləcək Kartli-Kaxetiya çarlığını zərərsizləşdirmək məqsədi ilə 1749-cu ilin dekabrın əvvəllərində gəncəli Şahverdi xan, şəkili Hacı Çələbi xan, qəbələli Ağamalı xan, muğanlı Səfərəli və şamaxılı Hacı Məhəmmədəli xanla ittifaq bağlayaraq Kartli-Kaxetiyaya hücum etməyi qərara aldı. Lakin İrəvan xanı tərəfindən xəbərdarlıq edilən İrakli müttəfiqlərin hücumunu dəf etmək üçün vaxtında tədbir görə bildi. Nəticədə Martqubi və Didopisiali kəndlərində baş verən döyüşdə müttəfiq qoşunları məğlubiyyətə düçar oldu.
Bu hadisədə İrəvan xanının Kartli-Kaxetiya çarlığına kömək etməsi səbəbəsiz deyildi. Belə ki, Pənahəli xan Kartli-Kaxetiya ərazisinə hücumdan əvvəl oğlu və qardaşının komandanlığı altında 4000 nəfərlik qoşunu qarət məqsədilə İrəvan xanlığına göndərmişdi. İrəvan şəhərinə və Eçmiədzin kilsəsinə qədər irəliləyən Qarabağ qoşunu bu yürüşdə çoxlu əsir və mal-qara ələ keçirdi. Bu hücumun qarşısında davam gətirə bilməyən irəvanlılar II İrakliyə elçi göndərərək kömək istədi. Vaxtında köməyə çatan Kaxetiya çarı geri qayıdan Qarabağ qoşununa hücum edərək məğlubiyyətə uğratdı. Nəticədə Pənahəli xanın oğlu və qardaşı olmaqla çoxlu qarabağlı öldürüldü, onlardan az bir qismi geri qayıda bildi.
Mirzə Camal Cavanşir «Qarabağ tarixi» əsərində maraqlı bir məqama toxunaraq yazır ki, «Nadir şah öldürüldükdən sonra üzə çıxan Pənahəli xan bacarıqlı cavanları başına toplayıb Şirvan, Şəki, Gəncə, İrəvan və Qarabağ vilayətlərini qarət etməyə başladı. Bütün cavanları mal və dövlət sahibi etdi».
Bu hadisə İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında olan münasibətləri normallaşdırmışdı. Lakin İrəvan xanlığında yaranmış sakitlik çox uzun sürmədi. Belə ki, İbrahim Mirzə Əmiraslan xanı məğlub etdikdən sonra Təbrizə gəldi və 1748-ci ilin noyabrın 24-də burada özünü şah elan etdi. Bir müddət burada qalan şah geri çəkilərkən əfşar sərkərdələrindən biri olan Məhəmməd xanı oraya hakim təyin etdi.
Tezliklə İbrahim Mirzə Məşhəd şəhəri yaxınlığında Nadir şahın nəvəsi Şahrux Mirzə ilə apardığı müharibədə öldürüldü. Şahın ölümündən sonra yaranan qarışıqlıqdan istifadə edən Təbriz hakimi Məhəmməd xan Əfşar müstəqil siyasət yeritməyə başlayır. O, Kartli-Kaxetiya çarlığı da daxil olmaqla qonşu xanlıqları özünə tabe etmək üçün fəaliyyətini genişləndirdi. Əvvəlcə Kartli-Kaxetiya sarayına elçi göndərən Məhəmməd xan çar Teymuraza tabe olmasını tələb edir. Lakin çar Teymuraz onun göndərdiyi elçiləri qəbul etməmişdi. Rədd cavabı alan Təbriz hakimi Kartli-Kaxetiyaya yürüş etmək fikrinə düşdü. Bunun üçün birinci İrəvana hücum etmək lazım gəlirdi. 1750-ci ilin yayında başda Məhəmməd xan olmaqla 30 minlik qoşun ilk əvvəl İrəvan xanlığına daxil olur. İrəvan ərazisinə hücuma keçən çoxsaylı qoşun burada soyğunçuluqla məşğul olmağa başlayır. Belə qarətçi hücumun qarşısında aciz qalmış irəvanlılar yenə kömək üçün Kartli-Kaxetiya sarayına müraciət etməli olur. Belə fürsətdən yararlanmağa can atan çar Teymuraz və oğlu İrakli qoşunla İrəvana gəlir. Tərəflər arasında baş verən döyüşdə məğlub olan Məhəmməd xan Gərnibasar mahalında yerləşən Qvirob (Xorvirab) qalasına sığınır. Bu qalada onun ailəsi və xəzinəsi yerləşirdi.
İrakli qoşunu ilə Məhəmməd xanı təqib edərək qalanı ələ keçirir və xanın ailəsi əsir alınır. Bundan əlavə, xanın xəzinəsi müsadirə edilir. Lakin xanın özü bu hadisədən salamat qurtarmışdı. Məlumata görə, Məhəmməd xan Təbriz əhalisinin üsyanı nəticəsində öldürülmüşdü. Köməklik müqabilində irəvanlılar Kartli-Kaxetiya çarlığına hər il qırx min rubl xərac (4.000 tümən-E.Q.) verməli və eyni zamanda İrəvan şəhərində çarın nümayəndəsi oturmalı idi.
İrəvan xanlığı bu təhlükədən azad olsa da çox keçmir ki, yeni təhlükə ilə üzləşir. Bu dəfə İrəvanda hakimiyyət dəyişikliyi baş verir. Belə ki, Azərbaycanda və İranda baş vermiş hadisələr zamanı taxt-tac iddiaçılarından olan Urmiyalı Fətəli xan Əfşar hərbi cəhətdən güclənir və tezliklə qonşu Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmə siyasətinə başlayır. O, tezliklə Təbrizi özünə tabe edir. Bundan sonra Fətəli xan keçmiş rəqibi Mir Mehdi xandan qisas almaq niyyətinə düşmüşdü. Fətəli xan Əfşar niyyətini həyata keçirmək üçün Nadir şahın sabiq sərkərdəsi Azad xanı öz tərəfinə cəlb edir.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, Fətəli xan Əfşar ilk növbədə Azərbaycan xanlarına fərmanlar göndərərək tabe olmalarını tələb etdi. Lakin onun fərmanları xanlar tərəfindən rədd edilir. Onun göndərdiyi elçilər İrəvan xanlığından da əliboş qayıtmışdı. Bir tərəfdən bu, digər tərəfdən irəvanlıların yuxarıda bəhs edilən Urmiya səfəri Fətəli xanın buraya qoşun göndərməsinə səbəb oldu. Onun göstərişi ilə Azad xan 1751-ci ilin sonlarında sərkərdəsi Musa xanın başçılığı ilə bir dəstə qoşununu İrəvana göndərdi. İrəvan qalası mühasirəyə alınır. İrəvanlılar Mir Mehdi xanın başçılığı ilə qalaya sığınaraq güclü müdafiə olunurdu. Ermənilər isə əllərinə düşən bu imkandan istifadə edərək yenidən Kartli-Kaxetiya çarı Teymuraza müraciət etdilər. İrəvanda öz təsirini itirmək istəməyən çar Teymuraz bu müraciətdən istifadə edərək oğlu İraklinin başçılığı ilə oraya beş minlik qoşun göndərdi. Mənbənin verdiyi məlumata görə, gürcü qoşunlarının tərkibində Qazax və Borçalı mahallarından olan Azərbaycan türklərinin süvari dəstələri də fəaliyyət göstərirdi.
Yerli əhalinin güclü müqaviməti və digər tərəfdən İraklinin komandanlığı altında vaxtında yetişən kömək Musa xanı İrəvan qalasının mühasirəsindən əl çəkməyə məcbur edir. Musa xanın geri çəkildiyini eşidən Azad xan on səkkiz minlik qoşunla Araz çayını keçərək Qarniçayın kənarında mövqe tutur. Bəzi məlumatlarda Azad xanın 12 topu, 200 zənburu olan 40.000 qoşuna malik olduğu göstərilirdi. Digərlərində isə 30 minlik qoşuna malik olduğu qeyd olunurdu. Bu xəbəri eşidən İrakli Azad xandan ehtiyat edərək öz qoşunu ilə Qırxbulaq yüksəkliyinə çəkilməli olur.
Çox keçmədi ki, tərəflər arasında döyüş başladi. Baş verən döyüşdə Azad xanın qoşunu məğlubiyyətə uğrayaraq geri çəkilir. II İrakli isə Kartli-Kaxetiyaya qayıdır. Bu xəbəri eşidən Fətəli xan ehtiyat qüvvələrini Azad xanın köməyinə göndərdi. Əlavə kömək alan Azad xan Kartli-Kaxetiyaya hücum edir. Döyüş nəticəsində II İraklinin qoşunu məğlubiyyətə uğrayır. Məğlub olan II İrakli təslim olmaq məcburiyyətində qalır. İtaət əlaməti olaraq çar Fətəli xana girovlar vermişdi. Girovların tərkibinə II İraklinin bacısı, Zalbəy və Aslan bəy adlı iki görkəmli gürcü knyazı olmaqla 200 nəfər döyüşçü daxil idi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -