Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dərdlərə könül verən şair

07.08.18, 11:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Füzuli dərd əlindən dağa çıxdı,
Dedilər bəxtəvər yaylağa çıxdı”.

Özünü dərd evinin sakini sanan, dərdlərə könül verən, sığal çəkən, yurd-yuva həsrətli bir şairin ömür yolunu, yazdıqlarını, könül nəğmələrini vərəqləməkdə bulundum... Məmmədov Malik Əhməd oğlu 1968-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. BMMT-nin Klub Tədbirləri Rejissorluğu fakültəsini bitirib. “Ölməyə qoymayın ümüdlərimi”, “Bir də baxacaqmı gözüm dağlara”, “Sevincim, qəmim vətən” şeirlər, “İtirilmiş ömür” hekayələr, “Dağtumas şəhidləri” adlı publisistika və şeirlərdən ibarət kitabların müəllifi, habelə “Xudafərin nəğmələri”, “Cəbrayıl çinarları”, “Bu dərdin adı Cəbrayıl”, “Cəbrayıl, dərdim mənim”, “Xan Arazın nəğmələri”, “Bir ağacın budaqları” almanaxlarının həmmüəlliflərindəndir. Ədəbi-bədii qəzet və jurnallarda şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunur. Azərbaycan Yazıçılar Birliyinin, “Araz” ədəbi birliyinin, Dirili Qurbani məclisinin üzvü və təşkilat işləri üzrə rəhbəri, “Qızıl qələm” mükafatçısıdır.
Hələ gənclik, qaynar məktəb illərindən Malik böyüyüb boya-başa çatdığı Dağtumasın əsrarəngiz mənzərələrinin vurğunu idi. Sarıdonlu Tumas ata yüksəkliyinin insankeçməz dərələri, heykəlləşmiş sal qayaların əzəməti, Qurd yolunun sıldırımlı daşları, şəlaləsi, İrəzgə bulağının, İnçə kəhrizinin, üçgözlü Tağbənd Tumas bulağının lilpar suları, meşə talaları, ormanları bu gənc enerjili oğlanın yaddaşına hopmuş, onu şair təbiətli edib. Dağtumasın bollu-bərəkətli meyvə bağları, şehli çəmənlikləri, sərvboylu Xan çinarın əzəməti Malikin gələcəkdə şair kimi formalaşmasında böyük rolu olacaqdı. Əsrlərdən, qərinələrdən xəbər verən “Divlər sarayı”nın daşlaşmış sirləri, əfsanələri kimi. Onu düşündürən sualların cavabının tapılmasında vaxtilə ona dərs demiş yazıçı-publisist, tədqiqatçı Ə.Əroğul, mərhum şair V.Tumaslı, həmçinin tarix müəllimləri Nəzərxan müəllim, Teymur müəllim yardımçı olurdular.
Malikin ədəbi mühitə ayaq açmasına, şeirə gəlməsinə ən böyük təkan 80-90-cı illərdə rayon mərkəzində tanınmış şair İ.İmanzadənin rəhbərliyi ilə fəaliyyət göstərən “Ümid” ədəbi birliyi oldu. İndi Azərbaycanın ədəbi mühitində yetərincə tanınan Cəbrayıl yazarlarının əksəri bu bulağın gözündən su içənlərdir. Çox insafsızlıq olardı bu sadaladığım amillərin içərisində Malikin poeziyaya köklənməsində bir nəfərin adını çəkməsəm. Bu, onun yaxın zamanlarda dünyasını dəyişmiş, xatirəsi mənə əziz olan, son anlarına qədər dilindən Vətən, torpaq, yurd həsrətli kəlmələri düşməyən, el qeyrətli atası Əhməd kişi idi. Uzun illər çalışdığı nəqliyyat-texnika sahəsində dərin biliyə malik bu zəhmətkeş insan işləyən texnikanın, avtomobilin səsindən problemin harada olduğunu deyirdi. Həm də Əhməd kişi təpədən-dırnağa şeiriyyata köklənmiş adam idi. Özü şeir yazmasa da, Füzulinin qəzəlləri, Ö.Xəyyamın rübailəri, B.Vahabzadənin şeirləri, ibrətamiz kəlamlar onun dilinin əzbəri idi. Belə bir odlu-alovlu, Vətən həsrətli, yurd yanğılı atanın oğlu yazmalıydı eldən-obadan, ata yurdundan, vüqarlı ulu dağlardan, döyüş meydanlarında can verən, düşmənlə son damla qanına qədər vuruşan, qanıyla Vətən torpağını suvaran şəhidlərimizdən, şəhid qardaşı Söhrabdan yazdı da:

Şəhidlər tökülən al qanlarıyla ,
Düşmənin gözünü qırıb getdilər.
Silah əvəzinə öz canlarıyla,
Sonacan meydanda durub getdilər.

Bir an çəkilmədi onlar geriyə,
Arxada ana var, ata var deyə.
Vətən başdan-başa talanar deyə,
Qeyrətdən qalalar qurdu şəhidlər.

M.Əhmədoğlunun “Ölməyə qoymayın ümüdlərimi” ilk şeirlər kitabını vərəqləyirəm. Burada müəllifin poetik duyğuları, didərginlikdən doğan yanğılı yurd həsrəti, müqəddəs şəhidlik, təbiət notları, sevgi nəğmələri, ictimai motivli nümunələr öz əksini tapıb. “Ölməyə qoymayın ümidlərimi” deyən şairin əsəbləri tarıma çəkilib, itirilmiş yurd yerlərinin, başımıza gələn bəlaların fərqindədir. Öz dərdləri ilə baş-başa qalan, təklənmək istəməyən şair elin-obanın mərd igidlərini köməyə, doğma Qarabağımızı, Şuşamızı azad etməyə çağırır:

Bəsdir xəyallarla yaşadıq, yetər,
Qələbə axtaran qan tökməlidir!
Bəsdir için-için ağladıq, yetər,
Düşmən əvvəl-axır diz çökməlidir!

Bu sətirlər elindən-obasından olmuş bir şair-vətəndaşın çağırışı, hayqırtısı, həm də qalibiyyətə olan ümidlərinin işartısıdır. Didərginlik həyatının acı fəsadlarından üzülərək hisslərə qapılır, tale qisməti ilə üzbəüz qalır:

Nə danışsam, sözüm dərddə dayanır,
Gözüm elə dərdlə yatır, oyanır,
Kədər adlı bir şamım var, hey yanır,
Kədər mənim taleyimdir, bilirəm.

Başqa bir şeirində:

Malikin dərd payı, qəm payı boldu,
Hər cürə kədərdən qisməti oldu,
Bu dünya hamının keçdiyi yoldu,
Bəlkə görüşmədik, ellər, əlvida.


“Kədər mənim taleyimdir bilirəm” deyir o, vətəndə vətənsizliyin ağrı-acılarını yaşayır. Əlbəttə, biz sənin həm də bizim yurd yanğımızı, el-oba həsrətimizi, sənin doğma qardaş itkini başa düşür və bu itkilərin acılarını səninlə bölüşürük. Həm də axı bu dərdlər, bu itkilər ellə gələn bəladır. Səni yaxından tanıyan bir müəllimin kimi deyirəm: sən təbiətcə nikbin, xoş ovqata köklənən, xoş niyyətli, xoş məramlı bir insansan. Yaşayıb-yaratmaq, həyat eşqi səndə daha güclü olmalıdır. Mən sizlərə - şagirdlərimə yüksək amallar, ideallar uğrunda formalaşan gənclər olmağı, Vətəni, torpağı sevən əsl vətəndaş olmaq kimi məfhumları aşılayırdım. İndi qaçqın-köçkünlüyün əzablı illərini yaşayan bizlərin çoxu yazar oldu, qələmə sarıldıq. Sən nəzmə çəkdiyin dərdlərimizi biz də nəsrə, publisistikaya yönəltdik. Biz bu dərdlərimizi yazmağa məhkumuq. Amma ruhdan düşməməli, bədbinləşməməliyik. Burada sənin “Ölməyə qoymayın ümidlərimi” ifadən yerinə düşür.
Müəllim, öyrədən kəlməsi bütün zamanlarda öz layiqli yerində olub. Müəlliminin qəfləti, faciəli ölümünü M.Əhmədoğlu acı ağrılarla qarşılayır. Mətbuat səhifələrində “Vahid Hüseynov məktəbi”, “Bizləri təsəlli ovutmur daha”, “Sevimli müəllimim, qələm dostum, həqiqi söz adamı” Vahid müəllimin əziz xatirəsinə” adlı publisistik yazıları və silsilə şeirləri ilə çıxış edir :

Əcəl sıramızı seyrəldir yenə,
Bir şair ömrünə qıydı bu ölüm.
Getmək istəyirdi bir gün vətənə,
Arzusun gözündə qoydu bu ölüm.

Şeir dünyasında öz yeri vardı,
Əcəl söz evindən onu qopardı.
Ölüm aramızdan vaxtsız apardı,
Qaldı ürəklərdə közü Vahidin.

Hələ V.Tumaslının sağlığında onun dillər əzbəri olan “Bir də qapımıza gəlmə, sağsağan”, “Gözləyəsi kimim var” şeirinə nəzirə də yazmağa macal tapdı Malik. V.Tumaslının bu şeirinə yazılan çoxsaylı nəzirələr deyərdim ki, son illərdə Azərbaycanın ədəbi mühitində bir ədəbi hadisə idi. Bu ədəbi hadisəni, bu ənənəni M.Əhmədoğlu V.Mehdinin, V.Tumaslının bir varisi kimi, ömür yolu, yaradıcılığı yarımçıq qalan mərhum müəlliminin milli ruhda, azadlıq carçısı kimi yazdıqlarını bu gün də davam etdirir və bu ağır yükü çiynində şərəflə daşıyır.
M.Əhmədoğlunun ən son nəşr olunan “Sevincim, qəmim Vətən”, “Söz gərək deyilsin öz zamanında” kitablarında yer alan şeirləri mövzu baxımından rəngarəng olduğu qədər də, janr baxımından müxtəlifdir. Demək olar ki, o, qələmini poeziyanın əksər janrlarında, heca vəznində yazdığı şeirlərindən tutmuş, qoşma, gəraylı, qəzəl, bayatı, sərbəst şeir formalarında sınayıb, oxucu qəlbinə yol tapıb. Malik müəllim qələmini nəsr janrında da sınayıb, o, “İtirilmiş ömür” hekayələr toplusunun müəllifidir. Həyati reallıqlara söykənən həmin hekayələrin mövzusu, ideya və süjet xətti mənəvi təmizliyə, mənən paklaşmağa çağırış notları üzərində qurulub.
M.Əhmədoğlu yaradıcılığının əsas mövzuları Vətən, Torpaq, yurd yerləri, ulu dağlar, təbiət təsvirləri ilə əhatələnirsə, onu tamamlayan eli-obanı qoruyan vətənin mərd, mübariz oğulları, onların ucaldığı şəhidlik zirvəsidir. Bu müqəddəs Qarabağ savaşında ömür yolları yarımçıq qalan mərd oğullarımızın itkisini Malik böyük ürək ağrıları ilə qarşılayır. “Bir də baxacaqmı gözüm dağlara” kitabındakı ön sözün müəllifi Əziz Musa yazır: “Şəhid olanların qarşısında baş əyən şair Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda torpağa qovuşan igidlərimizin ədəbi heykəlini yaradır və inanır ki, şəhid verən xalqın torpağı yağı tapdağı altında qala bilməz. Malik yaxşı bilir ki, göz açdığı o torpaqları, oduna, istisinə isindiyi ocaqları, Vətən dediyi o yurd-yuvanı unutsa, şəhid qardaşının ruhu onu heç zaman bağışlamaz, gecə-gündüz oğul deyən anası öz südünü ona halal etməz”.
Bu sözləri M.Əhmədoğlu “Dağtumas şəhidləri” kitabı ilə də sübut elədi. Şəhidlərimiz haqqında yazılanları oxumaq qürurverici olduğu qədər də üzücüdür, ağrılıdır. İndi bu kitabı vərəqlədikcə tanış, körpə sifətlər, məsum, eyni zamanda sərkərdə cüssəli baxışlar məni varımdan yox edir. Axı bir vaxtlar bu şagirdlərə, bu məsum balalara mən də dərs demişdim. Bu əroğullara, eləcə də mənə bir vaxtlar dərs deyən, xatirəsi mənə əziz olan Əli müəllimin, Abas müəllimin, Həsən müəllimin baxışları mənə çox şey deyir, məni üzür. Bir təskinliyim də ondadır ki, mən də “Ağbulağın göz yaşları” kitabımda müəllimlərim haqda olan xatirələrimi oxucularla bölüşdüm. Neyniyəsən ki, dünyadan şərəflə köçən, xatirəsi bizlərə əziz olanlarımız haqda elegiya xarakterli yazılar yazmaq, oxucuları ovundurmaq Malikin, eləcə də biz yazarların tale qismətidir.
Son olaraq eloğluma - Malik Əhmədoğluna bu təlatümlü dünyamızda cansağlığı, könül xoşluğu və yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Nazir Çərkəzoğlu
AJB-nin üzvü

Bu xəbər oxundu
- - -