Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yardımlıda tunc dövrünə aid kurqanlar aşkarlanıb

07.08.18, 11:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yardımlı rayonun Arvana kəndi yaxınlığındakı Komanı yaylaqlarında, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə tunc dövrünün son mərhələsinə aid yeni kurqanların arxeoloji tədqiqinə başlanılıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası tədqiqat planına uyğun olaraq seçdiyi müxtəlif ölçülü Komanı kurqanlarında arxeoloji qazıntılar aparır.
İnstitutdan bildirilib ki, ətrafı kromlex düzümlü kurqanlardan birinin qazıntısı zamanı tunc dövrünün xarakterik adətlərindən biri olan parçalanaraq dəfn edilmiş insan skeleti aşkar olunub. İnsan skeletinin yanından tapılmış bir ədəd boz-qara rəngli keramika fraqmenti dəfn abidəsinin son tunc dovrünə aid olduğunu söyləməyə imkan verir. A.Ağalarzadənin bildirdiyinə görə, daha dəqiq tarix insan sümükləri nümunələri üzərində aparılacaq radiokarbon analizlərin nəticəsindən sonra bilinəcək.
Xatırladaq ki, bu tip dəfn abidəsini XIX əsrin sonlarında fransız arxeoloqu Jak de Morqan müasir Lerik rayonu ərazisində tapmışdı. Eyni zamanda, bu tipli kurqanlar qonşu İran İslam Respublikasının Gilan vilayətinin dağlıq Talış ərazisindəki həmdövr abədələrindən də məlumdur. A.Ağalarzadə bildirib ki, bu arxeoloji tapıntılar Azərbaycan tarixinin qədim dövrünə aid zəngin maddi mədəniyyət nümunələridir. Sistemli olaraq bölgədə aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin dağlıq hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə aydınlıq gətiriləcək.

Bu xəbər oxundu
- - -