Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Politoloq Trampın məqsədini açıqlayıb

07.08.18, 12:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Trampın məqsədi Putinlə münasibətləri normallaşdırmaq deyil, dialoq rejimində Rusiyanı istədiyi məcraya salmaqdır”.
Bu sözləri politoloq Mübariz Əhmədoğlu dünən keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Rusiya-ABŞ prezidentlərinin Helsinki görüşü az qala, bütün dünyanın gündəliyini zəbt etdi və Avropa ilə İranda maraq daha çox idi: “Əsasən, İran və Suriya ilə əlaqəli qərarlar gözlənilirdi. Peskov Snoudenin ABŞ-a qaytarılacağı ilə bağlı məlumatları qətiyyətlə təkzib etdi. Görüş zamanı iki ölkənin münasibətlərinin normallaşması hədsiz qəliz məsələ olduğu üçün sonda iki prezidentin görüşü yalnız bu prizmadan dəyərləndirildi. Lavrov bu görüşü “superdən də yaxşı” adlandırsa da, ABŞ dövlət katibi Pompeonun fikrincə, prezidentlər Ukrayna məsələsində razılaşmamağı “razılaşdırıblar”. Real nəticə isə İsrailin xeyrinə oldu. Hər iki prezident Suriya probleminin həllində İsrailin təhlükəsizliyinin öndə olacağını bəyan etdilər. 1974-cü ildə İsraillə Suriya arasında imzalanmış müqavilənin əsas götürüləcəyini Putin Helsinkidə mətbuat konfransında elan edən kimi, İsrailin baş naziri Netanyahu buna sevinclə münasibət bildirdi”.
Politoloq vurğulayıb ki, ABŞ siyasi isteblişmenti Putini qalib, Trampı məğlub elan etdi. V.Putinin mətbuat konfransında səsləndirdiyi “biz Trampın qələbə çalmasında maraqlıydıq” fikrini hətta Ağ Ev stenoqramdan sildi: “Tramp da Rusiyanın seçkilərdəki müdaxiləsinə inanır və yeni seçkilərdə də Rusiyanın müdaxiləsindən ehtiyatlanır. Trampa görə, Rusiya bu dəfə demokratların qələbə çalmasına kömək edəcək. Rusiya və ABŞ prezidentlərinin görüşünün təşəbbüskarı Tramp idi və onun təşəbbüskarlığına da məhz bu kontekstdən yanaşmaq lazımdır. Tramp Putinlə görüşü bütün prizmalardan və yalnız müsbət qiymətləndirir. Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların zəiflədilməsini istisna edir. Trampın məqsədi münasibətləri normallaşdırmaq yox, dialoq rejimində Rusiyanı istədiyi məcraya salmaqdır. Trampın NATO sammitindəki davranışı da bunu göstərir. Tramp NATO dövlətlərini ÜDM-lərinin 2 faizini NATO-ya ayırmağa vadar etdi və demək olar ki, buna nail oldu. Almaniyanı çox sərt tənqid etdi; NATO büdcəsinə vəsait ödəməyən Almaniya “Şimal axını-2” layihəsində iştirak etməklə, Rusiyadan qaz almaqla Rusiyanı maliyyələşdirir tezisini irəli sürdü. Prezident Putinlə görüşü ərəfəsində Rusiyanın Avropaya qaz satmasına ciddi əngəllər yaratdı. Trampın dediyinə görə, Avropa ABŞ-dan sıxılmış qaz almaq üçün 11 terminal hazırlayır. Bütün bunlar Trampın Rusiya ilə münasibətini normallaşdırmaq niyyətinin olmadığını sübut edir”.
M. Əhmədoğlunun fikrincə, dialoqa cəhd etməkdə məqsəd Rusiyanın siyasətini Çin və KXDR üzərinə yönəltməkdir, və ya bu istiqamətdə neytrallaşdırmaqdır: “KXDR ABŞ-a xeyli yaxınlaşıb, Tramp buna nail olub. Trampın KXDR-i özünə yaxınlaşdırmaqda əsas rıçaqlarından biri Rusiyanı KXDR-ə qarşı sanksiyalara vadar etməsidir. ABŞ-ın sanksiya siyasətini rədd edən Rusiya ABŞ-ın KXDR-ə qarşı sanksiya siyasətinə qoşuldu. Tramp və Pompeo məhz bundan ötrü Rusiyaya minnətdarlıq bildirdilər. KXDR Rusiyanın belə siyasətini anlamır. Trampa KXDR istiqamətində Rusiyanın belə ziddiyyətli siyasət aparması ən azı yaxın 1 ildə lazımdır. KXDR hal-hazırda RF-dən küsmüş vəziyyətdədir. İki ay bundan öncə KXDR ətrafındakı qeyri-müəyyənliklər çələngi ABŞ-ın ziyanına, Rusiyanın lehinə idi. İndi artıq vəziyyət əksinə dəyişib. ABŞ Çinə qarşı ticarət müharibəsindədir. Belə vaxtda Rusiyanın Çinlə birləşib antiABŞ kursu aparması Trampı çətin vəziyyətə sala bilər. Çinlə Rusiya arasındakı münasibətlər məhz bu istiqamətdə inkişaf edirdi. Trampın Putinlə hərarətli ritorikası Çini də çaşbaş salıb”.

Bu xəbər oxundu
- - -