Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

13.08.18, 9:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, qubalı Fətəli xanı müəyyən müddətə zərərsizləşdirməyə bacaran II İrakli onun müttəfiqi İrəvan xanlığını yenidən vergi verməyə məcbur etmək qərarına gəldi. O, həmin il İrəvan xanından vergi tələb etdi. Lakin Hüseynəli xan rədd cavabı verdi. Xanın vergi verməkdən imtina etdiyini görən II İrakli oğlu Levonla birlikdə 1779-cu ilin sentyabrında 12 minlik qoşunla İrəvan xanlığına yürüşə başladı. Onun qoşununun tərkibində dağıstanlılardan ibarət 5 min nəfərdən ibarət muzdlu döyüşçü də var idi. Bəzi məlumata görə, II İraklinin qoşununun sayı 40 minə çatırdı və bu çoxsaylı qoşun müxtəlif xalqlardan ibarət olmuşdu. Digər məlumatda bu qoşunun sayı 20 minə çatdığı göstərilir. Kartli-Kaxetiya qoşunlarının İrəvan xanlığına hücumunu eşidən yerli əhalinin bir hissəsi Bəyazid paşalığına qaçır. Hüseynəli xan II İraklinin tabe olmaq tələbini rədd edərək ona güclü müqavimət göstərmək qərarına gəlmişdi. Xan ilk əvvəl öz qüvvəsi ilə çarın qoşununu sərhəddə qarşılamağı qərara aldı. Lakin coxsaylı qoşunun qarşısında tab gətirə bilməyən İrəvan qoşunu qalaya çəkilərək mübarizəni davam etdirir. Kartli-Kaxetiya qoşunları sentyabrın 7-də qalanı mühasirəyə alır. Xanın başçılığı ilə qala sakinləri II İraklinin qoşununa güclü müqavimət göstərirlər. İrəvanlıların güclü müqaviməti mühasirənin uzanmasına səbəb olur.
Hüseynəli xan qalanın müdafiəsinə şəxsən özü başçılıq edirdi. Ermənilərin II İrakliyə rəğbətini bilən Hüseynəli xan onların xəyanətinin qarşısını almaqda xüsusi sayıqlıq göstərirdi. Məhz onun fəallığı nəticəsində qala uzunmüddətli mühasirəyə davam gətirə bildi. Məqsədinə nail olmayan II İrakli geri qayıtmağa məcbur oldu. Bunun bir neçə səbəbi vardı. Əvvəla, mühasirənin uzanması, qala müdafiəçilərinin güclü müqaviməti, qışın yaxınlaşması II İraklinin planını pozmuşdu. İkinci səbəb Kartli feodallarının çara qarşı qiyamı olmuşdu. Onlar II İraklinin İrəvanda olmasından istifadə edərək katalikosla birlikdə Şirazda olan Aleksandr Bakarova məktub yazaraq onu Tiflisə dəvət etmişdilər. Bu xəbəri eşidən II İrakli oğlu Levonun başçılığı ilə İrəvanda bir dəstə qoşun saxlayaraq noyabr ayında geri qayıtmağa məcbur olmuşdu. Lakin heç bir şeyə nail olmayan Levon da sonradan İrəvanı tərk etmişdi
II İraklinin geri qayıtmasında Çıldır hakiminin təzyiqləri də böyük rol oynamışdı. Belə ki, Kartli-Kaxeiya qoşunları İrəvan qalasını mühasirəyə alan zaman Hüseynəli xan Çıldır valisi Süleyman paşadan hərbi yardım istəmişdi. Süleyman paşa II İraklini Tiflisə hücum etməklə hədələyərək İrəvanın mühasirəsindən əl çəkməyə məcbur etmişdi. Bu yürüşdə II İrakli Hüseynəli xanı özünə tabe edə bilməsə də, onun qoşunu xanlığı güclü dağıntıya məruz qoymuşdu. Gürcü qoşunu çoxlu kənd dağıdaraq minlərlə əhali və mal-qara ələ keçirərək Kartli-Kaxetiyaya aparmışdı. Bu yürüş zamanı aparılan əsirlərin sayı haqqında dəqiq məlumat yoxdur. Lakin arxiv sənədində bu əsirlərin sayı haqqında şişirdilmiş rəqəmə rast gəlmək olar. Sənəddə göstərilir ki, «İrəvan xanının vergi vermədiyinə görə çar İrakli 12.000 qoşunla İrəvana gələrək şəhərətrafını tutmuş, 15.000 evdən hər iki cinsdən olan yerli əhalini əsir edərək Tiflisə göndərmişdi». Əgər nəzərə alınsa ki, II İrakli İrəvana hücum edərkən yerli əhalinin bir hissəsi qalaya sığınmış, digər hissəsi isə qonşu ölkələrə pənah aparmış, başqa bir hissəsi isə əlçatmaz yerlərdə məskən salmışdı göstərilən rəqəmin şişirdilmiş olduğunu başa düşmək olar.
Əsir aparılanların aqibəti xüsusilə acınacaqlı olmuşdu. Onların çoxu aclıqdan yollarda ölmüşdü. A.Araratlı əsərində əsirlərin vəziyyətini belə təsvir edirdi: «İrakli tərəfindən alınmış əsirlərin əksəriyyəti dəhşətli vəziyyətdə idi. Onların paltar və ayaqqabısı yox idi. Bütün bunlar onlardan alınmış, yaxud qarət olunmuşdu. Çoxları yollarda aclıqdan ölmüşdü. Tiflisə gətirilmiş bir çoxları isə quldurlardan qorunmaq üçün əlçatmaz yerlərə səpələnmişdilər. Bir hissəsi isə gürcü knyaz və zadəganları arasında paylanmışdı». Əsir aparılanların hamısı xanlığın müsəlman əhalisi idi.
P.Butkov yazır ki, « II İraklinin bu yürüşü İrəvan xanlığına çox baha başa gəldi. Kəndlərin dağıdılması, əkin sahələrinin başsız qalması əhali arasında aclığa səbəb olmuşdu. Bahalığa baxmayaraq çox vaxt çörək də tapmaq olmurdu. Çoxları aclıqdan ölürdü. Kartli-Kaxetiya qoşunu xanlığın ərazisini tərk etdikdən sonra xan bu hadisədə xəyanətkar mövqe tutduqlarına görə, Eçmiədzin kilsəsini və bəzi erməni əsilzadələrini cəzalandırmaq qərarına gəldi. Hadisənin şahidi olan Yeqor Xubov xatirələrində xanın ermənilərə qəzəbini belə təsvir etmişdir: «İrəvan qalasında qalanların (ermənilərin-E.T.) aqibəti acınacaqlı olmuşdu. Onlardan otuz nəfərini Hüseynəli xan ciddi cəzalandırdı”.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, Kartli-Kaxetiya qoşunlarının hücumu zamanı xanlığın ərazisinin güclü dağıntıya məruz qalmasından istifadə edən qiyamçı qüvvələr fəallaşdı, quldurluq və özbaşınalıq daha da çoxaldı. Qiyamçı qüvvələri dəf etmək və xanlıqda qayda-qanun yaratmaq üçün Hüseynəli xan ilk növbədə II İrakli ilə sülh bağlamağı qərara aldı. Xan ilk növbədə çar qoşunları tərəfindən əsir aparılmış irəvanlıların geri qaytarılması üçün tədbirlər görməyə başladı. 1780-ci ilin mayında Hüseynəli xan əsirləri geri qaytarmaq üçün Tiflisə qiymətli hədiyyələrlə nümayəndə heyəti göndərdi. Xan məktublarında II İrakliyə göndərdiyi müxtəlif hədiyyələr haqqında ətraflı məlumat vermişdi. Bu hədiyyələr arasında cürbəcür parçalar, zireh geyimləri, mal-qaranı, dəvəni və s. qeyd etmək olar. Lakin Kartli-Kaxetiya çarı elçiləri yaxşı qarşılasa da, xanın tələblərini yerinə yetirməyə tələsmədi. Elçilərin əliboş geri qayıtdığını görən xan ruhdan düşməyərək gürcü qızı olan xanımının başçılığı ilə Tiflisə yeni nümayəndə heyəti göndərdi. II İrakli ilə görüşən xanım Hüseynəli xana məktub göndərərək məqsədə çatmaq üçün çar yanında nüfuzu olan erməni katolikosunu bu işə cəlb etməyi xahiş etmişdi. Lakin katolikosun vasitəçiliyi də çarı yola gətirə bilməmişdi. Hüseynəli xan məqsədinə nail olmaq üçün Tiflisə yeni-yeni nümayəndə heyəti göndərir. O, II İraklinin yanına oğlu Məhəmmədin də daxil olduğu üçüncü nümayəndə heyəti yolladı. Bu heyətin göndərilməsinə səbəb II İraklinin oğlu Levonun faciəli ölümü idi. Vəziyyətdən istifadə etməyə çalışan bu nümayəndə heyəti də sülh müqaviləsi bağlamağa nail ola bilmədi. Lakin II İrakli Hüseynəli xanın oğlunu mehribanlıqla qarşılamış və ona İrəvan qoşunlarına sərkərdəlik vəzifəsi tapşırmışdı. Buna baxmayaraq, bu heyət də məqsədə nail ola bilmədi.
Ruhdan düşməyən xan əsirlərin geri qaytarılması üçün II İrakliyə məktub göndərməyə davam edirdi. Hüseynəli xan başa düşürdü ki, dağıntıları aradan qaldırmaqda və təsərrüfatın dirçəldilməsində aparılan əsirlərin böyük rolu ola bilər. O, Tiflis sarayına göndərilən məktubların birində bu haqda açıq yazmışdı: «Xahiş edirəm ki, mərhəmət edib, ehsan göstərərək bizə ciddi kömək göstərib, yardım etmək məqsədilə sizin ölkənizdə sakin edilən İrəvanlı xanəvarları (ailələri) öz başınıza sədəqə edərək hədiyyə və peşkəş kimi bizə bağışlayasınız. Onlar öz vətənlərinə qayıdaraq əkinçilik, kasıbkarlıqla məşğul olub sizin ömrünüzə və dövlətinizə dua etsinlər. Onların qaytarılması... vilayətin abadlaşmasına... səbəb olacaq».
Hüseynəli xanla heç cür razılığa gəlmək istəməyən II İrakli gözlənilmədən oğlu Levonun vəziri Georgi bəyin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərdi. Georgi bəy iki dəfə İrəvanda oldu və nəticədə hər iki ölkə arasında sülh müqaviləsi bağlandı. V.Qriqoryan Kartli-Kaxetiya çarının gözlənilmədən yola gələrək sülh bağlanmasını belə izah edir: «O zaman Qarabağ xanı olan İbrahimxəlil xanın Xoylu Əhməd xanla müharibəyə başlaması və onun üzərinə yürüş etməsi məlum olur. İbrahimxəlil xanın müttəfiqi olduğu üçün İrakli ona yardım etməli idi, bundan başqa onun özü də Xoyu öz təsir dairəsinə salmaq istədiyindən oraya qoşun yeritməyə hazırlaşırdı. Xoya getmək üçün gürcü qoşunu İrəvandan keçməli idi. Bu səbəbdən o, gürcü qoşununun heç bir zərər çəkməməsi, lazım olduqda Hüseynəli xandan yardım alması üçün onunla barışmağa ehtiyac duyurdu. Bütün ehtimallara görə, Georgi bəyin danışıqları bu məsələ ətrafında getmiş və razılıq əldə edilmişdi». Ola bilsin ki, Kartli-Kaxetiya çarının belə bir niyyəti olmuşdu. Lakin II İraklinin sülh danışıqlarına razılıq verməsinin əsas səbəbi Osmanlı dövlətinin bu məsələyə müdaxilə etməsi idi. Sultan şərq paşalarına İrəvan xanına hər cür kömək etməyi tapşırmışdı. Kartli-Kaxetiya çarı ilə sülh müqaviləsinin bağlanmasında Axalsıq və Çıldır hakimləri böyük rol oynamışdı. Hüseynəli xan Axalsıq hakimi Süleyman paşanı sülh danışıqlarında vasitəçi kimi bu işə qoşmuşdu. Belə ki, o, bir neçə dəfə II İrakliyə məktub göndərərək İrəvandan əsir aparılmış müsəlman əhalisinin geri qaytarılmasını xahiş etmişdi. Lakin bu niyyəti baş tutmadıqda Süleyman paşaya məktub göndərərək əsirlərin acınacaqlı vəziyyətdə olduğunu bildirmiş və onların geri qaytarılmasında vasitəçi olmağa xahiş etmişdi. Buna razılıq verən Axalsıx paşanın adamları tezliklə İrəvana gəldi. Çıldır hakimi Süleyman paşa da sülh işində xüsusilə fəal rol oynamışdı. Hüseynəli xandan sonra hakimiyyətə gəlmiş oğlu Qulaməli xan sultana göndərdiyi məktubda bunu xüsusi qeyd etmişdi. O, yazırdı: «Keçmiş illərdə... əzəmətli vəziriniz, Çıldır vilayətinin hakimi Süleyman paşanın səyi və təşəbbüsü ilə Gürcüstanla sərhədlər barəsində xüsusi müqavilə bağlanmışdır».

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -