Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xəzərin hüquqi statusu ilə bağlı Konvesniyanın imzalanması böyük tarixi hadisədir”

13.08.18, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rufiz Qonaqov: “Bu, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq”


Elman Məmmədov: “Razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadi və s. məsələlərinə xələl gəlmədən həll olundu”


Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə Toplantısında çıxışı zamanı deyib ki, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir: “Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.” Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib: “2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı ölkələrimiz arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini vermişdir. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdır. Orada ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdır. Sammitdə, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılmışdır. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər bu gün imzalanacaq “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapmışdır. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir”.
Politoloq Rufiz Qonaqov bildirib ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutdu. Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. Onun sözlərinə görə, sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi: - Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq, regional və qlobal təhlükəsizlik məsələləri Sammitdə müzakirə mövzusu idi: “Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq, müzakirə mövzularından idi. Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi. Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbətdə bu həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var.
Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur”. R.Qonaqov əlavə edib ki, illərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqam Xəzərin göl və ya dəniz olması ilə bağlı idi: “Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Bu gün imzalanan Konvensiyaya görə 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər.
Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi.
Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneə törədirdi.
İmzalanmış bu Konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər.
Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər.
Sammit çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalanıb.
Beləliklə, 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı. Bu Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək, iqtisadi qüdrətini daha da artıracaq”.
Deputat Aydın Mirzəzadə deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvesniyanın imzalanması böyük tarixi hadisədir: “5 dövlət kənar dəstəyin və iştirakı olmadan dünyanın ən böyük su hövzəsinin hüquqi statusunu müəyyənləşdirə bildilər”. Onun sözlərinə görə, kənar qüvvələrin bu məsələdə öz maraqlarını yürütməyə çalışmasına baxmayaraq, tərəflər razılığa gəldilər ki, burada digər ölkələrin hərbi bazası yerləşə və müdafiə ehtiyacından artıq güc çoxaldıla bilməz: “Razılaşmaya əsasən, hər bir ölkənin sahilinə yaxın hissədə milli sərhədləri müəyyənləşdirilməklə yanaşı, Xəzər dənizi ümumi su gəmilərinin hərəkəti üçün açıq élan edildi”. A.Mirzəzadə bildirib ki, 5 dövlətin gəmilərinin dünya okeanına çıxışı barəsində razılığa gəlinməsinin özü də böyük hadisədir: “Həmçinin tərəflərin dənizin dibi, təbii ehtiyatların bölüşdürülməsi ilə bağlı məsələlərdə ikitərəfli razılaşmalar əldə etməsi bəndinin salınması mübahisəli məsələlərdən qaçmağa, diqqəti fikir ayrılığına deyil, fikir əldə edilmiş razılığa yönəldilməsinə səbəb olur. Bu, regionu sülh və əməkdaşlıq bölgəsinə çevirir, bir qrup ölkənin öz region məsələlərini danışıqlar yolu ilə həll etməyin mümkünlüyünü göstərir. Bu, dünyanın digər bölgələri üçün çox yaxşı nümunədir”.
Xəzər dənizinin iqtisadi əməkdaşlıq bölgəsinə çevrilməsi barəsində razılığa gəlinməsinin böyük hadisə olduğunu vurğulayan deputat söyləyib ki, hər bir ölkə buradan həm iqtisadi, həm də siyasi dividentlər əldə edə biləcək.
A. Mirzəzadə qeyd edib ki, Azərbaycanın açıq dənizə neft istehsal etməsi, digər ölkələr üçün yaxşı nümunədir və ölkəmiz öz təcrübəsini bölüşməyə hazırdır: “Ötəngünkü hadisə bir daha göstərdi ki, istənilən məsələni danışıqlar yolu ilə həll etmək mümkündür. Konvensiyanın imzalanması, o cümlədən Azərbaycanın bu məsələdə beynəlxalq hüquq normalarına riayət etməsi nümunəsini göstərməklə yanaşı, ölkəmizin məsələnin həllinə maraq göstərməsi və dəstək verməsi nəticəsində mümkün oldu”.
Deputat əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycanın bütün resurslarını məsələnin həllinə yönəltməsi, danışıqlarda fəal iştirakı, onun böyük idarəçilik təcrübəsi sonda bu Konvensiyanın imzalanmasına və 5 dövlətin böyük problemdən qurtulmasına səbəb oldu.
Millət vəkili Elman Məmmədov bildirib ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir: “Bu proses uzun illər idi ki, davam edirdi. Burada cürbəcür məqamlar oldu. Eləcə də müəyyən məsələlərdə razılığa gəlməyən bəzi dövlətlər oldu. Nəhayət ki, 5 dövlət Xəzər dənizinin hüquqi status ilə bağlı bütün məsələlərdə ümumi razılığa gələ bildilər. Burada razılaşdırılmış məsələlər heç bir dövlətin milli, strateji, təhlükəsizlik, iqtisadi və s. məsələlərinə xələl gəlmədən həll olundu. Təbii ki, bu çox böyük uğurdur. Sammitin son yekun nəticəsi elə uğurlu alındı ki, bu həqiqətən də Xəzəryanı dövlətlər arasında olan bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olacaq. Bu müqavilələr həm iqtisadi, siyasi, həm də hərbi sahədə, ekologiya sahəsində xeyirli oldu. Hesab edirəm ki, bizim dogma Vətənimizin, Azərbaycanımızın bu məsələdən qazancı, götürəcəyi xeyir hər istiqamətdə ürəkaçandır. Yəni Azərbaycanın ortaya qoyduğu bu illər ərzində nə şərtlər var idisə, onların hamısı bu sammit çərçivəsində imzalanan sənəddə öz əksini tapdı. Bu eyni zamanda regional əməkdaşlıq və regional təhlükəsizliyin əsas şərtlərindən birinə çevrildi. Cənab Prezident İlham Əliyev orada öz çıxışı zamanı Cənubi Qafqazda təhlükəsizliyə və Ermənistanın işğalçılıq siyasətinə, bütün beynəlxalq qanunları pozmasına, BMT-nin məlum qətnamələrinə əməl etməməsinə və s. toxundu. Bu elə-belə toxunma halı deyildi. Ölkə başçısı həmin Xəzəryanı dövlətlərin rəhbərlərinin nəzərinə çatdırdı ki, əgər biz bütün məsələlərdə əməkdaşlıq ediriksə, bu məsələlərdə də mövqeyinizi göstərməlisiniz və ədalətli mövqe ortaya qoymalısınız. Cənab Prezident çıxışında Xəzəryanı dövlətlərin ərazi bütövlüyü məsələsinə də toxundu və bildirdi ki, “Ermənistan tərəfindən bizim ərazi bütövlüyümüz pozulub. Əgər biz əməkdaşıqsa, tərəfdaşıqsa bütün məsələlərdə bir-birimizə kömək durmalıyıq”. Mən bu nəticələri alqışlayıram və uğur arzulayıram”.

Əli

Bu xəbər oxundu
- - -