Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanı: forması və məzmunu

14.08.18, 11:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

"Şah İsmayıl" dastanında aşiq və məşuqun görüşü səfərin əsas həlqələrindən biridir və səfərin tamamlanmasına işarə edir. Dastan quruluşunda geriyə qayıtmada bu mərhələdən sonra baş verəcək hadisələri əks etdirən əsas hadisələrdən sayılır.

Dastanın quruluş xüsusiyyətləri

Geri dönmə bir çox proseslərlə və maneələrlə də əlamətdardır. Qəhrəman və onun sevgilisi geri dönmə zamanı yolu düz istiqamətdə getməlidirlər. Əgər yola düşmədə hərəkət ziqzaqvari baş verə bilərsə, geri dönmədə qəhrəman öz yurduna təhlükəsiz halda qayıtmalıdır. Lakin bütün dastanlarda geri dönmə bu cür baş verə bilmir. Qəhrəman yenə maneələrlə qarşılaşmalı, bu maneələri aradan qaldırmalıdır. Geri dönmədə qəhrəmanla antiqəhrəman arasında oppozisiya yaranmalıdır. Belə nəticə çıxarmaq olar ki, oppozisiya dastan quruluşunda vacib detaldır. Bu, folklorda ata-oğul, qəhrəman-rəqib qarşıdurması ilə nəticələnə bilir. “Şah İsmayıl” dastanında da qəhrəman-antiqəhrəman oppozisiyaları var. Oppozisiyalarda həmişə dastan qəhrəmanlarının xeyrinə həll olunur. Ədil şah övladsız idi, alma vasitəsilə övlada sahib olmuşdu. Dastanın sonunda isə oğlunun düşməninə çevrilir. Dastançı bədii priyom kimi bunu onunla izah edir ki, Gülzarı ələ gətirmək üçün Ədil şah çox mübarizələr etmiş, amma məqsədinə nail olmamışdı, birdən-birə Şah İsmayılın bu problemin öhdəsindən gəlməsi qısqanclığa səbəb olmuş və o, oğlunu aradan götürmək, onun gətirdiyi Gülzar xanıma yiyələnmək fikrinə düşmüşdü. Bunun səbəbi almada deyildir, yəni almanı yeyənə qədər onun xarakterində mənfi cəhətlər var idi. Ədil şahla bağlı mənfi xüsusiyyətlər dastanda göstərilməsə də, dastan arxetipində Şah İsmayılın atası zalım və zülmkardır. Vəzirin ona kasıb-kusuba, ac-yalavaclara süfrə açmağı məsləhət görməsi də göstərir ki, o, rəiyyətə qarşı yaxşı münasibətdə olmayıb. Elə şah obrazlarının əksəriyyətində də mənfilik əvvəldən göstərilir. Dastanda dərvişin öncə görənliklə söylədiyi fikirlərdə bunu təsdiq edir. “Şah İsmayılın başına çox qəza-qədər gələr, axırda mətləbinə çatar, tacı-taxtına sahib olar”.
Bu misalın məntiqi sonluğu ata-oğul qarşıdurmasının oğulun xeyrinə başa çatacağını göstərir. Onlar bir-birinə zidd olan iki qütblərdir ki, dual qütblər kimi ədəbiyyatda mənalandırılır. Onlar arasındakı antoqonizmin səbəbini də məhz bunda görürük. Göründüyü kimi, “Şah İsmayıl” dastanı mükəmməl struktura malik bütöv bir sistemi özündə ehtiva edir. Onun mahiyyətində boy göstərən məhəbbət və qəhrəmanlıq dastanlarına xas formullar, davranış sxemləri, fərqli kanonik system bütünlükdə dastan yaratmanın müxtəlifliklərinin göstəricisidir. “Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı dastanlarımızı yalnız sırf məhəbbət, sevgi ilə məhdudlaşdırmayıb, o dövrün dostluq, yoldaşlıq, insanlıq fəlsəfəsinə dair ən dəyərli fikirlərinə də bədii don geydirib təbliş ediblər”. Məhz bu səbəbdən də dastanların zəngin struktur sistemi həm də məzmun yaratma ilə səciyyələnir.
Məlum olduğu kimi, dastan quruluşunda iki növbələşmə var. Bunlardan biri yurd, digəri isə yuva hissəsidir. Dastanın yurd hissəsi onun bədii poetikasını əks etdirir, yuva hissəsi isə hərəkəti, dinamizmi göstərir. Məhz bunlar biri digərini şərtləndirən və biri digərində özünü tapan mükəmməl poetik sistemdir. Daha doğrusu, janr fenomenliyini təşkil edən ən güclü tərəfdir. Bunlardan biri olmazsa dastan formalaşa bilməz. Bu da dastanın əsas quruluş xüsusiyyəti kimi diqqəti cəlb edir. Həm yurd, həm də yuva hissələri dastanın poetikasını inkişaf etdirir. Dastandan istifadə olunan hər bir şeir öz-özlüyündə poetik düşüncə olub, qoşma, gəraylı və s. şəklində istifadə olunan poetik fiqurdur. Bütün bunlar son olaraq onu deməyə əsas verir ki, “Şah İsmayıl” dastanı bədii sxemlərin, janr mexanizmlərinin mükəmməlliyi ilə fundamental hadisədir.

Dastanın məzmun xüsusiyyətləri

Bütünlükdə hər bir bədii mətn, folklor nümunəsi mahiyyətində özünəməxsus məzmunla şərtlənir. Çünki məzmun özlüyündə janrın spesifikasını, işarələdiyi mahiyyəti ortaya qoyur. Onun funksional çəkisi bütünlükdə poetik sistemə bağlanır və vahid bir düşüncə hadisəsi olaraq bədii mətnin xarakterini, məzmununu təqdim edir. “Həyatda hər şeyin – cisimlərin, əşyaların, faktların, əhvalat və hadisələrin öz məzmunu, öz forması var. Mürəkkəb bir struktur – bədii əsər yalnız məzmun və forma daxi¬lində mövcuddur. Antik foilosofun – Aristotelin anlamında “təqlid” – məzmunm sadəcə predmet, “surət çıxarmaq”, natura deyil; varlığın güclü fantaziya ilə yaradılan “bədii modelidir”, ona ədəbi şəxsiyyətin fikri-mənəvi zənginliyinin hopması, daxil olmasıdır”. Məlum olduğu kimi, ədəbi-nəzəri fikirdə məzmun quruluşuna görə sadə və mürəkkəb adı ilə səciyyələnir. Sadə məzmun əsasən kiçik süjetə malik olan mətnlərdə daha çox diqqət çəkir. Belə süjetlərdə məzmunun nəql olunmasında rəngarəng detallardan istifadə olunmur. Mürəkkəb quruluşlu mətnlərdə isə süjetin mürəkkəb şəkildə ifadə olunması ilə qarşılaşırıq. Mürəkkəb quruluşlu mətnlərdə bir neçə və daha çox süjetlərdən istifadə olunur. Folklorda məzmun güclü fantaziya ilə yaradılan model olaraq etnosun təsəvvürlər sistemini, həyat anlayışlarını ortaya qoyur. “Şah İsmayıl” dastanının da formalaşmasında bir neçə süjet tipindən və xəttindən istifadə olunub. Dastan süjetlərinin ümumilikdə məzmunlarını çoxlu hissələrə ayırmaq mümkündür.
Məzmun bütün vəziyyətlərdə universal xarakterliliyi ilə səciyyələnir. Bizi əhatə edən hər şeyin məzmuna malik olduğunu düşünmək, onun dəyərini malik olduğu formaya əsasən təyin etmək olar. Dastan da onun məzmununun ifadə olunduğu mürəkkəb strukturdur. Onu da əlavə edək ki, dastan mürəkkəb strukturda olduğu qədər də mürəkkəb formaya malikdir. Onun ayrı-ayrı struktur komponentləri, epizod və hadisələrin təsvir mexanizmləri bütünlükdə məzmunun poetik təqdiminə xidmət edir. Çünki “janr əslində yaradıcı şəxsdən və mühitdən tam asılı olmayan müstəqil məfhum, estetik yaddaşdır. Buna görə də kanonok janrlar özlüyündə müəyyən daxili məzmuna, assosiativ mənalara malikdir. Janr təfəkküründə həyata, mühitə, insana müstəqil münasibət, sözün məna yaddaşı var. Tərənnüm və təsvir obyektindən, müəllif münasibətindən asılı olmayaraq, ənənəvi janrların daxili məzmunu, ümumi məna məhvəri, pafos və ahəngi mövcuddur. Həyatdan gələn yeni motivlər məhz bu arxetip mənalarla çulğaşaraq dəyərləndirilir”. Dastanda janr hadisəsi olaraq məzmun rənga¬rəng detallarla, faktların, təsvirlərin hərəkətliliyi ilə reallaşır. Məsələn, ustadnamələrlə dastan məzmunu arasındakı bağlantıların spesifikası ifadə texnologiyalarının işarələdiyi alt qatda ciddi bir formulanı, məzmunu ortaya qoyur. Ona görə də dastanın ustadnamə ilə başlaması janrın özünün bir komponenti olaraq bütövə xidmət edir. Ustadnamələrdən sonra başlanğıc formulunu izah edən cümlə tipi verilir. Dastanın əsas hissəsi kimi buta məsələsini qeyd etmək olar. Butadan sonra qəhrəmanın səfərə çıxması, çətinliklərlə qarşılaşması, butasına sahib olması, vətəninə qayıtması, toy səhnəsi, duvaqqapma hissələri gəlir. Bütün bu saydıqlarımız dastanın bədii modelidir. Dastanın da məzmununu xarakterizə edən əsas cəhətlər onun mürəkkəb süjet xəttinə malik olması, nəzm və nəsrin qoşalaşması, bədii formasının, kompozisiyasının mətndən asılılığı, bədii ifadə vasitələrindən istifadə olunması və s. təşkil edir. Bu göstərilən mətn hissələrindən bir çoxunu da “Şah İsmayıl” dastanında müşahidə edirik. Qeyd edilən bu xarakterik xüsusiyyətləri “Şah İsmayıl” dastanının məzmun xüsusiyyətini göstərən amillər hesab etmək olar.
Əvvəl də qeyd olunduğu kimi, dastan ustadnamələrlə başlayır. İlk baxışda elə görünə bilər ki, ustadnamələrin dastanla heç bir əlaqəsi yoxdur. Üst qatda bu görünüş etibarilə belə təsir bağışlaya bilər. Ancaq folklor elə bir mədəniyyət hadisəsidir ki, hər bir ştrix, söz, bədii element, epizod funksional xarakteri ilə bütünlükdə janrın məzmununu işarələyir və mətndəki yeri ilə məna yaratmaya xidmət edir. Dastandakı ustadnamələr də bir bütöv olaraq funksional məzmunu ilə bu tiplidir. Ustadnamələrin daşıdığı ictimai məna mətnin məzmunundan irəli gəlir. Bəlkə də bir qədər diqqət yetirilsə, bütünlükdə janrın mahiyyətini, funksional xarakterini müəyyənləşdirən hadisə olaraq etnosun ideallarını, təsəvvürlər sistemini çatdırmaq kimi məqsədə köklənir. Ustadnamələrdə olan didaktika məzmunla dastanın didaktik məzmunu arasında bir bağlılıq var. Buna görə də ustadnamələr dastanın poetik sistemində bütöv bir kateqorial hadisədir.
Məlum olduğu kimi, dastanın məzmununu xarakterizə edən bir çox xüsusiyyətlər var. Bunlardan birincisi dastanın mifoloji motivlərə malik olma xüsusiyyətidir. “Şah İsmayıl” dastanında ilk motiv kimi övladsızlıq motivi diqqət çəkir. Bu motiv dastanda çox qabarıq şəkildə özünü göstərir. Övladsızlıq motivi ilə dastanın məzmunu arasında sıx bağlılıq var. Çünki dastanın məzmunu Şah İsmayılın övladsızlıq motivinin nəticəsi olaraq doğulmasından sonrakı hadisələri əks etdirir. Dastanda təsvir olunur ki, Ədil şah saç-saqqalına düşən dəndən çox kədərlənir və övladsız olduğunu, taxt-taca yiyələnəcək övladının olmadığını düşünür. Bu hissə övladsızlıq motivinin əsas məzmununu təşkil edir. Vəzirin Ədil şaha verdiyi məsləhətdən və Ədil şahın vəzirin sözlərinə əməl etməsindən sonra dua və alqışların təsiri ilə Şah İsmayıl doğulur. Bu hissə isə övladsızlıq motivinin nəticəsini göstərir.
Ümumiyyətlə, dastanın geniş məzmununu müəyyən hissələrə ayırmaq olar. Bu hissələri bir-birindən fərqləndirmək üçün onları dastan motivləri əsasında izah etmək daha məqsədəuyğundur. Məzmuna belə yanaşma ayrı-ayrı dastan motivləri üzrə onların əsasını təşkil edən süjetləri də təhlil etməyə imkan verir.


Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -