Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yeni konvensiyaya görə Xəzər həm göl, həm də dənizdir

15.08.18, 8:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xəzər dənizinə münasibətdə Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyasının hər iki meyarı tətbiq olunub
Sovet İttifaqının süqutundan sonra Xəzər regionundakı vəziyyət radikal şəkildə dəyişdi. 1920-ci ildən 1991-ci ilədək Xəzər dənizinə yalnız iki dövlət – Sovet İttifaqı və İran çıxış hüququna malik idi və dənizin hüquqi statusu bu iki ölkə arasında imzalanmıh müqavilələrlə müəyyənləşdirilirdi. Yeni müstəqil sahilyanı dövlətlərin yaranması balıqçılıq, dəniz təkinin kəşfiyyatı, hövzənin və onun enerji resurslarının istismarı ilə bağlı bir sıra hüquqi çətinliklərin və sərhəd problemlərinin ortaya çıxmasına səbəb oldu.
Xəsərin statusu ilə bağlı məsələni ilkin olaraq gündəmə 1992-ci ilin əvvəllərində Xəzər hövzəsi dövlətlərinin regional təşkiliatının yaradılması təşəbbüsü ilə çıxış edən İran gətirdi. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» bu istiqamətdə müzakirələrin daha kəskin şəkildə inkişafına səbəb oldu (1993-cü ildə imzalanması nəzərdə tutulan beynəlxalq neft müqavilələrinin qarşısını qiyam yoluyla alan Rusiya, 1994-cü ildə gerçəkləşən layihələrə qarşı İranın geosiyasi iddialarını stimullaşdırdı).

Qısa tarixi arayış

Xəzər dənizinin statusu ilə bağlı məsələ ilk dəfə Rus-İran müharibəsindən sonra gündəmə gəlib və iki imperiya arasında imzalanmış «Gülüstan» (1813) və «Türkmənçay» (1828) müqavilələrində öz əksini tapıb. Rusiya və İran arasında imzalanmış bu müqavilələr görə yalnız Rusiya Xəzər dənizində hərbi donanma saxlamaq hüququna malik idi.
1921-ci il fevralın 28-də RSFSR və İran arasında, 1931, 1935 və 1940-cı illərdə isə SSRİ və İran arasında Xəzərin statusunu müəyyənləşdirən müqavilələr imzalanıb. 1935-ci ildən etibarən SSRİ və İranın dəniz sərhədləri Həsənqulu (Türkmənistan) və Astaraçay (Azərbaycan) xətti üzrə müəyyənləşdirilib.
1982-ci ildə Sovet İttiafıqının dövlət sərhədləri haqqında qanun qəbul olunu və bu qanuna əsasən SSRİ-nin dövlət sərhədləri göl və su hövzələrində orta xətt və sovet sərhədlərinin çıxıntılarından götürülən düzxətt üzrə müəyyənləşdirilməlidir.
SSRİ və İran arasında imzalanan müqavilələr nəticəsində Xəzər dənizinin statusu daxili su hövzəsi kimi müəyyənləşib və bu amil beynəlxalq hüquq doktrinasında da öz əksini tapıb.
Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasınadək Xəzərin bölünməsində əsasən iki yanaşma üstünlük təşkil edirdi və bu yanaşmalardan biri Xəzərin dəniz, digəri isə göl olmasına söykənirdi.

Birinci yanaşma:

Əgər Xəzərin dəniz olduğu qəbul edilsəydi, bu halda onun akvatoriyasının bölünməsində beynəlxalq dəniz konvensiyaları (məs. Dəniz hüququna dair 1958-ci ildə qəbul edilmiş Konvensiya) əsas götürülməliydi (Onu da nəzərə almaq lazımdır ki, Xəzər tarixən dəniz adlandırılsa da, rəsmi sorğu kitablarında göllər qrupuna aid edilir). BMT-nin dəniz hüququna dair konvensiyasında hər hansı bir hövzənin «dəniz» və yaxud «göl» adlandırılması üçün əsas onun dünya okeanı ilə əlaqəsi hesab edilir. Açıq dənizlərə o hövzələr aid edilir ki, onlar dünya okeanı ilə birbaşa əlaqədədirlər. Yarımqapalı dənizlərə dünya okeanı ilə başqa dənizlər vasitəsilə çıxışı olan su hövzələri aiddir. Dünya okeanı ilə təbii dar keçidlərlə əlaqəsi olan su hövzələri isə Qapalı dəniz sayılır. Çaylar və süni kanallar isə beynəlxalq dəniz hüququnun predmeti hesab olunmurlar. BMT-nin Dəniz hüququna dair Konvensiyasına əsasən Xəzər okeanla təbii yollarla əlaqəsi olmadığı üçün «dəniz» hesab edilə bilməz.
Hər hansı bir su hövzəsinə «dəniz» statusunun verilməsi sahilyanı olmayan istənilən ölkəyə bu dənizdən istifadə hüququ verir. Xəzər adi dənizlərdən biri kimi qəbul edilsəydi, o zaman ona BMT-nin Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyası (1958 və 1982) olaraq tətbiq olunmalıydı. Belə olacağı təqdirdə Xəzəryanı dövlətlərdən hər biri 12 millik ərazi suları üzərində suveren hüquqlar və 200 millik iqtisadi zona əldə edirdi. Lakin Xəzərin maksimal eni 200 dəniz milini ötmədiyi üçün, bu halda iqtisadi zonanın xarici sərhədlərini orta xətt üzrə götürmək olardı. BMT-nin Konvensiyasına əsasən ərazi suları deyiləndə sahilyanı dövlətlərin sahili, adaları və daxili suları ilə kəsişən müvafiq ölçüyə malik dəniz zolağı başa düşülməlidir. Ərazi suları (suyun təki, səthi və hava zolağı) – sahilyanı dövlətin ərazisinin tərkib hissəsidir və əraziyə daxil olan bütün gəmilər bu dövlətin qanunlarına tabe olmalıdır.

İkinci yanaşma:

Yuxarıda adıçəkilən Konvensiyaya əsasən, əgər dəniz iki və yaxud bir neçə dövlətin ərazisiylə əhatə olunursa, eyni zamanda açıq dənizə (Dünya okeanına) heç bir çıxışı yoxdursa, bu halda o sahilyanı dövlətlərin sərhədləri çərçivəsində daxili milli sular hesab olunur. Bu bölgüyə görə, Xəzər mübahisəsiz olaraq göl sayılır. Təbii ki, bu halda ərazi bölgüsü ciddi şəkildə şimaldan cənuba qədər orta xətt və sahilyanı dövlətlərin sahilə çıxan sərhəd kəsişmələri üzrə aparılmalıdır. Belə olduğu təqdirdə qapalı su hövzəsinin ərazisi bütövlükdə sahilyanı ölkənin ərazisinin tərkib hissəsi sayılır və açıq dəniz anlayışı buraya tətbiq oluna bilməz.
Beynəlxalq təcrübədə göllərin (qapalı su hövzələrinin) ortaq xətt üzrə milli sektorlara bölünməsi yeni hadisə deyil. Bununla bağlı Çad (Kamerun-Çad-Nigeriya-Niger), Böyük göl (ABŞ-Kanada) və s. su hövzələrini misal çəkmək mümkündür.


Xəzərin hüquqi statusu haqqında Konvensiya və beynəlxalq hüquq


Xəzərin hüquqi statusu haqqında Konvensiya nəhayət ki, imzalandı. Sənəd bütün boşluqları qapamasa da, hər halda problemin həllində çox önəmli bir məsafənin qət edildiyi reallığını ortaya qoyur.
Konvensiyanın ən önəmli cəhətlərindən biri, sənəddə 5 sayilyanı dövlətin qarşılıqlı olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, dövlətlərin suveren bərabərliyinə hörmətlə yanaşmalarının, güc işlətməyin və güclə təhdid etməyin yolverilməz olmasının, əməkdaşlığın, qarşılıqlı hörmətin, bir birinin daxili işlərinə qarşışmamağın əsas müddəalardan biri kimi və həm də bütün prinsiplərdən öndə yer almasıdır. Bu amil Konvensiyanın önəmini daha da artırır. Digər tərəfdən Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərin ərazi bütövlüyünün toxunulmazılığı prinsipinin alternativsiz olaraq yer aldığı beynəlxalq hüquqi statusu olan sənəd kimi olduqca mühüm və bəlkə də tarixi əhəmiyyətə malikdir.
Konvensiyanın imzalanmasından narahatlıq keçirən qüvvələr əsasən Xəzərdə sahilyanı dövlətlərdən başqa digər xarici ölkələrin hərbi mövcudluğuna yol verilməməsi məsələsini qabardırlar. Bu yanaşmanın geostrateji maraqlardan qaynaqlandığı isə şübhəsizdir. Nəticə etibarilə Xəzər dənizinin sahilyanı dövlətlərə məxsus olmayan hərbi kontingentə qapalı elan edilməsi Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hərbi doktrinasından və konstitusiya qanunlarından qaynaqlanan amildir və mübahisəsiz olaraq sahilyanı dövlətlərin maraqlarını ifadə edir.
Konvensiya heç bir sahilyanı dövlətin Xəzər dənizində hərbi üstünlüyünə imkan vermir və stabil hərbi balansın qirunub saxlanılmasını vacib şərt kimi irəli sürür.
Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə çevrilməsinin ön şərt kimi irəli sürülməsi də vacib şərtlərdən biridir.
Konvensiyada Xəzər dənizində yalnız sahilyanı dövlətlərin bayraqları olan gəmilərin üzməsinə və keçməsinə icazə verilməsi də hövzə ölkələrinin iqtisadi maraqlarına xidmət edir və bu da öz növbəsində sahilyanı dövlətlərin yük daşınmalarında üstünlük əldə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, Xəzər dənizində regionun əm böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önəmli layihələrə imza atıb, bu, Azərbaycanda nəqliyyat infrastrukturfunun, o cümlədən gəmiçiliyin daha da inkişafı mühüm əhəmiyyətə malikdir.
Konvenisyanın daha bir önəmli cəhətlərindən biri sənədin sahilyanı dövlətlərə mübahisəsiz olaraq Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərlərinin çəkilməsinə imkan verməsidir. Bununla bağlı müddəalar kifayət qədər dəqiq ifadə olunub. Məsələn, Komvensiyada qeyd olunur ki, tərəflər Xəzərin təki ilə sualtı magistral kəmərlər çəkə bilərlər. Bu halda onlar həyata keçirdikləri layihələrin beynəlxalq müqavilələrdə yer alan ekoloji tələb və standartlara uyğun olmasını təmin etməlidirlər. Sualtı kabel və magistral biru kəməri layihələri yalnız Xəzərin təkində bu və ya digər ölkəyə məxsus sektordan keçdiyi halda məhz həmin dövlətlə razilaşdırılmalıdır. Bu isə o deməkdir ki, Türkmənistandan Azərbaycana qaz boru kəməri çəkiləcəksə, bunun üçün İranın, Qazaxıstanın, yaxud Rusiyanın razılığını almağa ehtiyac yoxdur. Bu olduqca vacib məqamdır və Xəzərin təki ilə magistral boru kəmərlərinin çəkilməsi müstəvisində bütün manipulyasiyalara son qoyulmasına imkan yaradır. Magistral boru kəmərlərinin çəkilməsi ilə bağlı Konvensiyada yer alan tələblər, yalnız Xəzərin flora və faunasının, ekologiyasının qorunması ilə bağlıdır ki, bu da sənədin siyasi mülahizə və iddialara deyil, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını ortaya qoyur.
Müsakirələr üçün 22 illik bir zaman kəsiyi sərf olunsa da, əldə olunan nəticə özünü doğruldur. Çünki Konvensiya təkcə sahilyanı dövlətlər üçün deyil, bütövlükdə qlobal miqyasda oxşar problemlərin həllində president rolunu oynaya biləcək nümunəvi bir sənəddir.
Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusilə qeyd olunmalıdır. Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi Konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə epidsentr, daha sonra isə körpü rolunu oynayıb. Bu baxımdan, dövlətimizin və təbii ki, Azərbaycan prezidentinin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var.
Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsziliyin qorunmasına, əməkdaşlığın genişləndirilıməsinə yol açacağı, Azərbaycanın həyata keçiridiyi enerji və nəqliyyat layihələrinin önəmini artıracağı şübhəsizdir.
Bütün bunlarla yanaşı, Konvensiyanın sahilyanı dövlətlər arasındakı bütün mübahisəli məsələləri çözmədiyi də unudulmamalıdır. Konvensiya milli sektorların dəqiqləşdirilməsini və dövlətlərin suyun təkindəki sərhədlərinin delimitasiyasını onların öz öhdəsinə buraxır. Yəni Konvensiya yalnız beynəlxalq hüququn tələblərindən çıxış etməklə milli sektorlara bölgünün prinsiplərini müəyyənləşdirir.
Konvensiyanı bu günə qədər açıq və qapalı su hövzələri ilə bağlı mövcud olan problemlərin həllində tətbiq edilən BMT-nin Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyasının prinsiplərindən fərqləndirən əsas amillərdən biri Xəzərin dənizinin səthinin bölgüsü ilə bağlıdır. Xəzərin təki qapalı su hövzəsi prinsipinə uyğun bölünsə də, suyun səthinin ərazi suları, balıq ovlamaq üçün müəyyənləşdirilmiş zonalara bölünməsi BMT-nin Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyasının açıq su hövzələri ilə bağlı meyarlarına daha çox uyğun gəlir. Bu isə onu göstərir ki, Xəzər dənizinə münasibətdə Kontinental Şelf və Dəniz Hüququna dair Konvesiyasının hər iki meyarı tətbiq olunub. Yəni Xəzər dənizi suyun təkinə münasibətdə qapalı su hövzəsi (göl), suyun səthinə münasibətdə isə açıq su hövzəsidir (dənizdir). Bu yanaşmanın nə dərəcədə doğru olub-olmadığını söyləmək olduqca çətindir. Lakin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın beynəlxalq hüquqda yeni president yaratdığı ortalıqdadır...


Elçin Mirzəbəyli

Bu xəbər oxundu
- - -