Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türkiyəyə müharibə elanının səbəbləri ortaya çıxdı

15.08.18, 10:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“CNN International” telekanalı ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi ilə bağlı maraqlı bir analiz verib. Publika.az xəbər verir ki, analizə görə, Türkiyənin itirilməsi Qərbə baha başa gələcək. “Türkiyədəki qeyri-sabitlik sərhədlərin kənarında nəticələr doğura bilər. Ölkəni idarə edən kim olursa-olsun, Türkiyənin ağırlıq mərkəzini Qərbdən Rusiya, İran və Avrasiyaya doğru dəyişməyə çalışacaqdır”, - analizdə qeyd edilir.
Bildirilir ki, Türkiyə böhranın dərinləşməsi ilə bir sıra radikal addımlar ata bilər. Məsələn, Türkiyənin fövqəladə vəziyyətdə NATO-dan çəkiləcəyi və Avropa İttifaqı ilə gömrük razılaşmasına son qoya biləcəyi proqnozlaşdırılır. Türkiyənin NATO-nu tərk edə biləcəyi ABŞ-ın Təhlükəsizlik Akademiyasının ehtiyatda olan 10 generala hazırlatdırdığı hesabatda da göstərilib. Hesabatda prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətini möhkəmləndirməyə davam edəcəyi, Türkiyənin getdikcə dünyəvilikdən uzaqlaşaraq Rusiya ilə müttəfiq olacağı bildirilir. Qeyd edilir ki, Türkiyənin NATO-ya üzvlüyü artıq zəmanət altında deyil.
Generallar həmçinin ilin sonuna kimi Türkiyənin alyansı tərk edəcəyini proqnozlaşdırırlar. Türkiyənin NATO-dan mümkün ayrılmasının səbəblərindən biri kimi Rusiya ilə səmimi münasibətlər göstərilir. Qeyd edilir ki, Türkiyənin Rusiyadan almağı planlaşdırdığı "S-400" hava hücumundan müdafiə sisteminin NATO sistemi ilə uyğun olmaması narahatlıqların başında gəlir.
"Türkiyənin daha müstəqil hala gəlməsi, Rusiya və İranla daha da yaxınlaşmasının nələri təhlükəyə atacağını anlamaq çox əhəmiyyətlidir", - generallar bildirirlər. Hesabatda həmçinin NATO üzvü olan Türkiyənin Suriyada Rusiya və İranla əməkdaşlığından narahatlıq ifadə edilir. Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı maliyyə sanksiyaları yürütməsinə bu ölkədən idxal edilən malların idxalında əlavə maliyyə öhdəliklərinin kəskin artırılması ilə cavab verib. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Sənədə əsasən, tütün məlumatlarına qoyulan idxal rüsumu 60 faiz, alkoqollu içkilərdə 140 faiz, avtomobillərdə 140 faiz, kosmetik məhsullarda 60 faiz, düyüdə və meyvələrdə 40 faizə qədər artıb.
ABŞ Ticarət Departamentinin sədr köməkçisi və Beynəlxalq Münasibətlər üzrə sədr Miron Brilliant Türkiyənin bu addımının ABŞ üçün ciddi risklər yaratdığını deyib. O, verdiyi yazılı açıqlamada son dövrlərdə Türkiyə ilə ABŞ arasında baş verən hadisələrin hər iki ölkənin iqtisadi maraqlarını zədələdiyini və illərdir davam edən müttəfiqliyin risk altında olduğunu bildirib. Həmçinin, ABŞ-ın atdığı addımlar ticarət müharibəsində müttəfiqlərini özündən uzaqlaşdırıb və qlobal liderliyini sarsıdıb. İşçi, fermer və müəssisələrə zərər verib. Departament rəsmisi qeyd edib ki, ABŞ və digər ölkələr arasında artan gərginlik bazarlara, Avropa banklarına və ən nəhayətində, Amerika iqtisadiyyatına batmaq riski yaradıb.
Qeyd edək ki, Türkiyənin ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərarı “Rəsmi Qəzet”də dərc edilib. Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılır.

Bu xəbər oxundu
- - -