Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şah İsmayıl” dastanı: forması və məzmunu

15.08.18, 10:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2-ci yazı

Dastançılıqda əsas motivlərdən biri ov motividir. Bu motiv qəhrəmanın daxili mənəvi keyfiyyətlərini qabarıq vermək üçün çox əhəmiyyətlidir. Bu motivin dastanın harasında işlənməsindən asılı olmayaraq əsas süjetin izah olunmasında rolu böyükdür. “Şah İsmayıl” dastanında əsas süjet Şah İsmayılla Gülzarın məhəbbətidir. Bu məhəbbət xəttinin dastanda inikasını Şah İsmayılın ovda ceyranı qovması, ceyranın qıza çevrilməsi və onların əhd-peyman bağlamasından sonra necə inkişaf etməsində görmək mümkündür.
İkincisi, dastanın məzmununun öz daxili xüsusiyyətləridir. Daxili ziddiyyətləri isə dastanın məzmununun hissələrinin bir-birindən asılılıq dərəcəsini göstərməyə xidmət edir. Dastanda ov motivinin məzmun xüsusiyyətləri ritual bir proses kimi qəhrəmanın gələcək fəaliyyətində onun sınaqdan keçirilməsi ilə bağlıdır. Keçmişdə şahzadələri yay-ox müsabiqəsi, at yarışı, ovda məharət göstərmək kimi proseslərdən keçirirdilər. “Şah İsmayıl” dastanında da söyləyici bu priyomlardan istifadə edərək həm Şah İsmayılın hünərini göstərmək istəyib, həm də onun gələcək sevgisi yolunda çəkəcəyi iztirabları fikirləşib. Dastanda bu hissənin məzmunu bilavasitə ov səhnəsi ilə bağlıdır. Dastançı ov motivinin köməyi ilə ceyranın qıza çevrilməsini gələcək məhəbbət motivinin əsası kimi götürüb. Şah İsmayıl qovduğu ceyranın qıza çevrildiyini bilmirdi. Şah İsmayılın Gülzarla (ceyranın çevrildiyi qız) başlayan əhd-peyman xətti, deyişmələr qəhrəmanın səfərə çıxacağına qədərki hadisələrin əsas leytmotivini təşkil edir. Bu hadisələri təsvir etməklə dastançı məzmunun başlanğıc hissəsini nağıl etmiş olur.
Dastanın başlanğıc hissədən sonra gələn hissənin məzmunu Şah İsmayılın Gülzarın ardınca yola düşməsinin təsvirindən ibarətdir. Bu hissə adətən xalq nağıllarının təsiri altında düzülüb-qoşulub. Şah İsmayılın bu hissədə yola düşməsinə kiçik bir maneə təsvir olunur. Ədil şah oğlunu səfərdən yayındırmaq üçün Qəndəhar şəhərində olan gözəl qızları güllü bağa yığır. Şah İsmayıl qızların heç birini bəyənmir, atasının ona qəzəbi tutur, Şah İsmayılı sərbəst buraxır.
Dastanın bu hissəsinin məzmunda Şah İsmayılla bağlı baş verən qarşılaşmalarda mühüm yer tutur. Birinci qarşılaşma Şah İsmayılın Hindistan padşahının qoşunu ilə vuruşan yeddi qardaşla əlaqəlidir. Şah İsmayıl 7 qardaşa kömək edib Rəmdar Pəriyə sahib olur. İkinci qarşılaşma Ərəb Zəngi ilə olan qarşılaşmadır. Bu qarşılaşmanı maneə kimi də qəbul etmək olar. Dastanda göstərilir ki, Ərəb Zəngi Şah İsmayılın yolunu kəsir. Şah İsmayıl ya ona qalib gəlib yoluna davam etməlidir, ya da başı kəsilib hasara qoyulmalıdır. Həriki qarşılaşmada problem Şah İsmayılın xeyrinə həll olunur. Xüsusilə ikinci qarşılaşmada Şah İsmayılın vəziyyətdən çıxış yolu tapması igidlikdə düzgün yol olmasa da, onun başqa əlacı qalmır. Çünki Ərəb Zəngi Şah İsmayıldan güclü idi. Buna görə də Ərəb Zənginin gücündən istifadə edilməsini dastanın sonunda da görürük. Bütün bu qarşılaşmalar yol motivinin strukturuna daxildir. Şah İsmayılla Ərəb Zənginin qarşılaşmasında aşığın oxuduğu qoşmalar dastanın bu hissəsinin məzmununu tamamlayır. Şah İsmayılla Ərəb Zənginin vuruşma səhnəsi onların deyişməsindən sonra gəlir.
Dastanda yol motivinin davamını Şah İsmayılla Ərəb Zənginin birlikdə Türkmənə getməsində də görürük. Mətndə hər motivin sərhədləri açıq-aydın görünür. Şah İsmayılgilin Türkmənə gəlib çatması ilə yol motivinin funksiyası başa çatır. Bundan sonrakı hissə Şah İsmayılın Gülzarla görüşməsi səhnəsidir. Bu hissəni səciyyələndirən motiv qarının Şah İsmayıla dediyi sözlərlə ifadə olunur: “Bala, Gülzarı yaxşı tanıyıram. Özü də əmisi oğluna nişanlıdı. Otuz doqquz gündü toyudu, sabah köçürəcəklər”. Bu motiv dünya dastan ənənəsində bir-birinə yaxın və uzaq formalarda özünü göstərir. “Ər nişanlısının toyunda” adı ilə səciyyələnir. “Şah İsmayıl” dastanında da bu özünə yer alır. Dastanın bu yerinin məzmununa uyğun olaraq bu epizodu “Şah İsmayıl sevgilisinin toyunda” adlandırmaq olar. Şah İsmayılın Gülzarı qaçırması da onun toyunun otuz doqquzuncu günündə baş verir.
Bütün dastanlarda qaçırılma səhnəsindən sonra sevgililər təqib olunur. Bu hal qəhrəmanlıq dastanlarında və məhəbbət dastanlarında çox tez-tez müşahidə olunur. Koroğlu Nigarı qaçırandan sonra onları Nigarın qardaşı təqib edir. “Şah İsmayıl” dastanında da İsmayılla Gülzarı Mahmud paşanın qoşunu izləyir.
“Şah İsmayıl” dastanının əsas hissəsini qəhrəmanın qızları Qəndəhara gətirəndən sonra başına gələn hadisələr təşkil edir. Dastançı Şah İsmayıl gedəndən sonra anasının naxoşlayıb ölməsini xatırlayır. Bu cümlə Ədil şahın Gülzara gözü düşməsinin bir növ səbəbi kimi çıxış edir. Burada ata-oğul arasında ziddiyyətlər özünü göstərir. Bu hadisə ilə bağlı bütün motivlərdə ata mənfi xarakterə malik olur, oğullar isə şər üzərində qələbə çalan qəhrəman rolunda çıxış edir. Şah İsmayıl yurduna gəlib çıxandan sonra atasının onun görüşünə gəlməsi təsvir olunur. Ədil şah onun üç gözəl qız gətirdiyini görür, Gülzara gözü düşür. Bütün belə dastanlarda olduğu kimi, “Şah İsmayıl” dastanında da ata oğlu ilə üzbəüz mübarizə aparmaqda acizdir. Ona görə də Ədil şah Şah İsmayılı aradan götürmək üçün onu qonaq çağırır. O gələn yolda quyu qazdırıb içinə nizə, ox doldurtdurur. Şah İsmayıl qonaq getməyə hazırlaşanda Rəmmallar Pəri bu səfərin pis qurtaracağını söyləyir. Qonaqlıqda atasının təklifi ilə Şah İsmayılın qollarını yeddi qulac sicimlə bağlayırlar. Şah İsmayıl sicimi qırır. Bu dəfə onun qollarını yay-ox kirişi ilə bağlayırlar. İsmayılın kirişi qırmağa gücü çatmır. Bunu belə görən Ədil şah oğlunun boynunu vurdurmaq istəyir. Vəzirin təklifi ilə onu bu cəzadan azad edir və gözlərini çıxartdırır, zülmət quyusuna atdırır. Əlbəttə, burada mahiyyət etibarı ilə hökmdarların özbaşınalığı, xalqa münasibətdə tutduğu mövqeyin yanlışlığı, amansızlığı və s. kimi məsələlər özünün ifadəsini tapır. Ədil şahın oğlu Şah İsmayıla münasibəti bunun tipik faktıdır.
Zəngin nağıl fakturasında belə epizodlar bir çoxluqla görünür. Hamısı da özlüyündə bir-birinə yaxın olan məzmunu işarələyir. Qəhrəmanlar qonaqlığa çağırılırlar. Onların yanında tula da gedir. Göründüyü kimi, “Şah İsmayıl” dastanında da belə nağıl motivindən istifadə olunub. Dastanda nağıllarda olduğu kimi, üzükdən də istifadə olunur. Şah İsmayılın gözləri çıxarılıb quyuya salınandan sonrakı hadisələr də nağılvari təsvir olunur. Onun quyudan çıxarılması, göyərçinlərin Şah İsmayılı tanıması, lələklərini üzərinə atması kimi təsvirlər nağıllarda olduğu kimidir. Bu təsvirlərdən sonra baş verən əhvalat belə göstərilir: “Göyərçinlər bir lələk atıb, uçub getdilər. Şah İsmayıl gözlərini yerinə qoydu. Ayağa durub Qəndəhara tərəf getməyin binasını qoydu. Bir az getmişdi ki, bir qocaya rast gəldi”. Bu təsvirdən sonrakı informasiyalar Şah İsmayıl quyuya salınandan sonrakı hadisələri əks etdirir. Qoca surətinin dastana daxil edilməsi və onun verdiyi xəbər Şah İsmayılın bundan sonra nə etməli olacağına işarədir. Qocanı məyus edən oğlunun Ərəb Zənginin meydanına göndərilməsidir. Bu hissə qisas motivinin bədii surətdə dastanda əks olunmasını göstərir. Təsadüfi deyil ki, biz dastanın bu yerində Şah İsmayılın qocanın oğlu əvəzinə Ərəb Zənginin meydanına çıxdığını görürük. Ədil şahın öz oğlu Şah İsmayılı tanımaması dastanda ayrıca bir motivdir və dastançılıqda da kifayət qədər xarakterikliyi ilə seçilir. Tanımamazlıq motivinin əsas xüsusiyyəti xeyirxah qüvvələrin şər üzərində qələbəsinə əsaslanır. Dastanda da Şah İsmayıl Ərəb Zəngi ilə bir yerdə Ədil şaha qalib gəlib taxt-taca yiyələnir.
Janrın bir forma olaraq mükəmməlliyinin təşkilində bədii komponent kimi şeirlər böyük rol oynayır. Burada nəzm poetikliyi şərtləndirən, bədii mükəmməlliyi daha da artıran kateqorial hadisədir. Ona görə də dastan ənənəsində nəzmlə nəsrin növbələşməsi tipik xarakterli məsələ kimi spesifikləşir. Şeirlərin məzmunu dastanın yurd hissəsində daha təfərrüatlı şəkildə aydınlaşır. Poetik mətn əsasən dastanın yurd hissəsi ilə uyuşur. Məlum olduğu kimi, yurd hissə qəhrəmanın lirik-psixoloji duyğularının açımında müstəsna funksiya daşıyır. Lirik nümunələr bütünlükdə obrazın ruhi aləminin ifadəsinə köklənir. Göründüyü kimi, “məzmun bədii əsərin mahiyyəti, poetik mündəricəsidir. Bu mahiyyət təsvir olunan hadisə və əhvalatlardan, obrazların hiss, duyğu, fikir, münasibət, əlaqə və mübarizələrindən yaranır. Varlığın müxtəlifliyi, insanın ümumi və fərdi xüsusiyyətləri, onun portretinin və daxili aləminin özünəməxsusluğu müşahidə ilə seçilir, dünyagörüşlə qiymətləndirilir, obrazlarda konkret, hissi-emosional ifadə olunur: belə məzmun daxili birliyə, daxili harmonikliyə tabe olur”.
“Şah İsmayıl” dastanı zəngin məzmun fakturası ilə poetik bir sistemlə, hadisə və əhvalatların fundamental təqdim mexanizmi, obrazların daxili aləminin, hiss və düşüncələrinin ifadə texnologiyalarının bütövlüyü ilə səciyyələnir. Ustadnamədən duvaqqapmaya qədər (duvaqqapma da daxil olmaqla) dastan bir mükəmməl janr hadisəsi olaraq etnosu, onun etnik-mədəni məzmununu ifadə etmək məqsədi daşıyır. “Duvaqqapma dastanda sonluq formuludur. Mahiyyətində təqdim olunan məzmun artıq poetik bir hadisə kimi qəlibləşib. “Şah İsmayıl” dastanı üzərində aparılan təhlillər onu da deməyə əsas verir ki, “məzmun faktların, əhvalatların, fikir və mülahizələrin sadalanması və şərh olunması deyil. Yaradıcılığın predmeti varlıqdır, xalqın həyatı, yaşayışı və məişətidir, onun məzmunu isə bunların ifadəli təhlilindən, ümumiləşməsindən doğan, insanı təsirləndirən amal, fikir və düşüncə sistemidir”. Məhz bu mənada duvaqqapma bir komponent olaraq dastanda bəlli, müəyyənləşmiş informasiya, bədii məzmunla səciyyələnir. Duvaqqapma dastanın sonluq formuludur və onun bitdiyini göstərir. Aşığın, ifaçının mövcud hadisə, əhvalat və s. haqqında təsəvvürünü, hiss və duyğularını, bütünlükdə münasibətini şərtləndirir. “Şah İsmayıl” bütünlükdə ortaya qoyduğu məzmunla mükəmməl bir sistemi, onun janr mexanizmlərini, poetik mündəricənin dinamikliyini daha geniş müstəvidə təhlilləri zəruri edir.


Kəmalə İsmayılova
araşdırmaçı

Bu xəbər oxundu
- - -