Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“The Jerusalem Post” Qəbələ festivalından yazıb

15.08.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mən bir neçə gün əvvəl gözəl Qəbələ şəhərində oldum, israilli dostlarımla birgə Yerusəlim Simfonik Orkestrinin ifasında Sergey Raxmaninovun fortepiano və orkestr üçün 4 nömrəli konsertini dinlədim. Bu zaman mən Azərbaycan Respublikasının – Cənubi Qafqazın gözəl və qonaqpərvər ölkəsinin, İsrailin Avrasiyada strateji tərəfdaşının dünya səviyyəli gözəl musiqiçilərin bir araya gəldiyi məkana, əsl dostluq, əməkdaşlıq, tərəfdaşlıq, tolerantlıq və həqiqi multikulturalizm platformasına necə çevrilməsi barədə düşündüm. Qürur duyuram ki, məşhur Yerusəlim Simfonik Orkestri X Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edib.
Bu barədə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc edilmiş “Azərbaycan-İsrail mədəni əməkdaşlığı inkişaf etməkdə davam edir” sərlövhəli məqaləsində yazıb.
Məqalə müəllifinin sözlərinə görə, bu mövsümdə 80 illik yubileyini qeyd edən Yerusəlim Simfonik Orkestri 1930-cu illərin sonunda Fələstin radiosunun orkestri kimi yaradılıb. 1948-ci ildə Milli Radionun Orkestrinə çevrilib və “Kol Israel Orchestra” kimi tanınıb. 1970-ci illərdə orkestrin heyəti genişləndirilib və İsrail radiosunun Yerusəlim Simfonik Orkestrinə çevrilib.
“X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun dəstəyilə keçirilib. Ongünlük festival pianoçuların yubiley müsabiqəsini, klassik musiqi axşamlarını və ənənəvi folklor musiqisindən ibarət konserti əhatə edib”, - deyə Arye Qut məqaləsində yazır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına müraciətində qeyd edilir ki, Azərbaycan xalqı öz mədəniyyətini, dilini, ədəbiyyatını, poeziyasını və musiqisini həmişə qiymətləndirib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.
Dünya şöhrətli dirijor və violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski isə “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində deyib: “Qəbələ Beynəlxalq Musiqi Festivalı – Heydər Əliyev Fondunun gözəl təşəbbüsüdür. Bu tədbir təşkilatçılığına görə dünyada keçirilən beynəlxalq musiqi festivalları arasında ən yaxşılarından biridir. Ənənəvi olaraq hər il keçirilən festivalda dünyanın ən məşhur musiqi qrupları, kamera və simfonik orkestrləri, dünya şöhrətli ifaçılar və musiqiçilər öz bacarıq və vərdişlərini nümayiş etdirmək məqsədilə bir yerə toplaşırlar”.
Dmitri Yablonski mədəniyyət və incəsənət sahələrində Azərbaycan və İsrail arasında dostluq münasibətlərinə öz dəstəyini ifadə edərək deyib: “Azərbaycan, həmçinin bir neçə etnik və dini qrupun, o cümlədən zərdüştilik, xristian və yəhudi icmalarının vətənidir. Yəhudi xalqı Azərbaycanda hər hansı diskriminasiya, sıxışdırma, təhqir, təqib və ya antisemit hərəkətlə heç vaxt qarşılaşmayıb. İsrail Dövləti Azərbaycanda yəhudi icmasına olan səmimi və xüsusi münasibətə görə Prezident İlham Əliyevə minnətdarlığını və dərin ehtiramını dəfələrlə bildirib”, - deyə Dmitri Yablonski əlavə edib.
Yerusəlim Simfonik Orkestrinin direktoru Yair Ştern “The Jerusalem Post” qəzetinə məxsusi müsahibəsində bildirib ki, Azərbaycan-İsrail münasibətləri pozitiv strateji tərəfdaşlıqdır. “Azərbaycan sivilizasiyalararası və konfessiyalararası dialoqun həqiqi modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin mühüm əsaslarıdır. Azərbaycan multikulturalizm və tolerantlığın milli ənənələrinin inkişafı və möhkəmləndirilməsi üçün zəruri siyasi və sosial şəraitin yaradılması üzrə razılaşdırılmış səylər həyata keçirib”, - deyə Ştern qeyd edib.
Arye Qut məqaləsində diqqətə çatdırır ki, X Qəbələ Beynəlxalq Musiqi Festivalı təkcə xarici qonaqlar üçün deyil, Qəbələ sakinləri üçün də mənəvi birliyin uğurlu platformasına çevrilib. “Bu cür festivalların məqsədi xoşməramlı insanlar arasında əlaqələri genişləndirməkdir. Bu cür tədbirlərin böyük əhəmiyyəti var. Birincisi, incəsənətin istənilən forması kimi musiqi sərhəd və milliyyət tanımır. O, insanlarla hər hansı diplomatdan daha yaxşı dildə danışa bilər. Elə bir dildə ki, insanlar tərəfindən qəlbən başa düşülür və bəşəriyyət tərəfindən yaradılmış bütün ciddi sərhədləri aşaraq insanları birləşdirir. İkincisi, Azərbaycanın musiqi mədəniyyəti dünya mülkiyyətinə çevrilir. Azərbaycan bəstəkarlarının əsərləri dünyanın ən yaxşı musiqiçilərinin proqramlarına daxil edilib”, - deyə Arye Qut vurğulayır.
Azərbaycanın multikulturalizmi reallıqda da Qəbələ Beynəlxalq Musiqi Festivalında öz əksini tapmışdı. Bu, xalqların, mədəniyyətlərin, dinlərin və musiqinin yanaşı yaşamasının və harmoniyasının əks olunmasında idi ki, bunları yalnız Azərbaycanda tapmaq mümkündür”, - deyə Arye Qut İsrailin nüfuzlu “The Jerusalem Post” qəzetində fikrini yekunlaşdırıb.

Bu xəbər oxundu
- - -