Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılıb

15.08.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda bəzi məktəblərdə məktəbəhazırlıq qrupları yaradılmayacaq
Avqustun 15-dən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib. Onun sözlərinə görə, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir: "Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumtəhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.
Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumtəhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqustdan 28 sentyabradək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. Adıçəkilən rayonlarda yerləşən məcburi köçkün məktəbləri üzrə ərizələrin onlayn qeydiyyatı sentyabrın 1-dən 25-dək aparılacaq. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 3-dən başlayacaq, 28-də başa çatacaq".
İ.Abdullayeva əlavə edib ki, yalnız Bakı şəhərinin bir sıra ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır: "Digər rayon və şəhərlərdə, o cümlədən həmin rayon və şəhərlərdə yerləşən məcburi köçkün məktəblərində ərazi prinsipi tətbiq olunmur. Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadə mədəniyyətinin formalaşması baxımından olduqca əhəmiyyətlidir. Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 82 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər".
İ.Abdullayeva deyib ki, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur: "Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir".
Qeyd edək ki, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.
Təhsil Nazirliyi Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarının hansı məktəblərdə təşkil edilməyəcəyini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. Bununla yanaşı, Binəqədi rayonu üzrə 83 və 299 nömrəli məktəb-lisey, 126,179, 205, 298 və 306 nömrəli, Nərimanov rayonu üzrə 304 nömrəli məktəb-lisey və 93, 193 nömrəli, Səbail rayonu üzrə 50 və 162 nömrəli, Nəsimi rayonu üzrə 14 nömrəli, Pirallahı rayonu üzrə 131 nömrəli, Qaradağ rayonu üzrə 195 nömrəli, Sabunçu rayonu üzrə 4, 22, 71, 81, 113, 192, 198, 255, 296 və 311 nömrəli, Suraxanı rayonu üzrə 316 nömrəli, Xətai rayonu üzrə 264 nömrəli məktəb-lisey, 221, 249 və 269 nömrəli, Xəzər rayonu üzrə 92, 149, 216, 218 və 326 nömrəli və Yasamal rayonu üzrə 167 və 175 nömrəli tam orta məktəblərdə 2018/2019-cu tədris ilində məktəbəhazırlıq qrupları təşkil edilməyəcək. Bunun səbəbi həmin məktəblərin şagird tutumunun məktəbəhazırlıq qruplarının fəaliyyətinə imkan verməməsidir.
Bu il 41 minə yaxın 5 yaşı tamam olmuş uşağın elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib. Onun sözlərinə görə, bu il Bakı üzrə 940, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri və Abşeron, Yevlax, Samux rayonları üzrə 630 məktəbəhazırlıq qruplarının olması proqnozlaşdırılır. Bu ərazilərdə ümumilikdə 1570 qrupun olması gözlənilir.

Bu xəbər oxundu
- - -