Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xəzər Konvensiyası: Bakının xeyrinə olan 4 mühüm maddə

15.08.18, 13:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

22 illik müzakirədən sonra hazırlanan Xəzər Konvensiyası və orda əksini tapan prinsiplər ölkəmizin siyasi və iqtisadi maraqları baxımından olduqca əhəmiyyətlidir.
“Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı 12 avqustda Aktauda Xəzəryanı dövlət başçılarının imzaladığı Xəzər Konvensiyası haqda danışarkən belə deyib. Aynur Camalqızı bildirib ki, haqlı olaraq “Xəzərin Konstitusiyası” adlandırılan bu Konvensiya hər şeydən öncə Xəzəryanı ölkələr arasında xoş münasibətə kölgə sala biləcək mümkün narazılığı aradan qaldırdı:
“Biz yaxşı xatırlayırıq ki, Xəzərlə bağlı yekun qərarın olmaması müəyyən yataqlardakı işlərin dondurulması ilə bərabər, həm də xoş qonşuluq münasibətlərində arzulanmayan anlaşılmazlıq da doğururdu. Bu Konvensiya məhz ona görə ilk növbədə sülhü, təhlükəsizliyi möhkəmləndirən amil sayılır ki, bu problemləri aradan qaldırır.
Konvensiyanın ratifikasiyasından sonra sözügedən yataqların müştərək işlənilməsi aktuallaşacaq. Digər tərəfdən, Azərbaycan üçün önəmli olan məqamlardan biri Xəzər dənizinin dibi ilə kabel və neft-qaz kəmərlərinin çəkilməsidir. Konvensiyada bu məqam da öz əksini tapdı. Məsələn, Türkmənistanla Xəzərin dibindən kabel və ya boru çəkmək istəyəriksə, bu məsələ Türkmənistanla Azərbaycan arasında müzakirə ediləcək. Yəni hər bir ölkə özünə aid sektorda Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq şərti ilə istənilən layihəni gerçəkləşdirə bilər”.
Aynur Camalqızının sözlərinə görə, Konvensiyanın ən önəmli maddələrindən biri Rusiyanın Xəzər dənizində üzən gəmilərə öz ərazisindən istifadə etməklə xarici sulara çıxmaq imkanı yaratmasıdır: “Bilirsiniz ki, Xəzər qapalı su hövzəsidir və burdan gəmilərin böyük okeanlara çıxışı Volqa-Don kanalı vasitəsilədir. Rusiya isə 1996-cı ildən Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don kanalından keçidinə məhdudiyyət qoymuşdu. Rusiyanın Xəzəryanı ölkələrə qarşı bu xoş niyyəti əlbəttə ki, iqtisadi imkanları və əlaqələri genişləndirəcək. Xüsusən nəzərə alsaq ki, Azərbaycan Xəzərdə ən böyük yükdaşıma limanı inşa edir, onda bu Konvensiya ilə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi maneəsinin aradan qaldırılması, səthinin isə ümumi istifadədə olması, həmçinin okeanlara maneəsiz çıxış imkanları iqtisadi səmərənin ciddi şəkildə artırılması, Prezident cənab İlham Əliyevin dediyi kimi, Xəzərin nəqliyyat arteriyasına çevrilməsi yönündə önəmli addımdır”.
Media qrupu rəhbəri Konvensiyanın imzalanmasından sonra istər Rusiya, istərsə də Avropa mediasında “Azərbaycana ciddi güzəştlər edildi” başlığı ilə tirajlanan şərhlərə də münasibət bildirib:
“Azərbaycana qarşı xüsusi münasibətin olduğunu bütün təhlilçilər istisnasız olaraq bildirir. Bunun səbəbini də izah edirlər: Bakının uğurlu diplomatiyası, qonşularına qarşı xoş niyyəti, davamlı olaraq qonşularının da maraqlarını təmin etməklə öz milli maraqlarını üstün tutma prinsipi, ədalətliliyi, beynəlxalq təcrübəni və qanunvericiliyi əsas götürməsi. Azərbaycan bir daha öz ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə növbəti uğurunu qazandı”.
Xəzər Konvensiyasının Ermənistanda ciddi təşviş yaratdığını və qızğın müzakirələrə səbəb olduğunu xatırladan Aynur Camalqızı bildirib ki, iqtisadi baxımdan uğursuz duruma düşən İrəvanda bu dartışmalar gözlənilən idi:
“Onları narahat edən məsələlərdən biri də Azərbaycanın Ermənistanın KTMT və Aİİ-də müttəfiqi olan Rusiya və Qazaxıstanla əlaqələri daha yüksək müstəviyə qaldırmasıdır. Erməni vitse-spiker açıq şəkildə dedi ki, biz əsas müttəfiqlərimizlə münasibətləri zədələdiyimiz zamanda Azərbaycan həmin ölkələrlə əlaqələrini daha yüksək mövqeyə çıxardı və bu, İrəvan diplomatiyası üçün böyük uğursuzluqdur. Əlbəttə, hesab edirəm ki, bu Konvensiya həm də Xəzəryanı ölkələrin siyasi əlaqələrini gücləndirən faktor kimi diqqəti çəkməyə bilməz. Çünki “Xəzər beşliyi” iqtisadi maraqlarını birləşdirirlər və birgə təmin edirlərsə, demək, siyasi baxımdan da əlaqələr növbəti səviyyəyə yüksəlir. Bu isə Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə bildirib ki, Konvensiyanın imzalanması tarixi əhəmiyyətə malikdir. Onun qənaətinə görə, Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Belə ki, bu razılaşma nəticəsində mübahisəli yataqlar birgə işləniləcək, Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək.
Deputat deyib: “Dövlətimizin başçısının Konvensiyanın imzalanması mərasimindən sonra mətbuata bəyanatında vurğuladığı kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz dəyərli töhfəsini verib. Müzakirələrin getdiyi bütün dövrlərdə, xüsusən Konvensiyanın imzalanması ərəfəsində xaricdəki bəzi erməni lobbisinə yaxın dairələr anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərir, müxtəlif maneələr yaratmağa çalışırdılar. Çünki onlar bilirlər ki, bu sənəd Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək”.
Milli Məclisin deputatı qeyd edib ki, Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması, hər şeydən əvvəl, xoş məram, qarşılıqlı etimad, ortaq maraqlar və mehriban qonşuluq əlaqələri sayəsində baş tutub. Sənəd bu beş ölkə arasında mövcud olan əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişlənməsi üçün əlavə perspektivlər açır. Əlbəttə ki, bu cür əməkdaşlıqlar xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.
S.Fətəliyeva, həmçinin qeyd edib ki, əldə olunmuş razılıqlar Transxəzər boru kəmərinin reallaşmasına şərait yaradır. Bu da Azərbaycanın geosiyasi çəkisinin daha da yüksəlməsi üçün əlverişli mühit yaradır.

Bu xəbər oxundu
- - -