Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

15.08.18, 14:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dövlət imtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
DİM-dən bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı bu qurumun internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin siyahısı avqustun 16-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc ediləcək.
Tələbə adı qazanmış şəxslər 2018-ci il avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyənləşdirilmiş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 906-sı ali təhsil müəssisələrinə qəbul olunub. 11 min 963 nəfər dövlət sifarişi əsasında, 27 min 943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Bundan əlavə, 61 abituriyent idman sahəsi üzrə, beş abituriyent isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün bakalavriat səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul edilib. Müsabiqədənkənar qəbul olunmağa əsas verən digər kateqoriya - dünya fənn olimpiadalarının qalibləri ilə əlaqədar hər hansı bir müraciət daxil olmayıb.
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının səkkizinci nömrəsində dərc ediləcək.
Həmin yerlərə ixtisas seçimi avqustun 16-dan 20-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının beşinci nömrəsində dərc olunub. Jurnalı qeyd olunan ünvanlardakı “Abituriyent” satış köşklərindən almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
DİM tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Bu xəbər oxundu
- - -