Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu tarix ümumi görünüşdə bir şəhərin işğaldan azad olunmasını ifadə edə bilər”

14.09.18, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fəzail İbrahimli: “Lakin məsələnin mahiyyətinə baxdıqda, onun məntiqi dərin köklərə bağlıdır”

"15 sentyabr Azərbaycan tarixinin ən yadda qalan, xalqımızın taleyində xüsusi təqvim kimi qeyd olunmağa layiq bir gündür. Çünki, 1918-ci ilin sentyabrın 15-də Bakı erməni işğalçılarından azad edilib". Bu fikirləri deputat, tarix elmləri doktoru Fəzail İbrahimli deyib. O bildirib ki, bu tarix ümumi görünüşdə bir şəhərin işğaldan azad olunması, işğalçının məğlubiyyətini ifadə edə bilər: "Lakin məsələnin mahiyyətinə baxdıqda, onun məntiqi dərin köklərə bağlıdır. Burada təkcə Bakının erməni işğalından azad edilməsi deyil, bütün millətin azad edilməsi, müstəqilliyinin əldə edilməsi, xalqın taleyində yeni prosesin başlanması, Şərq islam aləmində elan olunan Demokratik Cümhuriyyətin kağız üzərindən real həyata köçürülməsi idi".
Onun sözlərinə görə, əgər Qafqaz İslam ordusu Bakını erməni işğalçılarından azad etməsəydi, ola bilərdi ki, indiki nəsil yalnız "1918-ci ilin may ayının 26-da Azərbaycanın istiqlalı haqqında bəyannamə qəbul edilib" ifadəsini işlədəcəkdi: " Bu, bir tarixi fikir olaraq qalacaqdı. Lakin Bakının işğaldan azad olunması Azərbaycan Cümhuriyyətinin Bakıya köçməsi elan olunan İstiqalal Bəyannaməsinin real həyata keçirilməsi idi. Bundan sonrakı 23 ay indiki Azərbaycanın var olmasında mühüm rola malik oldu. Bugünkü Azərbaycan o dövrün varisidir".
F.İbrahimli söyləyib ki, Çar Rusiyası dövründə müsəlmanlara ordusu olmayan uzun müddət ordudan məhrum olan ikinci dərəcəli millət kimi baxılır və müsəlmanlara etibar edilmirdi: "Lakin belə bir dövrdə Nuru Paşanın rəhbərliyi altında Osmanlı dövlətinin göndərdiyi hərbi qüvvə ilə Azərbaycanın istiqlalı uğrunda daxili qüvvələr birləşərək Qafqaz İslam Ordusu adı altında torpaqları azad etdi. Bakı birgə işğaldan azad edilərək, istiqlal əldə olunmuşdu. O dövrdə birgə əldə olunan istiqlal bu gün də davam etməkdədir".
Deputat qeyd edib ki, sentyabrın 15-də keçiriləcək parad bir millət və iki dövlətin birgə səyi, qüvvəsi, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya bəyanı, bizi sevməyən qüvvələrə mesajdır: "Azərbaycan və Türkiyə ordusu birdir. Bir millətin iki dövləti bir dövlətin səviyyəsində fəaliyyət göstərə bilir və istənilən məqamda istənilən adımı atmaq iqtidarındadır".
Azərbaycan ordusunun regionda mükəmməl və ən güclü ordu olduğunu deyən F. İbrahimli əlavə edib ki, Erməni işğalçıları bir gün belə Azərbaycan ordusunun qarşısında tab edib, dayana bilməz: "Azərbaycan sadəcə beynəlxalq hüquq normalarına sığınaraq, dünyada sivil dövlət kimi hadisələrin dinc istiqamətdə və sülh yolu ilə uğurlu həllinə çalışır. Əks təqdirdə təbii ki, ölkəmiz hər an öz torpaqlarını işğaldan azad etməyə hazırdır Bu gün baş verənlər Ermənistanın cəzasını yaxınlaşdırır".

Bu xəbər oxundu
- - -