Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarışıqlığın episentri İrəvana keçib

17.09.18, 10:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan ordusunun “Global Firepower”in yeni reytinq cədvəlində beş pillə irəliləməsi düşmən ölkədə gərginliyi artırıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.
Azərbaycan ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərindən narahatlıq keçirən işğalçı ölkə Ermənistan ictimaiyətinin diqqətini yayındırmaq üçün müxtəlif çaplı silahlardan, o cümlədən artilleriya qurğusundan istifadə etməklə Tovuz, Tərtər və Ağdam rayonları istiqamətində təxribat törədib.
Düşmən tərəfi xüsusilə Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndləri istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini və dinc sakinləri atəşə tutub.
Tovuz rayonu Koxanəbi kənd icra nümayəndəsi Sadiq Abulov AzVision.az-a bildirib ki, iki gün davam edən atışma nəticəsində 30-a yaxın evin dam örtüyünə ziyan dəyib. Onun sözlərinə görə, mülki əhaliyə atəş açılsa da, yaralanan olmayıb.
Əsrik Cırdaxan kənd icra nümayəndəsi Telman Əmiraslanov isə qeyd edib ki, düşmənin təxribatı zamanı 20-ə yaxın evin dam örtüyünə ziyan dəyib. Evlərin şüşələri və divarları intensiv atəşə tutulub. Onun sözlərinə görə, hazırda kənddə sakitçilikdir.
Qaralar kənd icra nümayəndəsi Ramiz Əmiraslanov erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində bir neçə evə ziyan dəydiyini vurğulayıb.
Ermənistanın təxribatları bununla yekunlaşmayıb. İşğalçı ölkənin baş naziri Azəbaycan tərəfinin itki verməsi ilə bağlı yalan məlumat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi “Mənim addımım” blokunun sentyabrın 16-da İrəvanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinin yalan olduğunu bildirib.
Müdaiə Nazirliyinin məlumatında bildirilib ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib: "Ermənistanın baş naziri isə yalan məlumatlardan belə yararlanaraq onları böyük həvəslə öz xalqına çatdırmaqla ictimaiyyətin diqqətini apardığı uğursuz siyasətindən yayındırmağa çalışır".
Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusunun bölmələri heç bir döyüş itkisi verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir.
Ermənistanı narahat edən növbəti amillərdən biri də Azərbaycan ordusunun “Global Firepower”in reytinqində irəliləməsidir.
“Global Firepower” açıqladığı yeni reytinqə əsasən, Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə beş pillə irəliləyərək, 53-cü mövqedə qərarlaşıb. Ermənistan ordusu 84-cü, Gürcüstan Silahlı Qüvvələri isə 82-ci yerdə qərarlaşıb. Türkiyə Silahlı Qüvvələri doqquzuncu, İran isə 13-cü yerə layiq görülüb. İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya orduları yer alıb.
“Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir.
Qeyd edək ki, dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin əhəmiyyətini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov hesab edir ki, hazırda həyata keçirilən hərbi təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-peşəkar mövqeyinə əməli cavabıdır:
“Ölkə başçısı bundan əvvəl çıxışlarında sərt şəkildə bəyan etdi ki, Dağlıq Qarabağ ərazisində baş verəcək toqquşmalara görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə seçilən rəhbərliyi - münaqişənin həll prosesində maraqlı olmayan tərəf məsuliyyət daşıyır. Azərbaycan hər an öz torpaqlarını azad etməyə başlaya bilər. Artıq ciddi hərbi təlimlərin start götürməsi sübut edir ki, Ermənistan Azərbaycana güc yolundan başqa seçim qoymadı.
Artilleriya və aviasiya sistemləri vasitəsilə düşmənin müdafiə mexanizmi məhv edilməlidir. Əsas məqsədimiz işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüymüzün bərpasıdır. Sözügedən hərbi təlimlər konkret olaraq, Azərbaycana təcavüz edən qüvvələrə qarşı yönəlib. Təlimlərdə şərti düşmən deyil, real düşmən kimi ərazilərimizdə müdafiə olunan erməni silahlılarının darmadağın edilməsi nəzərdə tutulub”-deyə Şair Ramaldanov qeyd edib.
Təlimlər ərzində müəyyən olunmuş ciddi tapşırıqların mərhələli şəkildə yerinə yetiriləcəyini diqqətə çatdıran Şair Ramaldanovun sözlərinə görə, əməliyyatlara 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib: “Bu təlimlərin həyata keçirilməsindən həm beynəlxalq qurumlar, həm də erməni rəhbərliyi narahatlıq keçirir. Yayılan informasiyalara görə, Ermənistan rəsmiləri artıq beynəlxalq təşkilatlara müraciət edərək, Azərbaycanın hərbi addımlarından sığortalanmağa çalışırlar. Azərbaycan isə bu hərbi təlimlərlə sübut edir ki, daha susmaq, gözləmək iqtidarında deyil. Əvvəllər keçirilən hərbi təlimlərimizdən fərqli olaraq, bugünkü əməliyyatlar konkretliyi, döyüşə daha yaxınlığı ilə seçilir. Silahlı qüvvələrimizin bu cür ciddi təlimlərin icrasına professionallığı yetərlidir. Beləliklə, istər beynəlxalq təşkilatlar, istərsə də, regional qurumlar Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdə ciddi addımlar atdığına, Silhalı Qüvvələrimizin nəyə qadir olduğuna bir daha əmin oldu”.
Millət vəkili Zahid Oruc isə hesab edir ki, son illərdə ordu dövlət siyasətinin önünə çıxıb. 2016-cı ilin aprel döyüşlərindən sonra böyük fasilələrlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın nəticəsi ilə faktiki olaraq, tamamilə iflasa uğrayıb.
Onun sözlərinə görə, hadisələrin belə gedişi Azərbaycanın maraqlarının xeyrinə işləyir: “Ən azı o səbəbə görə ki, uzun illər yalnız Minsk formatında dəyişən beynəlxalq konyunkturanı gözləyib irəliləyişə ümid bəsləmək Azərbaycanı daha çox xarici dairələrin rəyi ilə hesablaşmağa vadar edirdi və belədə qarşı tərəf Fransa, ABŞ və Rusiya arasındakı ziddiyətlərdən müəyyən qədər faydalanmağı bacarırdı. İndi isə Paşinyan hələ də küçə üsyanının təsiri altında özü də bilmədən danışqılar prosesini boykot elərək, ənənəvi müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların konflikti monopoliyada tutmasına böyük zərbə vurub. Doğrusu, bunu əvvəllər ağıla gətirmək qeyri-mümkün idi.
Kiminsə şübhəsi yoxdur ki, 1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 90-cı illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10 ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən, yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin hakimiyyətinə son qoyulmalıydı. İndi prezident İlham Əliyev bütün regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını formalaşdırmağa nail olub.ğ
Təsəvvürə gətirirsizmi, İran, Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı olmayıb”.
Zahid Oruc bildrib ki, İlham Əliyev Ermənistanın daxili siyasi böhran şəraitində bütün anti-Paşinyançıların birlşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl ata biləcəklərini çox ustalıqla nəzərə alır:
“Vaxtilə biz məhz bu səbəbdən uduzmuşduq. İndi qarışıqlığın episentri İrəvana keçib. Diplomatik, siyasi və hərbi şərtlər Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucu atasının adını daşıyan oğul Heydər Əliyev hərbi mündirdə 10 milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı Qüvvələrin cərgəsində Vətənə sədaqət andı içir.
Doğrudur, prezident övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının taleyini necə bir sırada gördüyünün əyani sübutudur.
Nümunəvidir, qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün görk hadisəsidir”.

Bu xəbər oxundu
- - -