Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyan çıxılmaz vəziyyətdədir

18.09.18, 8:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakıda keçirilən hərbi parad, Əliyev-Ərdoğan, Ərdoğan-Putin görüşü və Azərbaycanın hərbi təlimi erməniləri təşvişə salıb
Bakının işğaldan azad edilməsinin 100 ilə bağlı keçirilən paraddan sonra təşvişə düşən işğalçı Ermənistanın baş naziri Paşinyan bir-birinin ardınca sərsəm fikirlər söyləməyə başladı. Elə erməni mediası və müstəqil siyasilər Paşinyanın belə fikirlərini Azərbaycanı qorxutmaq məqsədi daşıdığını vurğulayıblar. Xüsusən də, Rusiya prezidenti Putinin Soçidə Azərbaycan prezidenti Əliyev və Türkiyə prezidenti Ərdoğanla ayrı-ayrılıqda keçirdiyi görüş, Bakıda keçirilən parad, üstəgəl Azərbaycan ordusunun möhtəşəm təlimi Paşinyanı çıxılmaz vəziyyətə saldığndan müxtəlif məntiqsiz fikirlər söyləməyə vadar edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənlinin sözlərinə görə, peşəkar orduya keçid dövründə böyük addımlar atılıb: “Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Prezident İlham Əliyevin paradda çıxışı hamıda böyük ruh yüksəkliyi yaradıb. Bu gün Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var. Ən əsası da ölkəmizdə vətəndaş həmrəyliyi var. Bunlar hamısı sevindirici haldır. Bütün dünyada dost və düşmən də bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını işğaldan azad edəcək”.
“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz isə deyib ki, Paşinyanın daxildə vəziyyəti ürəkaçan deyil. Əslində bu gün Ter-Petrosyan, o cümlədən də Sarkisyan qüvvələri cəmləşərək Paşinyanı devirərək, gələcək seçkidə qələbə qazanmaq istəyirlər. Gərək olarsa, bunu vətəndaş müharibəsi səviyyəsinə gətirib çıxara bilərlər.
O bildirib ki, əslində Paşinyan Ermənistanın daxilində vətəndaş müharibəsinin hazır olduğunu hiss edir: “Balaca bir qığılcım, ölkədə daxilində silahlı toqquşmalara gətirib çıxaracaq. Ona görə də, Paşinyan bu məsələlərdən qaçmaq üçün ölkəmizin daxili işlərinə qarışmağa çalışır. Gördüyünüz kimi, Paşinyanın oğlunun qanunsuz şəkildə Dağlıq Qarabağda xidmət etməsi ilə bağlı Azərbaycanda ajeotaj yaranması, heç kim də bu haqda fikir bildirib, müdaxilə etmədi. Amma Azərbaycan Prezidenti İlham Əliyevin oğlunun hərbi xidmətdə olması onlar üçün böyük problemə çevrildi. Dövlət başçısının oğlunun hərbi xidmət keçməsi təbiidir. Gələcəkdə gərək olarsa, Dağlıq Qarabağın azadlığı uğurunda iştirak etməlidir. Normal dövlətdə bunlar normal qarşılanır. Amma Paşinyan ölkəsində problemlərdən qaçmaq üçün bunu əlində bayrağa çevirməyə çalışdı”.
Y. Oğuz qeyd edib ki, Paşinyanın bütün bunlar azmış kimi ölkəmizə qarşı “hünərləri varsa, gəlib müharibə etsinlər” kimi atmaca atması daxildə pik vəziyyətində olan gərginliyi normallaşdırmaq məqsədi daşıyır: “ O, vətəndaş müharibəsindən qaçmağa çalışır. Bundan sonra Paşinyanın Azərbaycana qarşı yeni ittihamları irəli sürəcəyinin şahidi olacağıq. Çünki, Azərbaycanın ordusunun güclənməsi, daxili həmrəylik onu özündən çıxarır”.
Baş redaktorun sözlərinə görə, daxili həmrəylik ümumilikdə Ermənistanda böyük narahatçılığa səbəb olur: “ Paşinyan bunun qarşısında heç nə edə bilmədiyi üçün müxtəlif yollara əl atır. Paşinyan bu gün hakimiyyətdə qalmaq üçün öz populyar şüarlarından istifadə etməkdədir. lakin o dərk etmir ki, hakimiyyətdə bu cür şüarlardan qaçmaq lazımdır. O özünü küçədə mitinqlərdə hesab etdiyi üçün real addımlar əvəzinə, lazımsız şüarlar səsləndirməklə kifayətlənir. O Azərbaycana yönəlik mesajlar verdikdə daxildəki vəziyyət nisbətən sakitləşir. Lakin bu cür addımların ömrü uzun olmayacaq. Seçki ərəfəsində Ermənistanda vətəndaş müharibəsi qaçılmazdır”.
Onu da qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Yerevana səfər edəcək.
Ermənistanın “Jamanak” qəzeti xəbər verir ki, planlaşdırılan səfərin dəqiq tarixi məlum olmasa da, Rusiya prezidentinin həmin səfər zamanı sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçaryanla görüşəcəyi iddia edilir.
“Yerevan səfəri zamanı Putin ikinci və üçüncü prezidentlər Robert Köçaryan və Serj Sarkisyanla görüşəcək. Putin Ermənistanda onlarla görüşmək istəyirsə, bəlkə onun Yerevan səfərini ləğv etmək lazımdır. Çünki istintaq altında qalan Koçaryanla görüşdən sonra Putinin sabiqlərlə görüşü Rusiya-Ermənistan münasibətlərində yeni dönüş olacaq”.
Xatırladaq ki, sentybarın 8-də Moskvada Putinlə görüş zamanı baş nazir Nikol Paşinyan Putini Yerevana dəvət etmişdi. Kreml Putinin dəvəti qəbul etdiyini və səfərin tarixinin yaxın həftələrdə dəqiqləşəcəyini bildirmişdi.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin sentyabrın 1-də Soçidə Azərbaycan lideri İlham Əliyevi qəbul etdi. Bundan qısa müddət sonra isə onun Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Putin üçün İ.Əliyevlə görüşün məhsuldar olduğunu demək olar. Tərəflər ondan mütəlif sahələri əhatə edən sazişlər imzalandı. Ümumiyyətlə Azərbayacan-Rusiya əlaqələri bu gün çiçəklənmə dövründədir.
Ermənistan haqqında isə bunu demək olmaz. Bu ölkədə hakimiyyəti Paşinyanın ələ keçirlməsindən sonra ikitərəfli əlaqələr dalana dirənib. Rusiya mətbuatının məlumatına görə, bunun üçün də erməni nazirin diplomatik fəaliyyəti, bəyanatları Kremli narahat edir və ən azı Ermənistan üçün 4 əsas tapşırığın həllini şübhə altına qoyur. Şərhçilər yazırlar ki, bu 4 məsələ aşağıdakılardır: ölkənin güzəştli şərtlərə müasir silahla təminatı, Rusiyanın lazım olan məqamda kömək və yardımı, Dağlıq Qarabağ münaqişəsi və keçmiş rəhbərlikdən sonrakı represiya.
Rəsmi Rusiya mənbələri Putin-Paşinyan görüşündən praktiki olaraq heç nə danışmayıblar. Rusiyalı ekspertlər düşünürlər ki, Paşinyanın dəqiqə başı dediyi kimi İrəvan Moskva əlaqələrini çətin ki, parlaq adlandırmaq olar.
Azərbaycanla məsələ isə başqadır. Həm politoloqlar, həm də ölkə mətbuatı qeyd edir ki, bu gün iki ölkə arasındakı strateji əməkdaşlıq genişmiqyaslıdır. Ekspert dairələrində artıq bildirilər ki, Azərbayacan Cənubi Qafqazda Rusiyanın yeganə tərəfdaşıdır. Bununla yanaşı qeyd edilir ki, Moskava Qarabağ münaqişəsinə son qoymalıdır.
Amma münaqişənin həlli prosesində Ermənistanda hakimiyyət dəyişkənliyindən sonra güclü ləngimə var. “Eks prezident Serj Sarkisyan Paşinyandan daha ünsiyyətcil idi. Məhz onun dövründə yarımmərhələli sülh yolu ilə həllə ilk ümidlər peyda olmuşdu", deyə rus mətbuatı yazır. Yeni erməni nazir artıq bildirib ki, ermənilərin işğal etdikləri 7 rayonun hamısı heç kim tərəfindən, o cümlədən Ermənistanın özünün belə tanmadığı separatçı Qarabağ rejiminin ərazisidir. ”Qoçaqlaşan” baş nazir hətta bildirib ki, onun ölkəsi Qarabağ ətrafındakı istənilən təxribata görə dağıdıcı zərbələr vurmağa hazırdır.
Eskpertlər hesab edirlər ki, Putinin İrəvana səfəri olarsa o, Paşinyanı ram etməyə çalışacaq. Dövlət başçısı Ermənistanın inqilabçı hakimiyyətinin daxili işi adlandırdığı məsələyə müdaxilə etmək niyyəti olmasa Rusiya sərhədçilərinin qoruduğu, Rusiyanın iqtisadi kreditləri hesabına yaşayan, çox aşağı qiymətlə təbii qazla təmin etdiyi İrəvana uçmaz.
Bu dəfə Putin qərb fondlarının hesabına maliyyələşən Paşinyan hökuməti ilə görüşəcək. Söhbət asan olmayacaq. Amma bir şey aydınır - əgər Putin Paşinyandan həm Qarabağ, həm də başqa məsələlərdə ciddi güzəştlərə nail olmasa Rusiya-Ermənistan əlaqələri dondurulacaq. Ən azı İrəvanda əməkdaşlıq üçün ancaq erməni and-amanının çox az olduğunu anlayana kimi...
Putin hər iki ölkəni hərbi təlimlər başa çatdıqdan sonra ziyarət edəcək. Azərbaycandakı təlimlərdə düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Erməni ordusu isə müharibə elan ediləcəyi şəraitdə nə edə biləcəyini müəyyən edəcək.
Kimin qalib gələcəyini isə Putinin səfərindən sonra biləcəyik.
Bu arada onu da qüyd edək ki, gələn həftə BMT Baş Məclisinin növbəti sessiyası öz işinə başlayacaq. Sessiyanın gündəliyində Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və digər əraziləri ilə bağlı məsələ də var. Ötənilki sessiyada bu məsələ bəzi səbəblərdən müzakirəyə çıxarılmasa da, bu dəfə işğal mövzusunun diqqət mərkəzinə gətiriləcəyi ehtimalı böyükdür. Bunu ən azından, münaqişə zonasında müharibə riskinin heç vaxt olmadığı qədər yüksək olması reallığı diktə edir.
Belə vəziyyət gözlənildiyinin əksinə olaraq, Ermənistanın yeni rəhbərliyinin də Qarabağla bağlı destruktiv mövqeyi ilə birbaşa bağlıdır. Hər halda, fakt budur ki, erməni baş nazir Nikol Paşinyan problemin sülh yolu ilə nizamlanması məsələsində əvvəlki rejimlərdən və sələflərindən də maksimalist və absurd mövqe tutur, hətta öz ölkəsinin hərbi potensialı ilə düz gəlməyən davakar ritorika sərgiləyir. Bu isə sülhə ən kövrək ümidləri belə dağıdır, ərazisinin 20%-i işğal altında olan Azərbaycana müharibədən başqa çıxış yolu qoymur.
Yeri gəlmişkən, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, ərazisi təcavüzə uğrayan bir dövlətin hərbi müdafiə hüququ var. Yəni Azərbaycan həmin maddəyə uyğun olaraq, atəşkəs rejiminə son qoyub öz ərazi bütövlüyünü hərbi yolla da təmin edə bilər. Bundan əlavə, BMT Nizamnaməsinin 25-ci maddəsində deyilir ki, qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Dağlıq Qarabağla bağlı 4 məlum qətnamə də eyni sıraya aiddir.
Cavid

Bu xəbər oxundu
- - -