Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ATƏT-də erməni separatçılarının təxribatının qarşısı alındı

18.09.18, 11:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik sammiti başlayıb.
Tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər. Sentyabrın 18-də “Fundamental azadlıqlar: ifadə və sərbəst toplaşmaq azadlığı, milli insan haqları təşkilatları və vətəndaş cəmiyyəti”mövzusunda keçirilən müzakirələrdə gərginlik yaşanıb.
Belə ki, özünü “Avropa Artsax Mərkəzi”nin rəhbəri kimi təqdim edən Harutyun Qriqoryan adlı şəxs çıxış üçün söz alaraq, qondarma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil ölkə kimi təqdim etməyə cəhd edib və son vaxtlar Azərbaycanın hərbi güc nümayiş etdirməsininin qarşısını almağa çağırıb. Separatçı rejim nümayəndəsinin təxribat yönümlü çıxışı Azərbaycan nümayəndə heyətinin kəskin reaksiyasına səbəb olub.
Azərbaycan rəsmi nümayəndə heyətinin üzvü, Prezident Administrasiyasının əməkdaşı Gülsel Səfərova veto hüququndan istifadə edərək, Harutyun Qriqoryanın çıxışını kəsib və “Artsax” adlı bir ölkənin mövcud olmadığını, həmin ərazilərin Azərbaycana məxsus işğal olunmuş Dağlıq Qarabağ torpaqları olduğunu diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin etirazı ATƏT rəhbərliyi tərəfindən qəbul olunub və separatçı rejim nümayəndəsinin çıxışı dayandırılıb. Daha sonra çıxış edən Ermənistanın ATƏT-dəki daimi nümayəndəliyinin müavini David Knyazyan Cənubi Qafqazda sərbəst hərəkət azadlığı haqqında danışıb və rəsmi Bakının və Ankaranın ünvanına böhtan xarakterli fikirlər səsləndirib.
David Knyazyan iddia edib ki, Ermənistan hazırda Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınıb. Ötən gün Bakıda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə diqqət çəkən erməni səfir bundan narahatlığını açıq şəkildə ifadə edib.
Əsas gərginlik bundan sonra yaşanıb. Ermənistan səfirindən sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov “Cənubi Qafqazda fundamental azadlıqlar və milli insan haqları təşkilatları” barədə çıxışa başlayanda Ermənistan səfiri David Knyazyan veto hüququndan istifadə edərək, Əhməd Şahidovun çıxışının qarşının alınmasını istəyib. Səbəb kimi azərbaycanlı hüquq müdafiəçisinin digər həmkarlarından fərqli olaraq, son illər ATƏT-in toplantılarında Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırdığı və Ermənistanın ünvanına tənqidlər səsləndirdiyini deyən erməni diplomatın vetosu tutarlı qəbul olunmayıb və söz yenidən Əhməd Şahidova verilib.
Hüquq müdafiəçisi Əhməd Şahidov çıxışında ATƏT-in baza prinsiplərindən söz açıb və separatçı rejim nümayəndələrinin bucür beynəlxalq tədbirlərdə iştirakının yolverilməz olduğunu bildirib və bunun ATƏT-in fundamental prinsiplərinə, eləcə də ölkələrin ərazi bütövlüyünə zidd olduğunu diqqətə çatdırıb. Daha sonra Ermənistan səfirinin fikirlərinə cavab verən Əhməd Şahidov Azərbaycanın multikultural ölkə olduğunu, bütün xalqların, o cümlədən də ermənilərin Azərbaycanda rahat şəkildə yaşadıqlarını xüsusi vurğulayıb. Dağlıq Qarabağın və digər işğal olunmuş torpaqların Azərbaycan ərazisi olduğunu bir daha diqqətə çatdıran hüquq müdafiəçisi zalda əyləşən 57 ölkənin nümayəndələrini və diplomatları BMT-nin məlum qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb:
“Məndən öncə çıxış edən və özünü qondarma separatçı rejimin nümayəndəsi kimi təqdim edən Harutyun Qriqoryanın fikirlərinə münasibət bildirmək istəyirəm ki, Dağlıq Qarabağ və digər işğal olunmuş torpaqlar Azərbaycan Respublikasının əraziləridir. Və buradan ATƏTKatibliyinə də müraciət edirəm ki, bu kimi separatçı rejimləri təmsil edən şəxslərin tədbirlərdə iştirakının qeydiyyata alınması yolverilməzdir. Burada əyləşən hər kəsdən tələb edirəm ki, BMT-nin məlum qətnamələrinə, ATƏT-in təməl prinsiplərinə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşılsın”.Azərbaycanlı hüquq müdafiəçisinin bu çıxışından sonra separatçı rejimin nümayəndəsi Harutyun Qriqoryan zaldan çıxarılıb.

Bu xəbər oxundu
- - -