Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı bu beynəlxalq quruma üzv olarsa...

19.09.18, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vahid Əhmədov: “Azərbaycanın inkişafına və iqtisadiyyatına müsbət təsir edəcək”

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi nüfuzlu quruma üzvlük Azərbaycanın inkişafına və iqtisadiyyatına müsbət təsir edəcək.
Bu sözləri Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili hesab edir ki, ŞƏT-lə iqtisadi əlaqələri genişləndirmək Azərbaycan üçün əhəmiyyətlidir:
“ŞƏT böyük bir təşkilatdır və orada Rusiya, Çin, Pakistan kimi iri dövlətlər yer alır. Belə bir nüfuzlu təşkilata üzvlük və orada yer alan dövlətlərlə sıx iqtisadi əlaqələr qurmaq Azərbaycanın inkişafına və iqtisadiyyatına müsbət təsir edəcək. Azərbaycan bu təşkilatda iştirakdan yalnız xeyir götürə bilər. ŞƏT iqtisadi əməkdaşlıq təşkilatıdır, ölkəmizə mənfi təsiri ola bilməz. Azərbaycan ikitərəfli əlaqələri daim inkişaf etdirir, müqavilələr bağlayır. ŞƏT kimi çoxtərəfli bir təşkilatın yaradılması, orada iri dövlətlərin yer alması, getdikcə təşkilata marağın artması və Azərbaycanın da orada hələlik müşahidəçi statusunda iştirak etməsi mühüm haldır”.
Millət vəkili bildirib ki, Azərbaycanın təşkilata üzvlüyü gələcəkdə ölkəmizə xeyir gətirəcək:
“Çünki təşkilat çərçivəsində müəyyən iri beynəlxalq layihələr həyata keçirilə bilər. Bilirsiniz ki, Azərbaycan da regionla bağlı bütün beynəlxalq layihələrdə iştirak edir. Bakı yeni bölgə layihələrindən əlavə divident götürə bilər. Rusiya və Çinlə iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Bu təşkilatda həmin ölkələrdə eyni sırada olmaq ölkəmizə yeni imkanlar aça bilər”.
Qeyd edək ki, ŞƏT-in baş katibi Rəşid Alimov Çində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşündə Azərbaycanın müşahidəçi ölkə statusu alması ilə bağlı müraciətinə baxılacağını bildirib.
Azərbaycan dialoq üzrə tərəfdaş kimi təşkilata qoşulma prosesini 2016-cı ildə başa çatdırıb.
Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Hindistan təşkilatın tam hüquqlu, İran, Belarus, Monqolustan və Əfqanıstan isə müşahidəçi statuslu üzvləridir.

Bu xəbər oxundu
- - -